“Mənim keçmiş kürəkənim yaşadığım mənzili 2008-ci ildə nə mənim, nə də ailəmin heç bir imzası olmadan “Atlantbank Kommersiya ASC”yə saxtakarlıqla girov qoyub. O, 25 100 AZN kredit götürərək Rusiyaya qaçıb”. Bu sözləri “Qafqazinfo”ya şikayətçi vətəndaş Rauf Əliyev deyir.
O, sözügedən bankın evini onun əlindən almaq istədiyini iddia edir: “Rəhimov Rəşad əvvəllər ev dəllalı işləyib və bankın müdiri və hüquqşünası Zülfiyyə adlı qadınla 19 saylı notariusu yaxından tanıyıb. Zülfiyyə, notariusun rəhbəri və Rəşad cinayət əlaqəsinə girərək evimizi əlimizdən almaq istəyiblər. Bank haqsız yerə saxta sənədlərlə bizi evdən çıxarmaq istəyir. Hal-hazırda Rəhimov Rəşad Tofiq oğlu Bakıdadır.
Özünün dediyinə görə o, adıçəkilən bankla və 19 saylı notariat konturunun rəhbəri ilə razılaşaraq, rüşvət müqabilində mənim, qızımın, oğlumun və həyat yoldaşımın yerinə özü imza çəkib. Və həmin saxta imzaları da 19 saylı notariat konturu təsdiqləyib”.
Vətəndaşın sözlərinə görə, onun işi 7 ilə yaxındır ki, məhkəmələrdədi: “Müraciət etmədiyimiz yerler qalmayıb. Mərkəzi Bankdan alınan sənəddə göstərilib ki, Rəşadın banka ümumiyyətlə borcu yoxdur... Onu da nəzərinizə çatdırım ki, “Atlantbank” 2008-ci ildə bağlanıb və fəaliyyət hüququ yoxdur. Bankın müdiri 4 ildən çoxdur ki, rəhmətə gedib. Biz bu evdə 9 nəfər (üç ailə) yaşayırıq, onlardan 4-ü az yaşlı uşaqdı. Nəyə görə haqsızlıq üzündən, kimlərinsə nəfsinə görə biz bu evdən çıxmalıyıq? Bizim şikayətlərimizə baxan yoxdu. Məhkəmələrə nə Rəhimov Rəşad, nə də 19 saylı notariat konturundan nümayəndə çağırılmır. Bu qədər saxtakarlıq, bu qədər insafsızlıq olmaz…”
Qaynar.info
Şərhlər