Özbəkistan Dövlət Musiqili Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan” musiqili komediyasının özbək dilində yeni aktyor heyəti tərəfindən hazırlanmış tamaşası nümayiş olunub.
Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşanın təqdimatında Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri və jurnalistlər iştirak ediblər.
Tamaşanın rejissoru, Əməkdar İncəsənət Xadimi Əhəd Farmonovdur. Əsas rolları Aman Yuldaşev, Dilarom Abdualimova, Nargiza Şaxobova, Musallam Dadajonova, Marifat Artikova ifa edib.
Bu əsər 100 ildən çoxdur ki, Orta Asiyanın müxtəlif teatrlarında tamaşaya qoyulur və həmişə də anşlaqla keçir. "Arşın mal alan” Özbəkistanda ilk dəfə 1919-cu ildə Daşkənddəki "Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.
1922-ci ildə bu əsərə Daşkəndin "Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar səhnə həyatı veriblər. Tamaşa sonrakı illərdə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində teatrsevərlərə təqdim edilib. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrı "Arşın mal alan”ı rus dilində tamaşaya hazırlayıb.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin bu ölməz əsəri 76 ölkənin 187 teatrında səhnələşdirilib. 1945-ci ildə çəkilən "Arşın mal alan” filmi isə 136 ölkədə nümayiş etdirilib.
Şərhlər