Ölkə 18:29 30.06.2022

"Ana bizi qucaqlayanda onun sevgisini hiss edirik" - "Uşaqlara 40+ sual”

Uşaqlar heç vaxt bizim düşündüklərimizi düşünmürlər. Öz dünyaları var. Onlar dünyada sevinir, oynayır, danışır, gülür.

Biz böyüklər onların çox gördüklərinə görə, hisslərini hiss edə bilmirik.

Bəzən düşünürük, axı uşaqlar nə istəyir? 

"Uşaqlara 40+ sual” layihəsində o suallara cavab tapmağa, bir uşağın dünyasına girməyə və oradan dünyamıza baxmağa çalışacağıq. 

Qaynarinfo-nun "Uşaqlara 40+ sual" layihəsinin budəfəki müsahibləri Bakı şəhəri 12 saylı məktəbin 3-cü sinif şagirdləri Banu Behbudova və Çingiz Behbuddur.

 
- Özünüzü təqdim edə bilərsiz?
- Bəli. Mənim adım Banudu. Üçüncü sinfə keçirəm.
- Mənim adım Çingizdi. Mən də üçüncü sinfə keçirəm.

- Hansı məktəbdə oxuyursunuz?
- 14 nömrəli məktəbdə oxuyuruq. 

- Biz niyə burdayıq?
- Bizdən müsahibə götürürsüz. (Banu)

- Nə düşünürsüz, maraqlı olacaq?
- Bəli.

- Başlayaq o zaman?
- Bəli.

- Düşünün ki, bu an istədiyiniz, xəyal etdiyiniz bir şey gerçək olacaq. Nə olmasını isdəyərdiniz?
- Mən memar olmaq istəyərdim. (Banu)

- Elə bu anda memar olmaq istəyirsən? Niyə?
- Şəkil çəkirlər, maraqlıdır.

- Çingiz, bəs sən? Nəyin gerçək olmasını istəyərdin bu an?
- Polis.

- Polis sənin seçdiyin ixtisasdı, amma mən sizdən soruşuram ki, bu an istədiyiniz bir şeyin mümkün olacağını düşün. Nə olmasını istəyərdin?
- Mən maşın sürmək istəyərdim. (Çingiz)

- Bəs sən?
- Hər şey pulsuz olsun. (Banu)

- Niyə pulsuz olsun hər şey?
- Maraqlıdır o.

- Niyə maraqlı olacaq?
- Nə istəyirsən götürə bilərsən. (Banu)

- Sən nə istəyirsən? 
- Texnika mağazası olsun istəyirəm. (Banu)

- Bəs sən niyə maşın sürmək istəyirsən?
- Çünki maşınlar tez gedir. Həm maraqlıdı maşın sürmək. (Çingiz)

- Hansı maşınlardan xoşun gəlir?
- BMW və "Ferrari".

- Niyə?
- Çünki onların təkərləri qəşəngdi, rolu qəşəngdi. Sürətli gedirlər.

- Ana sizi qucaqlayanda nə hiss edirsiz?
- Ananın sevgisini. (Çingiz)
- Mən də. (Banu)

- Bəs necə düşünürsüz, ana sizi qucaqlayanda nə hiss edir? 
- O da bizim sevgimizi. (Çingiz)

- Ana sizə hirslənir?
- Bəli.

- Niyə hirslənir?
- Dalaşmayın deyir.

- Siz niyə dalaşırsız?
- Bizdə planşet bir dənədi, həmişə dalaşırıq ki, mən birinci baxacam. (Banu)

- Kim baxır axırda birinci?
- Banu baxır.

- Ana hirslənəndə sizə nə deyir?
- Dalaşmayın, ataya zəng vurub deyəcəm. (Banu)

-  Siz evdə ən çox kimdən qorxursuz?
- Atadan.

- Ata ən çox niyə hirslənir sizə?
- Biz dalaşanda hirslənir.

