Ermənistanın eks-prezidentləri – Robert Köçəryan və Serj-Sərkisyan Avropa Şurasında Xocalı qətliamını həyata keçirdiklərini etiraf ediblər. Köçəryan Avropa Şurasının tribunasında bəyan etmişdi ki, əlimdə "Kalaşnikov”la xalqımı müdafiə etmişdim. Bu isə o deməkdi ki, mülki əhalini qətlə yetirmişəm. Buna görə də Avropa Şurasında hamı onu "cənab Kalaşnikov” adlandırırdı.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.
Onun sözlərinə görə, Köçəryanla Sərkisyan mülki əhalinin qanı hesabına öz siyasi kariyeralarını formalaşdırmışdılar:
"Beynəlxalq ictimaiyyətin tribunal müəyyənləşdirməsinin vaxtı çatıb. Azərbaycan ərazisində hərbi cinayət törədənlər beynəlxalq tribunalın hökmünə cəlb olunmasa, belə hadisələr yenə də təkrarlana bilər. Ermənistanın indiki baş naziri Nikol Paşinyanın yalanları isə heç kəs tərəfindən qəbul edilməyəcək”.
Asim Mollazadə Avropa Şurasının müvafiq qətnaməsində Azərbaycan torpaqlarının işğalı və etnik təmizləmələr aparılmasına dair müddəanın yer almasına da diqqət çəkib:
"Çalışmalıyıq ki, Xocalıya ədalət tələbi ilə öz mövqeyimizi gücləndirək. Bu gün Azərbaycan tərəfindən aparılan "Xocalıya ədalət” kampaniyasının mahiyyətində qisas yox, ədalətin hökmü dayanıb. Hərbi cinayətkarlar mütləq cəzalandırılmalıdır”.
Şərhlər