Xəbər lenti

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”
Ölkə 18:28 22.09.2018

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) erməni-daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb.

Məxfiliyi götürülən həmin sənədlər düşmənin iç üzünü ortaya qoydu. Arxiv materiallarında qeyd olunur ki, 1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycanın tarixi və əzəli torpaqlarının bölünməsi başa çatmadı, əksinə, ərazilərimizin zorla qoparılması prosesi düşmən qüvvələrin himayəsi, təhriki və bilavasitə iştirakı ilə ardıcıl xarakter aldı və davam etdi.
Məxfi arxivlərin açılmasının əhəmiyyəti haqqında Modern.az-a danışan Azərbaycanın sabiq milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər məxfi sənədlərin açılması qaydalarını da izah edib. S. Əkbər diqqətə çatdırıb ki, hər bir demokratik dövlət öz sirləri haqqında qanunlar qəbul edib:

"Azərbaycan qanunvericiliyində də məxfi arxivlər haqqında müddəlar mövcuddur. Dövlət sirlərinin hansı kateqoriyasının nə qədər müddətdən sonra açıla bilməsi haqqında qanunda müddəlar göstərilməlidir. Qeyd etdiyim kimi, belə tənzimləmələr yalnız demokratik ölkələrdə var. Qeyri-demokratik ölkələr isə arxiv materiallarını heç vaxt açımır. Hüquqi dövlətlər insanların informasiya əldə etmək hüququnu nəzərə alıb, məxfi məlumatlara belə açılması üçün müəyyən zaman müddəti qoyur. Zaman müddəti hesablanarkən, əsaslandırılmış, məntiqli və rasional prinsiplər olmalıdır. Burada dövlətin milli, operativ maraqları, arxivlərdə adıçəkilən şəxslərin təhlükəsizliyi, onların və ailə üzvlərinin həyatı, bir çox milli, mənəvi-əxlaqi və psixoloji məsələlər diqqətdə saxlnamlıdır.

Bəzi sənədlər isə açılsa belə, onların bir qisminə gizlilik qoyulur. Məsələn, ABŞ bu yaxıınlarda müəyyən arxiv materiallarını açdı, halbuki sənəddə bəzi şəxslərin adı, ərazilərin qeyd olunduğu hissələr gizlədilmişdi. Arxivlərin açılması prosesində "qızıl orta” tapılmalı, vətəndaşların informasiya almaq hüququ və dövlətin milli maraqları təmin olunmalıdır. Müəyyən olunan "Qızıl orta”da müddət və arxivlərin açılmasının forması, qaydaları dəqiq göstərilməlidir. Cəmiyyət arxivləri ancaq "hansısa agentlərin adlarının qeyd olunduğu sənəd” hesab edir. Reallıq odur ki, məxfi arxivlərdə tək agentlərdən söhbət getmir. Xarici ölkələrin Azərbaycanda apardığı kəşfiyyat, əməliyyat tədbirlərinin, bəzi prosedurları əhatə edən topluların açılmasından söhbət gedir. Xarici dövlətlərin Azərbaycanla bağlı apardığı siyasətin müsbət məqamları da məxfi sənədlərdə əks olunur”.

Arxivlərin açılan hissəsinin tarixi materiallar olduğunu vurğulayan təhlükəsizlik eksperti bu sənədlərin Azərbaycan üçün təhlükə yaratmadığını bildirib:

"Hətta Azərbaycanın xarici siyasət, milli maraqları üçün müsbət məqamlar qeyd olunub. Digər tərəfdən alimlərimizin, eksperetlərimizin elmi araşdırmalar aparması üçün açılan məxfi sənədlər böyük mənbədir”.

Sovet hakimiyyəti illərini və müstəqillik dövründən sonrakı mərhələni əks etdirən arxiv materiallarının açılmasının mümkün olub-olmamasına gəlincə, S. Əkbər Sovet hökumətinin bu dövrə aid arxivləri təmizlədiyini deyib:

"Arxivdə açılası çox məxfi sənədlər var. Həm tarixi araşdırma, həm də cəmiyyətin informasiya əldə etməsi baxımından önəmli məqamlar yer alıb. Kimsə arxivlərin açılması ilə keçmiş SSRİ "KQB”-nə "işləyən” agenturanın adının açıqlanacağını düşünürsə, yanılır.

Çünki 1990-cı ildə 20 yanvar hadisəsi baş verdikdə, Azərbaycanda Milli Azadlıq Hərəkatı canlandıqda Kreml həmin arxivləri təmizlədi. Xüsusi qiymətli agentura haqqında məlumatlar, əməliyyat işləri də məxfi sənədlərdən çıxarılıb. "KQB” agenturası barədə "izlər” isə qalır və onları təqib edərək, araşdırmaçılar müəyyən məqamları üzə çıxara bilərlər.

SSRİ dövrünü əks etdirən bütün arxivlər açılmalıdır. Söhbət işğalçı rejimin Azərbaycanda apardığı işlərdən, qurduğu agentura şəbəkəsindən gedir. Burada heç bir sirr ola bilməz. Azərbaycan xalqı həm işğalçının, həm də ona xidmət edən qüvvələrin kimliyini, fəaliyyətini öyrənməlidir. Belə olarsa, Azərbaycanın milli təhlükəsizlik maraqlarına ancaq müsbət yöndə təsir edər. Arxivlərin bu hissəsinin açılması ilə vətəndaş qarşıdurmasının yaşanacağını düşünüənlər isə səhv edir. Bilərəkdən belə rəy formalaşdırırlar ki, arxivlərdəki bu sənədlər açılmasın”.

S. Əkbər Azərbaycanın müstəqillik dövrünü iki hissəyə ayırıb:

"Birincisi, Azərbaycanın formal müstəqillik dövrü – Kamran Bağırov, Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun hakimiyyətdə olduğu illərdir. Bu müddətdə Moskvadan asılılıq davam edir, Rusiya strateji nəzarəti əlində saxlayırdı. İkinci mərhələ isə Azərbaycanda Milli Azadlıq Hərəkatının qalib gəlməsi,  Əbülfəz Elçibəyin prezident seçilməsindən sonrakı dövrdür. Azərbaycanın formal olaraq, müstəqil sayıldığı birinci mərhələ Sovet hakimiyyətinin davamı olduğuna görə, həmin dövr əks etdirən bütün arxivlər açılmalıdır. Lakin bu çox qısa müddətdir və böyük material yoxdur.

Azərbaycanın həqiqi müstəqillik əldə etdiyi, xüsusi xidmət orqanlarının milli təhlükəsizlik siyasəti apardığı illərə xüsusi yanaşmaq lazımdır. Müasir dövr üçün dövlət sirri haqqında qəbul edilən demokratik qanunlar təmin olunmalıdır.

Ayrı-ayrı şəxslərin, qrupların, siyasi partiyaların maraqları ilə məsələyə yanaşmamalıyıq. Dövlət maraqları nəzərə alınmalıdır. Bütün demokratik, hüquqi dövlətlərdə əməl olunan qaydaları tətbiq edərək, məxfi materilların açılıb-açılmaması müzakirə oluna bilər”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->