- Bəs ana sizi sevəndə hansı sözləri deyir? 
- Ana məni sevəndə deyir ki, mənim qəşəng oğlum, gözəl oğlum. Dünyada ən qəşəng oğlum. (Çingiz)
- Dünyada bir dənəm deyir. (Banu)

- Sizcə ana-ata hansınızı daha çox istəyir?
- İkimizi də.

- Məktəb nədir?
- Orda uşaqlar oxuyur. (Banu)

- Nə üçün oxuyur orda uşaqlar?
- Ağıllı olmaq üçün. Böyüyəndə kiminsə həyətini süpürməsin. Yaxşı yerdə işləsin.

- Böyümək nə deməkdir?
- Böyüyəndə elə bil ki, özünə sənət seçirsən. İşləyib pul qazanırsan. (Banu)
- Maşın sürürsən. (Çingiz)

- Bəs böyüklər nə istəyir?
- Sakitçilik olsun.

- Niyə sakitçilik istəyir böyüklər?
- Çünki başları ağrayır onların. (Çingiz)

- Siz böyüyəndə hansı sənətin sahibi olmaq istəyirsiz?
- Mən memar. (Banu)

- Bəs sən nə olmaq istəyirsən?
- Polis. (Çingiz)

- Niyə?
Çünki, oğruları tuturlar. Adamları qoruyurlar. (Çingiz)

- Bəs ata-ana nə deyir sizin bu ixtisasları seçməyinizə?
- Məni atam qoymur polis olam. (Çingiz)
- Ancaq atam mənə deyir ki, qızım memar olub, özünə karyera quracaq. (Banu)

- Bəs ata nə olmağını istəyir?
- Bilmirəm, ancaq deyir polis olma. (Çingiz)

- İnsanlar niyə işləyir?
- Pul qazanmaq, ailəsini qorumaq, saxlamaq üçün. Ailəsi nə istəyir onu almaq üçün...

- Siz bilirsiz yardım eləmək nədi?
- Adamları pis vaxtda qorumaq.

- Biz ən çox kimlərə kömək eləmək istəyirik?
- Mən Afrikaya kömək etmək istəyirəm. (Banu)

- Bəs sən?
- Mən də evsiz olan adamlara.

- Möcüzə nədir?
- Elə bil qəfili nəsə olacaq.

- Bax Banuya desələr bir teatr oynunda sənə rol verəcəklər. Hansı rolu oynamaq istəyirsən?
- Prenses olmaq istəyirəm.

- Niyə?
- Çünki qəşəngdir.

- Fotoqraf olsaydınız, nəyin şəklini çəkərdiniz?
- Mən maşınların. (Çingiz)

- Sən ancaq maşınlar deyirsən. Sənin maşınlardan başqa bir arzun yoxdu?
- Var.

- Nədir?
- Məktəbdə əlaçı olum. (Çingiz)

- Sizin doğum günləriniz nə vaxtdır?
- Mənim mayın 24-ü. (Banu)
- Mənim martın 23-ü. (Çingiz)

- Doğum günündə nə hədiyyə olmasını isdərdiz?
- Mənim playstation. (Çingiz)
- Mənim sageway. (Banu)

- Birdən ata-ana və ya dostlarınız doğum günlərinizi unudub sizə hədiyyə hazırlamasalar...?
- Küsərdim. (Banu)
- Mən küsməzdim. (Çingiz)

- Niyə?
- Çünki ad gününün nə vaxt olması hamının yadından çıxa bilər. (Çingiz)

- Bəs sizi ən çox nə narahat edir?
- Anam məni səhər tezdən yuxudan oyadanda. (Banu)

- Niyə?
- Bu gün salona getmişik, ona görə tezdən oyadıb çimizdirib.

- Bəs səndə?
- Məndə pis yuxu görəndə. (Çingiz)

- Nə görmüsən axırıncı dəfə?
- Qorxulu adam var idi, pəncərədən baxırdı.

- Dostunuz var?
- Bəli, Mir Altay. 

- Bəs sənin?
- Məktəbdə?

- Fərqi yoxdu, məktəbdə, həyatda...
- Birilyant, Emilya, Nərmin.

- Siz onlarla niyə dost olmusunuz?
- Çünki yaxşı dostdular.

