Arxeoloq:

Arxeoloq: "Ermənilərin işğal altındakı Azərbaycan torpaqlarında qazıntı işləri aparmasının heç bir hüquqi əsası yoxdur" (RƏY)

"Azərbaycanın işğal altında olan torpaqlarında ermənilər tərəfindən arxeoloji qazıntılar aparılması tamamilə qanunsuzdur. Çünki bu torpaqlar Azərbaycanındır və Azərbaycanın torpaqlarında istənilən arxeoloji qazıntı və tədqiqat işləri yalnız icazə əsasında aparılır".

Bunu "Report"a açıqlamasında tarix elmləri doktoru, professor, arxeoloq Hidayət Cəfərov Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin "rəhbərliyi" tərəfindən işğal edilmiş Ağdam rayonunda aparılan qanunsuz arxeoloji qazıntılara münasibət bildirərkən deyib.

Tarixçi alim bildirib ki, ümumiyyətlə, ermənilərin Qarabağ ərazisində arxeoloji işləri aparması qanunsuzdur, təxribatdır və bunun heç bir qanuni, hüquqi əsası yoxdur: "Çünki bu ərazilər bütün dünya tərəfindən Azərbaycanın tarixi torpaqları kimi tanınıb. Heç kəs bu əraziləri erməni əraziləri kimi tanımır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, heç bir kəsin ixtiyarı yoxdur ki, işğal olunmuş torpaqlarda arxeoloji qazıntı işləri aparsın. Buna ermənilərin hüquqi əsasları yoxdur. Ermənilər gedib İrəvanda qazıntı işləri aparsınlar (Hərçənd ki, İrəvan ərazisi tarixi Azərbaycan torpaqlarıdır - H.C). Ona görə də hesab edirəm ki, ermənilərin Ağdamda qazıntı işləri aparması təxribatdır. Onlar həm də Xocalıda, Şuşada və digər yerlərdə qazıntı işləri aparırlar". 

Professor vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində arxeoloji qazıntı işlərinin aparılması üçün erməni diasporu külli miqdarda vəsait xərcləyir: "Ermənilər işğal olunmuş torpaqlarda arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələrini öz bildikləri kimi istifadə edir, öz bildikləri yerlərə aparır. Çünki onlara bu işləri görmək üçün külli miqdarda vəsait buraxılıb. Amma, təbii ki, orada tapılan bütün maddi-mədəniyyət nümunələri Azərbaycan xalqına məxsusdur. Onların bizim torpaqlarımızda apardığı tədqiqatların nəticəsi isə cəfəngiyyatdır. Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərdə ermənilərin qazıntı işləri aparmasına münasibət bildirib. Biz vaxtilə ermənilərin qanunsuz qazıntı işləri aparması ilə bağlı ATƏT-ə müraciət də etmişik. Ermənilərin isə bu təxribatlarından əl çəkməməsi dünya ictimaiyyətinə meydan oxumaqdır”.

Qeyd edək ki, Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin "rəhbərliyi" işğal edilmiş Ağdam rayonunda qanunsuz arxeoloji qazıntılara başlayıb. Mütəmadi olaraq Dağlıq Qarabağda aparılan arxeoloji qazıntı işlərinin intensiv xarakter alması ilə Ermənistan tarixi abidələrlə bağlı beynəlxalq konvensiyaları kobud şəkildə pozmaqda davam edir. Bu da haqlı olaraq Ermənistanın Azərbaycana qarşı yürütdüyü mədəni terrorun davamı kimi qiymətləndirilir. Eyni zamanda Ağdamda arxeoloji qazıntı işləri zamanı tapılan maddi-mədəniyyət nümunələri Yerevana, antropoloji parçalar isə Avropa ölkələrinə göndərilib. Bu da Azərbaycanın tarixi abidələrinin istismarı deməkdir. Bununla yanaşı, aparılan arxeoloji qazıntı işləri "Silahlı Münaqişə Zamanı Mədəni Abidələrin Mühafizəsi” haqqında Haaqa Konvensiyasına və "Arxeoloji İrsin Qorunması” haqqında Avropa Konvensiyasına ziddir. "Silahlı Münaqişə Zamanı Mədəni Abidələrin Mühafizəsi haqqında” Haaqa Konvensiyasının 5-ci bəndinə əsasən, işğalçı dövlətdən, ələ keçirdiyi ərazilərin mədəni irsinin mühafizə edilməsi tələb edilir. UNESKO-nun "Arxeoloji Qazıntılarda Tətbiq Edilən Beynəlxalq Prinsiplərə Dair Tövsiyə” sənədinin 32-ci bəndində isə hərbi konfliktlər zamanı, işğalçı dövlətin ələ kəçirdiyi ərazilərdə arxeoloji qazıntı işlərindən çəkinməli olduğu qeyd edilib.
XƏBƏRLƏR
BLOGLAR