Dünya 18:23 06.08.2020

Avropa partlayışa görə Livana 33 milyondan çox yardım ayırdı

Avropa Komissiyası Livana Beyrut limanında baş verən partlayışın nəticələrini aradan qaldırmaq üçün 33 milyon avrodan çox yardım ayırıb.
 
Qaynarinfo xəbər verir ki, bu haqda Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Livan Baş naziri Hassan Diab arasındakı söhbətdən sonra verilən açıqlamada bildirilib.

"AK təcili ehtiyaclar, tibbi dəstək və avadanlıqlar və Beyrutun kritik infrastrukturunun qorunması üçün 33 milyon avrodan çox səfərbər edəcək",- açıqlamada deyilir.

Bəyanatda həmçinin bildirilir ki, Avropa Komissiyası humanitar ehtiyacların qiymətləndirilməsindən asılı olaraq Livana əlavə dəstək məsələsini də nəzərdən keçirəcək. Von der Leyen "zərərin dərəcəsini qiymətləndirməyə və təhlükəli kimyəvi maddələri zərərsizləşdirməyə kömək etmək üçün mütəxəssislər və avadanlıqları səfərbər etməyin mümkünlüyünü" qeyd edib.

Avropa Birliyi və Livan arasındakı ticarət əlaqələrini, o cümlədən güzəştli ticarət və gömrük prosedurlarının sadələşdirilməsi şəklində gücləndirilməsi məsələsini araşdırmağa hazırdır.

Açıqlamaya görə, AB şəhərin yenidən qurulmasına və ölkənin bərpa olunmasına ehtiyacların tam qiymətləndirilməsini, habelə iqtisadi yardım göstərə biləcək beynəlxalq maliyyə qurumları ilə müzakirələrin aparılmasını təklif edib.
 
Alpər