- Səncə, niyə yaxşıdılar?
- Elə bil ki, qələmi evdə yadımdan çıxardanda, verirlər.(Banu)
- Mənim də dostumun saçı uzundu, qəşəngdi. (Çingiz)

- Dostlarınızla nəyi paylaşarsınız?
- Yeməyi, suyu, qələmi.

- Bəs pulunuzu?
- Paylaşardıq. 

- Yay tətilində nə eləmək istəyirsiz?
- Dənizə getmək. "Aqua park"a getmək, dondurma yemək.

- Mən sizdən qabaq bütün uşaqlardan soruşmuşam yay tətiləndə nə etmək isdəyirsən, hamsıda eyni cavab verib ki, dənizə getmək. Sizcə uşaqlar niyə dənizə getmək isdəyir?
- Çünki, orda çimirlər, oynayırlar. Atalarının belinə çıxıb hoppanırlar.

- Hansı oyunları oynayırsız?
- Telefonda olan oyunları oynayırıq. (Çingiz)

- Yox telefonda demirəm, həyatda deyirəm.
- Kart, şaşki, şahmat. Kart oynayanda həmişə mən uduram. O uduzur. (Banu)

- Əgər öz paltarlarını özün dizayn etmiş olsaydın, ona hansı bəzəkləri vurardın?
- İstəyirəm, bənövşəyi, qara rəng qarışıq olsun. (Banu)
- Mən də istəyirəm ağ-qara rəng qarışıq olsun. Bir də oyun adları olsun üstündə.

- Sizin canınızı nə sıxa bilər?
- Sakitçilik olmayanda. (Çingiz)

- Bəs sənin?
- Elə mənim də. (Banu)

- Evinizdə ən çox hansı əşyaları sevirsiz?
- Maşınlarımı. (Çingiz)

- Bəs sən?
- Mən hələ ki, bilmirəm. Leqo qurmağı sevirəm. Leqonu xoşluyuram. (Banu)

- Biz yeməksiz nə qədər qala bilərik? Təxmininiz var?
- Bir gün.
 


- Uşaqlar, həyat nədir?
- Yaşamaq.

- Biz niyə yaşayırıq? 
- Hər şeyi görmək üçün. (Banu)

- Bəs vətən nədir?
- Vətən bizim ölkəmizdir. (Banu)

- Bəs ağlamaq nədir?
- Adamlar pis olanda ağlayır.

- Adam niyə pis olur?
- Adamlar öləndə pis olur, qışqıranda, küsəndə...

- İnsanlar ən çox niyə ağlayır?
- Elə bilki, kimsə öləndə..

- Ölmək dedin. Ölmək nədir ki?
- Ölmək, Allah birinci doğulanda yaş verir adama. Sonra ölür.

- Bəs qocalıq nədir?
- Qoca çox yaşamısan, qoca olmusan.

- Biz qocalara kömək eləməliyik?
- Bəli. Çünki onlar qocadır. Yavaş-yavaş görmürlər, gəzə bilmirlər. (Çingiz)

- Bəs gülmək nədir?
- Sevinəndə gülürük.

- Bu gün nəyə gülmüsünüz?
- Mən heç nəyə. (Çingiz)
- Mən indi güldüm. (Banu)

- Ağaclar bizi eşidir?
- Bəli. (Çingiz)
- Ağaclar? (Banu)

- Hə. Səncə, bizi eşidir?
- Yox. (Banu)

- Dəniz niyə mavidi?
- Çünki çox su yığılır.

