Xəbər lenti

Ana şeiri yaza bilməyən şairlər
Orxan Saffari
Sənət 14:33 23.05.2022

Ana şeiri yaza bilməyən şairlər

İndiyədək Azərbaycan dilinə tərcümə olunmuş bir xeyli "Ana" haqqında şeir oxumuşam, hamısı bir-birindən fərqli, maraqlı. Di gəl, bu qədər istedadlı xalq olaq, amma anamıza düzəməlli bir şeir yaza bilməyək. Elə ataya da. Valideynləri ayırmaq lazım deyil, sadəcə, ilk dəfə şeir yazanda anaya yazır deyə indi ananı deyirəm. Lap adam istəyir desin ki, xaricilər anasını bizdən daha çox istəyir. 

Manaf Ağayev "Ana muğam"ı oxuyanda, anam gözümdən düşür. (Kəramət Böyükçöl) 

Konkret bir şair olmasa da, elə anaya yazılan şeirlər az qala anaları gözdən salır. İlahi, adamlar, üzr istəyirəm, şairlər nə qədər mənasız ana şeirləri yazırlar ? Niyə, nə səbəbə, kimə lazımdı? Heç o şeirlər yazıq anaların özünə də lazım deyil. Yazıq qadınlar əlacsızlıqdan deyir ki, qəşəngdi, çox sağ ol. Ümumiyyətlə, azərbaycanlı şairlərin şeirlərində analar hamısı eyni cürdür, eyni şeyi edir. 

Diqqət edin, aşağı-yuxarı bütün şeirlərdə analar səhərə kimi yatmır, beşiyin başında layla çalır. Mən demirəm ki, bu proses belə deyil, analar başın atıb yatır, uşaq da zıbarıb qalır orda. Söhbət bunun həqiqət olmasından yox, həqiqəti məhz bu cür çatdırmaqdan gedir. Primitiv, şablon, olduğundan da pis. 

Şairlik həm də, hamının gördüyü və bildiyini fərqli formada çatdırmaqdır. Bəs, niyə bizim şairlər bu mövzuda bunu bacara bilmir? Məsələn, şeirdə ana sevgisini ananın məhz səhərə qədər oyaq yox, yatan yerdə vermək lazımdır. Ana yatır, uşaq ağlayır, ana əsəbi halda durub, amma uşağa süd verəndə, altını dəyişəndə bəşəri bir sevgi olur, bax onu. 

Yaxud da, ananın yoxluğunu ifadə eləmək məsələsi. Aşağı-yuxarı bu da eyni primitivlikdədir. Sən gedəndən məhv olmuşam, dünya mənə dardı, sənsiz heç nə edə bilmirəm kimi. Məsələn, ananın yoxluğunu bu cür vermək olar; 

- "Çoxdandı təmizlənmir atamın külqabısı
Anam üçün darıxıram..." 

Bizdə ana haqqında o qədər şeir yoxdu ki, yadıma da düşmür ki, bəlkə bu? 

Şamxal Rüstəmin bu şeirini deyə bilərik amma; 

Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz
Xata hər ömrı gəlməz, bəla hər başı tutmaz
Süd əmmişəm döşündən, ana qarğışı tutmaz
Bircə biləydim məni kimin qarğışı tutdu. 

Dediyim məsələləri ifadə edən mövzu olmasa da, mahiyyət gözəldir. Bu qədər. Ağlıma başqa heç nə gəlmir, amma onlarla ana şeiri bilirəm. Çünki hamısı dediyim eynilikdədir. 

İkinci bir məsələ isə ana ilə sevgilinin müqayisəsidir. Bu, ümumiyyətlə biabırçılıqdır bizdə. Heç nahaq dedim, toxumdum bu hissəyə. Əlim də gəlmir siləm. Sevgilinin ananın atılan dırnaq olmaması, onu əvəz etməməsi, anasını sevgiliyə deyişməməsi. Nə qədər mənasızlıq, məzmunsuzluqdan əziyyət çəkməkdir bu. 

Həqiqəti hamının bildiyi formada demək tribunalıqdır. Tribuna şeiri isə hər zaman keçərli deyil. 

Ananızı və şeiri sevin.

Orxan Saffari

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->