Dünya 09:02 22.02.2020

Avropada koronavirusdan ikinci ölüm faktı

 
Avropada koronavirusdan ikinci ölüm faktı qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, İtaliyanın Veneto vilayətinin Paduya şəhərində virusa yoluxmuş 78 yaşlı kişi dünyasını dəyişib. Qeyd edilir ki, onunla birlikdə 67 yaşlı həyat yoldaşı da yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Veneto vilayətinin qubernatoru Luk Dzayyu məlumatı təsdiqləyib. Mərhumun hansı şəraitdə virusa yoluxduğu hələlik dəqiqləşdirilməyib. 

Bu, Avropada koronavirusdan ikinci ölüm hadisəsidi. İlk ölüm hadisəsi fevralın 15-də Fransada qeydə alınıb. Yanvar ayının ortalarında Çinin Hubey əyalətindən gələn 80 yaşlı kişi bu xəstəlikdən ölüb.

Çində isə koronavirus qurbanlarının sayı 2345-ə yüksəlib.  20659 nəfər isə sağalaraq xəstəxanaları tərk edib. 

Çinin Dövlət Səhiyyə Komitəsindən bildirilib ki, gün ərzində koronavirusa yoluxanlardan 109 nəfər dünyasını dəyişib, 2393 nəfər xəstəxanadan buraxılıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı isə 75891 nəfər olub.

Çin rəsmilərinə görə, hazırda 31 əyalətdə 53284 nəfər virusa yoluxub, onlardan 11,4 min nəfəri ağır olaraq qiymətləndirilir. Ölənlərin ən yüksək həddi Hubey əyalətində qeydə alınıb - 106 nəfər.