Əfsuslar olsun ki, cəmiyyətimizdə fəlsəfə haqqında təsəvvürlər təxminən, "görəsən dünyayə nöş gəlib insan?” sualı ətrafında dövr edir. Bəzi fəlsəfəçilərimiz, hətta xeyli irəli gedərək, özünü "filosof” adlandıranlarımız da nədənsə fəlsəfənin bu cür qeyri-ciddi söhbətlərdən, ritorik suallardan ibarət olduğunu sanırlar. İnsanın "dünyaya nöş gəlməsi” isə fəlsəfə tarixində araşdırılan minlərlə sualdan bəlkə də ən primitividir.
Azərbaycanda filosof yetişməsə də fəlsəfəçilər olub və var. Filosof kimlərə deyilir?
Fəlsəfə tarixində yeni bir nəzəriyyənin və ya təlimin əsasını qoyan, yaxud ilk dəfə hansısa ciddi fəlsəfi problemi qaldıran ya da mühüm fəlsəfi problemi həll edən bilginə filosof deyilir. Bu mənada, yeni təlim yaratdıqlarına görə peyğəmbərlər də haradasa, öz dövrünün filosofu sayılıblar. Əlbəttə, bu yerdə "fəlsəfə nədir” sualı da ortaya çıxır və cavab istəyir. Bu suallar və cavablar üzərində ətraflı təhlilə başlamaq üçünsə bizə geniş zaman və ortam lazımdır.
Qısaca onu deyək ki, fəlsəfə ümumi anlamda düşüncə sənətidir. Qədim dövrlərdə düşüncə sənəti "müdriklik elmi” də adlanırdı.
Fəlsəfə tarixində ilk filosof kimi qəbul edilən Falesdən tutmuş, müasirimiz Devid Çalmersə qədər nəhəng fikir adamları yaşamış və öz fəlsəfi məktəblərini yaratmışlar. Azərbaycanda fəlsəfi məktəb yaradan yeganə filosof Asif Ata hesab olunur. Asif Atanın fəlsəfəsi "Mütləqə inam” adı ilə tanınır.
Asif Ata olduqca təzadlı və mücərrəd düşüncəli bir şəxsdir. Fəlsəfəsinin məhək daşı olan bir sıra məqalələrini tələbə ikən oxumuşam. Atanı mütaliə edərkən mənə elə gəlmişdi ki, "Mütləqə inam” ocağı hansısa yarıdini, yarıdünyəvi bir sekta, ocağın başçısı Asif Ata isə yarıpeyğəmbər, yarışair bir ruhanidir. Ata fəlsəfəsinin ictimai-sosioloji istiqaməti mənə hürufiliklə bəhailiyin sintezi, epistemoloji görüşləri isə Şərq Hegelçiliyi kimi görünmüşdü.
Asif Atanın düşüncələrində alman filosofu Hegelin izləri aydın görünür. Amma Hegeldən fərqli olaraq, Ata öz ideyalarını sistemli, konseptuallaşmış formada deyil, şairanə intonasiya ilə, hətta populist şüarlarla təqdim edir.
Asif Atanın yaradıcılıq üslubu vəhylər formasındadır.
Məsələn, "İnsan günahkarlığı” essesində deyir:
"Hərislik bataqlığı,
Əsirlik bataqlığı,
Vəhşilik bataqlığı,
Dişilik bataqlığı,
Erkəklik bataqlığı,
Əyrilik bataqlığı,
Qəbahətə tapınmaq, Ülviyyəti yanıltmaq.
Xalisi atıb, naqisi tutmaq”.
Gəlin baxaq, bu hissədən nə başa düşürük?
"Qəbahətə tapınmaq” nə deməkdir? –aydın deyil. "Ülviyyəti yanıltmaq” hansı mənanı verir? - bilinmir. "Vəhşilik bataqlığı” haradır? ya da Erkəklik, dişilik niyə bataqlıq olsun ki? və ilaxır.
Asif Ata semit dinləri, eləcə də onların gətirdiyi anlayışları qəbul etmirdi. Lakin buna baxmayaraq, öz yazılarında bol-bol "günah, savab, iblis, şeytan” kimi dini ifadələr işlətməkdən də çəkinmir.
Ümumilikdə, Atanın fəlsəfəsi mücərrəd və qarışıq təsir bağışlayır.
Nobel ödüllü filosof Bertran Rassel dünya fəlsəfi fikrini yerindən oynatmış Nitsşeni filosof saymırdı, onun haqqında "Nitsşe maraqlı şairdir” deyirdi. Çünki Nitsşe öz əsərlərində fəlsəfi dil və qanunların tələblərindən kənara çıxır, bədii üsluba daha çox meyil edirdi.