- Bəs yağış necə yaranır?
- Buludlar bir-birinə birləşəndə yağış yağır. Şimşək çaxır. (Banu)

- Dünyada su olmasa necə olardı?
- Adam yaşaya bilməzdi. (Çingiz)
- Nəfəs ala bilməzdik. Ağaclar olmasa, biz nəfəs ala bilmərik. (Banu)

- Bax krantdan su əvəzi başqa şey axır. Nəyin axmağını istəyərdiniz?
- Konfetlər. (Banu)

- Bəs sən?
- Maşınlar. (Çingiz)
- Bu ən çox maşınları sevir. (Banu)

- Ən böyük arzunuz nədir?
- Böyüməkdir. (Çingiz)
- Mən memar olmaq istəyirəm. (Banu)

- Niyə? Maşınlara görə?
- Yox. İş sahibi olmaq üçün. (Çingiz)

- Bax böyüdün. Ata sənə deyir ki, icazə vermirəm sənə maşın sürməyə, onda nə edəcəksən?
- Özümə maşın alacam. (Çingiz)

- Bəs ata sənə maşın sürməyə icazə verməyəcək...
- Onda ataya alacağam.

- Sən bilirsən əsgərlik nədir?
- Orda ermənilərlə necə dalaşmağı, onlar gələndə necə hücum etmək lazım olduğunu öyrədirlər. (Çingiz)

- Uşaqlar, başqa birinin yerinə keçmək mümkün olsaydı, kimin yerinə keçmək istəyərdiniz?
- Mən xalamın. (Banu)

- Xalanın niyə?
- Onun saçları uzundu.
- Mən atamın yerinə keçmək istəyirəm.

- Sən niyə?
- İşin sahibi olum, maşın sürüm.

- Bəs musiqi alətlərini sevirsiz?
- Bəli.

- Hansıları? Hansıların adını bilirsiz?
- Mən piano və gitara... (Banu)
- Mən skripka və gitara. (Çingiz)

- Musiqi və ya idmanla məşğul olursunuz?
- İstəyirdim əvvəllər, atam qoymadı. Atam deyirdi ki, onsuz da getsən, mən sənə elektron piano alacam. Sonra da başımı fırlatdı ki, rəsmə gedərsən. (Banu)
- Atam mənə dedi səni ciu-citsuya qoyacağam. (Çingiz)

- Niyə? 
- Atam dedi ki, idman elə, güclü ol.

- Səhər valideynləriniz ilə eləmək istədiyiniz nəsə var?
- Vaxt keçirtmək, parka getmək...

- Bayaq ana sizə dedi ki, burdan çıxanda sizi aparacaq. Hara aparacaq?
- "MC Donalds"a.

- Yəni burda yaxşı danışsanız, sizi aparacaq?
- Bəli.

- Necə deyib ana?
- Yaxşı danışsanız, sizə surpriz olacaq, "MC Donalds"a aparacağam.

- Bəs sizcə, siz yaxşı danışdız, ya pis?
- Düşünürəm ki, mən yaxşı danışdım.
- Mən də.

Bəs mən çıxıb desəm ki, yaxşı danışmadılar onda necə?
- Ana aparmayacaq. 

- Bəs onda siz nə edəcəksiniz?
- Gedəciyik evə, telefona baxacağıq.

- Bəs onda ana sizi danlamayacaq? Deməyəcək ki, orda niyə danışmadınız?
- Deyəcək. (Banu)
- Deyəcək ki, niyə danışmadız, niyə pis danışdız? (Çingiz)

- Bəs ata nə deyəcək?
- Ata heç nə. Ata həmişə kafedə oturur. Heç dünyadan xəbəri yoxdu.

- Bura gəldiyinizi bilir ata?
- Hə.

- Nə dedi?
- Yaxşı cavab verin.(Banu)

- Anadan nə istəyirsiniz?
- 24 saat hə desin. (Çingiz)

- Nəyə hə desin?
- Nə istəyirik, ona hə desin.

- Ana sizə 24 saat hə desə, siz nə istəyərsiniz?
- Mən schooter istəyərdim. (Banu)

- Özünüzün bir mağazanız olsaydı, orda nə satarsız?
- Mən oyuncaqlar. (Çingiz)

- Bəs sən?
- Leqolar. (Banu)

- Dünya nədir?
- Orda adamlar yaşayır. Maşınlar var. Evlər, ailələr, uşaqlar var. 

- Bir evdə insanlar niyə dalaşır bir-biri ilə?
- Ana deyir pul ver mənə, ata da deyir ki, ala 5 manatı götür. Çünki ata anaya pul vermir.
 
Günay İlqarqızı