Vüsal Bağırlı
Ölkə 14:10 01.04.2021

“Asta futbol”, “Odlu futbol” və Azərbaycan futbolu

Vüsal Bağırlı

Futbol oyunun vətəni sayılan Britaniyada indi də "Asta futbol” adlı idman növü yaradılmışdır. Bu qeyri-adi oyun əsasən yaşı əllini keçmiş insanlar, təqaüdçülər, ahıllar üçün nəzərdə tutulub. İndi, bu cür astagəl futbolu izləmək üçün, əziyyət çəkib Dumanlı Albiona, İngiltərə, Şotlandiya, İrlandiyaya getməyə ehtiyac yoxdur. Elə, Azərbaycan çempionatına, bizim klubların oyunlarına baxmaq kifayət edir. Sürət: tısbağa yerişi; komanda oyunu, topla rəftar: ləng; reaksiya, bacarığı, dözüm, iradə: sıfır

Meksikada isə  "odlu futbol” adlı başqa bir idman növü populyardır. Oyunçular, adi dəri topla deyil, yumrulanmış yanar əski parçası ilə oynayır, onu ora-bura qovaraq qapıya yönəltməyə səy göstərirlər.

Bizim futbolçuların da topla rəftarı sanki, odlanmış qaynar kürəyə toxunuş cəhdini xatırladır. Adi dəri topa qorxa-qorxa elə baxırlar,  ehtiyatla ona elə yaxınlaşırlar ki, sanarsan indicə əlləri və ayaqları alova bürünüb yanacaqdır. 

Vaxtı ilə, Tovuz, İmişli, Şəmkir, Gəncə, Masallı, Lənkəran, Gəncə və başqa bölgələri əhatə edən, ayaqla oynanılan dəri top adlı oyunun ən azından imitasiyasını da olsa yamsılayan futbolumuzdan indi əsər-əlamət belə qalmamışdır. Onun indiki halı, təəssüf və ümidsizlik doğurur. Başqa heç nə.
Bir zamanlar 32 klubdan ibarət, indi isə mikroskopik dərəcədə kiçilib, sayı cəmi-cümlətani səkkiz kluba enmiş ölkə çempionatında yalnız bir komanda əyalətdə oynayır. Qalan komandalar Bakını və paytaxt ətrafı ərazini təmsil edirlər. 

İslahat görüntüsü yaratmaq naminə,  əvvəlcə dünyada yetərincə təcrübəli və səviyyəli futbol mütəxəssislərindən hesab olunan Berti Foqts, Prosineçki, Alberto Torres kimi məşqçiləri ölkəmizə dəvət etdik. Heç bir faydası olmadı.

Sonra, ən istedadlı yerli mütəxəssisimiz sayılan Qurban Qurbanova şans verildi. Yenə də, xüsusi qeyd oluna biləsi uğur əldə olunmadı. Sonra, yenidən xarıcı mütəxəssislərə üz tutuldu.

Təbii suallar yaranır. Nəyə görə, nə üçün?

Səbəb sadədir. Çünki, uşaq, yeniyetmə futbolu yerində sayır, istedadlar üzə çıxmır.

İstedadları hər yerdə tapmaq mümkündür. Bunun üçün, müasir təlim-məşq bazaları tikilməli, yerli peşəkar mütəxəssislər yetişdirilməli, menecerlər, agentlər, skautlar olmalıdır. Yəni əvvəlcə, uyğun şərait, əlverişli mühit yaradılmalıdır.

Əgər bunlar olmazsa, onda lap Pep Qvardiolanı yığmaya baş məşqçi çağır, Leo Messini isə milliləşdir, faydasızdır.

İqlim vəziyyəti, yerləşdiyi mövqe  ilə ilin demək olar bütün fəsillərində futbol oynanılması mümkün olan Azərbaycan təbiətinin əlverişli şəraitindən düzgün istifadə olunmalıdır.. 

Yalnız bundan sonra, aprel qarı kimi əriyib, sürətlə yox olan futbolumuzu bəlkə də xilas etmək mümkün oldu.

Ümumiyyətlə təklif edirəm ki, gələcəkdə futbolun inkişafı, tamaşaçı marağını artırılması, əhalidə, ölkədə futbol ajiotajı, normal rəqabət mühitinin yaradılması naminə, futbol oynamağı bir müddət tamamilə tərgitək.