Bənzər situasiyanı (bədiilik, obrazlı-poetik dil) Asif Atada da görürük.
Deyildiyi kimi Asif Ata fəlsəfəsi "mütləqə inam” ideyası üzərində qurulub. Ataya görə "mütləq” mahiyyətcə, nə yaradıcı, nə mənəvi, nə də maddidir.
Sual: O zaman "mütləq” nədir?
Cavab: mütləq - insanlaşmadır, insanlaşdırmadır.
Açığı, bu cavab məni qane etmir.
Bəlkə Ata bu mücərrəd, dərkolunmaz "mütləq”dən danışarkən, mütləq ruhu nəzərdə tutur? Əgər söhbət mütləq ruhdan gedirsə, onda yol bizi mütləq idealizmin banisi Hegelə tərəf aparır.
Mütləq ruh (almanca: der absolyut Geist) Hegelin fəlsəfi sistemində ən ali kateqoriya olub, mütləq ideyanın inkişaf etmiş ən üst formasıdır. Hegelə görə mütləq ideya mövcud olan yeganə həqiqi reallıqdır. O, bütün ətraf aləmin, onun obyekt və hadisələrinin əsas səbəbi, həmçinin, özünüdərk və yaratmaq qabiliyyəti olan dünya ruhudur.
Yeri gəlmişkən, Hegelin ruh fəlsəfəsi üç kateqoriyaya ayrılır: subyektiv ruh, obyektiv ruh və mütləq ruh. Subyektiv ruh - fərdi insan şüurudur.
Obyektiv ruh – fərdi şüurun inkişafında, özünüdərk prosesində üzə çıxan müstəqil mərhələdir. Belə deyək: obyektiv ruh müstəqil mənası və məzmunu olan xüsusi bir sferadır. Obyektiv ruh səviyyəsində dövlət və ailə institutu, vətəndaş cəmiyyəti, həmçinin, vicdan fəlsəfəsi problemləri başlayır.
Qısası, Hegelin mütləq ideya konsepsiyasında hər şey nəzəri şəkildə, kateqorik sistemlə izah edilib.
Asif Atada isə bu elmilik, daha doğrusu, konseptuallıq, dəqiqlik yoxdur.
Məsələn, Ata öz yazılarından birində "dünyada indiyədək insani cəmiyyət qurulmayıb, bu cəmiyyəti yalnız mütləqlilər qura bilər” iddiasını irəli sürür. Əcəba, "insani cəmiyyət” dedikdə, hansı birgəyaşayış forması nəzərdə tutulur? Axı cəmiyyət zatən, insanidir, primatları çıxmaq şərtilə, heyvan cəmiyyətləri onsuz da mövcud deyil. İkincisi də tutaq ki, "insani cəmiyyət” anlayışı ilə razılaşdıq. Yaxşı, bəs bu "insani cəmiyyət” hansı model əsasında qurulacaq? Mütləqə inam fəlsəfəsi bunun üçün hansı nəzəri sistemi və praktik mexanizmləri təklif edir? Sözügedən cəmiyyətdə dövlət - vətəndaş, fərd -cəmiyyət, dövlət - cəmiyyət münasibətləri hansı prinsiplər əsasında tənzimlənəcək? "İnsani cəmiyyət”in siyasi istiqaməti necə olacaq? - Liberalist, avtokratik, aristokratik, demokratik, oxlokratik, yoxsa teokratik?
İqtisadi modeli hansı sistem əsasında qurulacaq? – kapitalist, sosialist, monopolist, yoxsa azad bazar iqtisadiyyatı?
Bəs "insani cəmiyyət”in üzvü olan "kamil insan” modeli hansı tələblərə cavab verməlidir?
Kamillik və cahillik dərəcəsi necə ölçüləcək?
"İnsani cəmiyyət” modelində "mütləq”ə inanmayanların, dolayısı ilə ocaq rəhbərinin "əlini öpməyənlər”in aqibəti necə olacaq?
Təəssüflər olsun ki, Asif Ata fəlsəfəsində bu suallar cavabsız qalır.
Bütün bunlarla yanaşı, fikrimcə, Asif Atanın görkəmli ədəbi tənqidçi, idealist fəlsəfəçi və milli özünüdərk carçısı kimi böyük şəxsiyyət olması şübhəsizdir.
Şəlalə Göytürk Niaqara
Şərhlər