10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Rusiya sülhməramlılarının əhatəsində özünü güvəndə hiss edən Dağlıq Qarabağdaki separatçıların "rəhbəri" Araik Arutunyan özü kimi terrorçuları Xankəndiyə toplamağa davam edir.
Qaynarinfo-nun modern.az-a istinadən məlumatına görə, Araik Arutunyan bu gün sosial şəbəkədə yazdığı xəbərdə bildirib ki, Vitali Balasanyanı Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin "Təhlükəsizlik Şurasının katibi” postuna təyin edib.
Araik Arutunyan Mane Vanya Tandilyan adlı erməni qadını isə Dağlıq Qarabağ separatçılarının "əmək, sosial məsələlər və mənzil naziri” vəzifəsinə gətirib.
Xatırladaq ki, əslən Əsgərandan olan Vitali Balasanyan Azərbaycan torpaqlarının işğalında fəal iştirak edib. O, Qarabağdakı soyqırımı cinayətlərinin ən qatı iştirakçılarındandır. Dağlıq Qarabağda separatçıların "diviziya komandiri”, "müdafiə nazirinin müavini” olub.
Görünən odur ki, Araik Arutunyan Azərbaycan Ordusunun Qarabağdakı işğalçılara verdiyi dərsdən hələ ki nəticə çıxarmayıb.
Şərhlər