Xəbər lenti

Avtobusların postlarda gözləməsi xüsusi zolaqların yaradılmasını yenidən aktual edir (RƏY)
Ekonomiks 17:59 09.04.2020

Avtobusların postlarda gözləməsi xüsusi zolaqların yaradılmasını yenidən aktual edir (RƏY)

Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə ölkə ərazisində bir sıra ciddi tədbirlər həyata keçirilir. Xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda avtomobillərin qanunsuz hərəkətinin qarşısını almaq üçün bir sıra yollarda postlar təşkil olunub.

Lakin avtomobillərin yoxlanılması üçün yaradılan bu postlar bir sıra yollarda sıxlıqlar yaradır ki, bu da avtobusların hərəkət cədvəlinin pozulmasına səbəb olur. Bu da paytaxt yollarında xüsusi avtobus zolaqlarının yaradılmasını aktual edir.

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bildirdi ki, Bakı şəhərində avtobus zolaqlarının təşkil olunması hər zaman önəmli məsələ olub:

"Karantin rejimi tətbiq olunmazdan əvvəl də müəyyən yollarda hərəkətin dayandırılması zamanı yaranan avtomobil sıxlıqlarında avtobusların qrafiki pozulurdu. Bu da növbəti dayanacaqlarda daha çox insanın toplaşmasına və gözləmə müddətinin artmasına səbəb olurdu. Xüsusi karantin rejiminin tətbiq olunduğu indiki dövrdə avtomobillərin yoxlanması üçün müxtəlif yollarda qurulan postlar da eyni effekti yaradır. Bu zaman yaranan avtomobil sıxlıqlarında avtobuslar da gözləməli olur. Burada da avtobus zolaqları məsələsi gündəmə gəlir".

Ekspertin sözlərinə görə, paytaxtda əhalinin böyük hissəsinin ictimai nəqliyyatdan istifadə etməsinə baxmayaraq, Bakı küçələrində avtobus zolaqları və onlara nəzarət təşkil olunmayıb:

"Məsələn, hazırda Füzuli küçəsində avtobus zolağı olsa da, burada qaydaların pozulmasına faktiki nəzarət yoxdur. İctimai nəqliyyatın cəlbedici olması və düzgün şəkildə çalışması üçün avtobuslar heç yerdə vaxt itirməməlidir. Belə ki, istənilən halda dayanacaqda müəyyən qədər vaxt itirən avtobusların kənar yerlərdə mümkün qədər vaxt itirməsinin qarşısını almaq lazımdır. Əgər avtobuslar minik avtomobilləri ilə eyni tıxacda dayanırsa, ictimai nəqliyyatdan istifadə yalnız məcburiyyət qarşısında alternativ olur. Xüsusi zolaqların təşkili ilə avtobus marşrutlarının rahat keçidinin təşkil olunması ictimai nəqliyyatı bir sistem kimi daha cəlbedici edir. Bu da ictimai nəqliyyatdan istifadə edənlərin vaxtını daha düzgün planlamasına imkan yaradır".

"Bir çox inkişaf etmiş ölkələrdə avtobusların failəsiz keçidinin təmin olunması üçün zolaqların yaradılması ilə bərabər yolayrıclarında onlara xüsusi üstünlük verilir. Məsələn, işıqforlarda avtobusları tanıyan və onların keçidini daha tez təmin etməyə imkan verən alqoritm qurulub", - deyə ekspert əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->