Hüseynbala Səlimov
Siyasət 11:03 19.10.2020

Artıq rusları da inandıra bilmirlər…

Hüseynbala Səlimov


Görəsən həqiqətlə yalan arasındakı sərhəd haradadır? Etiraf edirləm ki, hər dəfə erməni siyasətçilərinin və diplomatlarının bəyanatlarını dinləyəndə, başabəla erməni yazarlarının uydurmalarını oxuyanda ilk olaraq beynimizdən bu sual keçir, hərçənd, artıq bəzi şeylərə alışmaq vaxtıdır, çünki erməni yalanlarının tarixi on illərlə ölçülmür, bəlkə burada "yüz illərlə ölçülür” demək daha düzgün olardı.


Eyni proses bu gün də baş verir. Erməni liderləri, onlara yaxın əcnəbi nəşrlər və ya KİV-lər yorulmadan azəri-türk hərbi tandemi, "Suriya döyüşçüləri” və hansısa Turan, hətta türk NATO-su haqqında yazır və danışırlar.


Bu uydurmaların mənşəyini ilk olaraq erməni şüurunun ən dərin psixoloji qatlarında axtarmaq lazımdır. Bu xalq açıq–aşkar, ruslar demiş, "maniya veliçiya”dan, yəni böyüklük iddiasından əziyyət çəkir...


Əks təqdirdə bu cırtdan xalq hansısa "böyük Ermənistan” haqqında sayıqlamazdı. Biz hələ ermənilərin xüsusi, seçilmiş bir xalq olması ilə bağlı yalanları – uydurmaları demirik.


Bu adamlar hətta cəbhədəki hərbi uğursuzluqlarını belə obyektiv bir şəkildə anlamaq, təhlil etmək gücündə deyil – yox, bunlar Türkiyənin münaqişədə iştirakıyla, Suriya döyüşçülərilə bağlı uydurmalar yaymağa daha çox meyl göstərirlər. Bəs səbəb nədir?


Məsələ bundadır ki, otuz il ərzində bunların beyninə yeridilib ki, guya erməni ordusu çox güclü ordudur, guya ki, azərbaycanlılar ümumiyətlə vuruşa bilmirlər və s. Hətta bunların baş naziri xalqa müraciətində deyir ki, guya Azərbaycan ordusu təkbətək DQR–in "ordusu” ilə bacarmazdı və guya azərbaycanlılara bu gücü verən Türkiyədir!..


Məgər bütün bunlar şizofreniyanın və ya böyüklük iddiasının əlaməti və təzahürü deyilmi?


Təsəvvür edin, guya bizim ordumuz, bəli, on milyonluq bir xalqın ordusu, büdcəsi Ermənistanın da, DQR-nın da ümumi büdcəsindən dəfələrlə böyük olan bir ölkənin ordusu oradan-buradan gəlib Dağlıq Qarabağa yığışan bir dəstə oğru-quldurla, başkəsənlə bacarmaq gücündə deyil!..


İndi isə Suriya döyüşçüləri haqqında. Biz bu sətirləri yazarkən müharibənin iyirmi birinci günü idi. Təsəvvür edin, bu müddət ərzində ermənilər öz "ittiham”larını sübut edə biləcək, müharibədə Türkiyənin və ya Suriya döyüşçülərinin iştirakını təsdiq edəcək bir dəlil belə təqdim etməyiblər!

 

Qeyd edək ki, artıq Rusiya saytları, nəşrləri belə öz sevimli "forpost”larının, yalançı, riyakar mkrtçlar məmləkətinin uydurmalarına şübhə etməyə və bütün bunlara böyük tərəddüdlə yanaşmağa başlayıblar.


Biz "Suriya döyüşçüləri” haqqındakı nağılı da ermənilərin "böyüklük iddiasıyla” izah edərdik. Onlar başa düşmür ki, əgər Türkiyənin ordusu bizim tərəfimizdə vuruşsaydı, bircə həftə ərzində nəinki bütün Qarabağı, hətta Ermənistanı alardıq, çünki qardaş Türkiyə ordusu təkcə adi qoşunlarla deyil, terroruçularla vuruşmaq sahəsində də böyük təcrübəyə malikdir.


"Suriya döyüşçüləri” haqqında düşünəndə bizim yadımıza İŞİD və yaxud da ən yaxşı halda PPK və digər kürd hərbi birləşmələri düşür. İndi özünüz bir suala cavab verməyə çalışın: "Doğrudanmı İŞİD və ya kürd hərbi birləşmələri Azərbaycan türklərinin tərəfində vuruşar?” Razılaşın ki, bu, tamam absurddur. Qoy, ermənilər ağlabatan bir şey uydursunlar – axı yalan da bir az "inandırcı” olmalıdır.


Bu günlərdə telekanallarımızdan birindəki tele-debatlar zamanı bir deputatımız bu cür iddialara çox orijinal cavab verdi. O, dedi: "Ola bilsin, Azərbaycanda da Suriya döyüşçüləri var, amma həbsxanada, çünki bizim ölkəmizdə İŞİD, PKK və digər təşkilatlar qanundankənar, cinayətkar təşkilatlar elan olunublar. Bu adamlar, hətta azərbaycanlı olsalar belə, bura ayaq basan kimi həbs edilirlər!”


Düşünürük ki, gözəl deyilib və necə deyərlər, izafi şərhə ehtiyac yoxdur. Amma bircə detalı qeyd edək: bu ölkədə on illərlə ən müxtəlif etnik və dini qrupların təmsilçilərinin birgə, dinc yanaşmasının özü bir daha təsdiq edir ki, bu ölkədə dini fanatlara, hansısa radikallara heç vaxt yer olmayıb, indi yoxdur və bundan sonra da olmayacaq!