"ARB Media Qrup”un tərkibinə daxil olan "ARB 24” televiziyasının fəaliyyətə başlamasından 8 il ötür.
Kanal 2010-cu il iyunun 1-də Tovuzda "Türkel TV” brendi ilə yayıma start verib. Telekanal 2013-cü ilin noyabrından etibarən tamaşaçıların önünə fərqli formada çıxıb. Televiziya 2014-ci il aprelindən isə xəbər buraxılışlarını hər yarım saatdan bir təqdim etməyə başlayıb.
Qısa zaman kəsiyində bir sıra uğurlara imza atan kanal 2016-cı ilin sentyabr ayından "ARB 24” adı ilə fəaliyyətini davam etdirir. Cəbhə bölgəsinə yaxın məsafədə yerləşən kanalın məqsədi dünyanı, beynəlxalq ictimaiyyəti Azərbaycan həqiqətləri ilə məlumatlandırmaq, işğal olan ərazilər haqqında dəqiq məlumat verməkdir. Bundan əlavə, izləyicilərə informasiya xarakterli proqramlar təklif etmək, maarifləndirmək və yüksək mənəvi zövq formalaşdırmaqdır.
Mehriban, vahid bir ailə olan "ARB 24” kollektivi əsasən gənclərdən ibarətdir. Bu da, öz növbəsində, bir televiziya şirkəti üçün çox vacib olan bitib-tükənmək bilməyən yeni ideyalar, möhtəşəm layihələr deməkdir. "Sizin xəbər kanalınız” devizi ilə milyonlar qarşısına çıxan "ARB 24” qısa müddətdə qarşıya qoyduğu hədəflərə nail olub. Kanal müasir avadanlıq və yeni rəqəmsal yayımla təchiz olunub.
"ARB 24" Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış xəbər kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə keçirilən müsabiqədə qalib gəlib. Digər iddiaçılarla müsabiqədə daha üstün yaradıcılıq imkanlarına, münasib maddi texniki bazaya və peşəkar kadr potensialına malik olan "Türkel TV MMC”yə ümumrespublika televiziya yayını kanalının açılması üçün müddətsiz lisenziya verilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər