Sentyabrın 27-si Azərbaycan tarixinə həm böyük bir sarsıntı, həm də dönüş nöqtəsi kimi yazıldı.
Həmin səhər müharibə başlayanda hər kəsin diqqəti cəbhədə idi. Amma o qarışıqlıqda, ataları cəbhədə vuruşarkən evdə dünyaya göz açan körpələr də var idi. Adları tarixə yazılan bu uşaqların həyatı ilk səhifəsindən digərlərindən fərqləndi.
Biri atasını yalnız fotolardan tanıyıb şəhid övladı oldu, digəri isə qələbə xəbəri ilə evə dönən qəhrəmanla böyüdü. Həm müharibənin acı reallığını, həm də zəfərin qürurunu daşıyan bu uşaqlar bu gün 6 yaşındadır. Həmin gün doğulan uşaqlar sırasında Polad, Mübariz, Mehriban da var.
Bu körpələrin anası Nəzrin xanım həmin günlə bağlı Modern.az-a danışıb. Həmsöhbətimiz deyir ki, 27 sentyabr səhəri həyat yoldaşı Nadirin zənginə oyanıb. O, gecə evə gəlməmişdi və zəngdə dedi ki,"Məndən narahat olma, biz Qarabağa gedirik":
"Həmin an dünyam başıma qaraldı, özümü itirdim, halım pisləşdi. Özümü xəstəxanaya çatdırdım, həkimlər doğuşun başladığını dedilər. Ancaq övladlarımın dünyaya gəlməsinə hələ iki ay var idi. Məni təcili əməliyyata aldılar. Həkimlər əməliyyat zamanı "uşaqlar belə möhtəşəm gündə dünyaya gəlirlər" deyəndə hələ nə baş verdiyini tam anlamırdım".
Nadir isə ata olduğunu döyüş meydanında öyrənmişdi. Nəzrin xanımın sözlərinə görə həyat yoldaşı ona zəng etdikdə zəng çatmayıb və Nadir çox narahat olub:
"Ata olacağını xəbərini ona anam vermişdi, sevincinin həddi yox idi. Nadirin danışdığına görə, bu xəbəri və sevincini komandiri eşidib və ona deyib ki, "Sən evə qayıt". Nadir isə cavabında deyib ki, "Yox komandir. Biz bir gəlmişik bir də qayıdacağıq.
Uşaqların adını ataları qoyub. Bizim də valideyn kimi istəyimiz odur ki, adlarını daşıdıqları qəhrəmanlar kimi mərd, güclü, mübariz və igid böyüsünlər, ailələrinə, vətənə xeyirli övlad olsunlar. Övladlarımız adları tək daşımasınlar, həm yaşatsınlar, doğrultsunlar".
Nəzrin xanım şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun anasının sözlərindən çox təsirləndiyini bildirib:
"Şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım radioda bir çıxışında dedi ki, "Mənim oğlum şəhid olandan sonra dünyaya çoxlu Poladlar gəldi. Çoxları övladına mənim oğlumun adını qoydu, amma çalışın oğlanlarınızı igid, mərd böyüdün". Bir ana olaraq mənim də amalım odur ki, oğlum Polad kimi olsun. Burdan söz veririk ki, bunun üçün mən və yoldaşım əlimizdən gələni edəcəyik".
Nəzrin xanımın sözlərinə görə övladları hər biri gözəl xüsusiyyətlərə malikdirlər.
Mübariz adını daşıdığı qəhraman kimi mərd və ürəyiaçıq uşaqdır. Polad qəhrəman Həşimov kimi igid və yardımsevərdir.
Mehriban isə çox güclü xarakterə malik, həmişə diqqət mərkəzində olmağı sevən və istəyinə nail olan mehriban qızdır.
Şərhlər