"Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamədən sonra Milli Məclisin həmin qurumla əməkdaşlığın dayandırılması və Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarına başlanması barədə qərarı hüquqi baxımdan tam əsaslıdır".
Bu fikirləri Qayanrinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib.
Onun sözlərinə görə, bəzi qruplar bu qərarın qəbulunu şərtləndirən səbəbləri təhrif edərək ictimaiyyətə yanlış təqdim etməyə çalışırlar:
"Guya Avropa Parlamenti Azərbaycandan demokratiya və insan hüquqları sahəsində addımlar tələb etdiyi üçün rəsmi Bakı bu qurumla əlaqələri kəsərək qapanma siyasəti seçib. Halbuki məsələ tamamilə fərqlidir. Vətən müharibəsindən sonra Avropa Parlamenti Azərbaycanla bağlı 15-ə yaxın qətnamə qəbul edib və bu sənədlərin heç birində obyektivlik və balanslı yanaşma müşahidə olunmayıb".
Ekspert qeyd edib ki, əksinə, həmin qətnamələrdə Azərbaycan dövlətinə və xalqına qarşı açıq şəkildə qərəzli və birtərəfli mövqe sərgilənib. Onun fikrincə, diqqət çəkən əsas məqamlardan biri bu ritorikanın getdikcə sərtləşməsi və sanksiya çağırışlarının artmasıdır.
Qulamhüseyn Əlibəyli hesab edir ki, bu qətnamələrdə formal olaraq beynəlxalq humanitar hüquqa və insan hüquqlarına istinad olunsa da, Azərbaycana qarşı irəli sürülən ittihamlar əsassızdır və bir çox hallarda həmin hüquq normalarının özünə ziddir:
"Qarabağda yaşayan erməni əhalisinin hüquqlarının guya pozulması, "blokada" iddiaları, mədəni irsin məhv edilməsi kimi ittihamlar reallığı əks etdirmir. Eyni zamanda, beynəlxalq cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin "hərbi əsir" kimi təqdim olunması da hüquqi baxımdan yanlışdır".
Hüquqşünasın sözlərinə görə, daha diqqətəlayiq məqam ondan ibarətdir ki, bu sənədlərin heç birində azərbaycanlıların Ermənistandan deportasiyası, 30 illik işğal dövründə həyata keçirilmiş etnik təmizləmə, mədəni və dini irsin məhv edilməsi kimi faktlara yer verilmir:
"Bu isə açıq şəkildə ikili standartların göstəricisidir. Avropa Parlamentinin son qətnaməsində Azərbaycanın əleyhinə olan müddəaların əlavə edilməsi bir daha sübut edir ki, bu qurum hüquqi obyektivlikdən uzaqlaşaraq siyasi təsir alətinə çevrilib. Həmin müddəaların Ermənistanın daxili demokratik vəziyyəti ilə heç bir əlaqəsi yoxdur və onların bu kontekstdə təqdim olunması siyasi manipulyasiyadır".
Qulamhüseyn Əlibəyli hesab edir ki, bu cür yanaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və regionda sülh prosesinə mənfi təsir göstərir:
"Avropa Parlamenti faktiki olaraq vasitəçi deyil, tərəf kimi çıxış edir ki, bu da onun rolunu ciddi şəkildə şübhə altına alır. Hazırkı mərhələdə Avropanın özü ciddi geosiyasi və təhlükəsizlik problemləri ilə üz-üzədir. Belə bir şəraitdə bu cür qərəzli və reallıqdan uzaq sənədlərin qəbulu vəziyyəti daha da mürəkkəbləşdirir və qurumun nüfuzuna xələl gətirir".
Hüquqşünas vurğulayıb ki, Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərarı hüquqi və siyasi baxımdan əsaslı, düzgün və vaxtında verilmiş addımdır. Onun fikrincə, bu qərar Azərbaycanın ümumilikdə Avropa strukturları ilə əməkdaşlıqdan imtina etməsi demək deyil, əksinə, qərəzli münasibətə qarşı prinsipial mövqenin ifadəsidir.
Qeyd edək ki, Azərbaycanın Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin dayandırılması ilə bağlı müddəa Milli Məclisin plenar iclasında müzakirə olunan qərar layihəsində öz əksini tapıb və səsə qoyularaq qəbul edilib. Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığı dayandırılır, həmçinin Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur. Eyni zamanda, Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu qurumda üzvlüyünə xitam verilməsi proseduruna başlanılır və bu müddət ərzində parlament nümayəndə heyəti Assambleyanın tədbirlərində iştirak etməyəcək.
Siyasət Şöbəsi
Şərhlər