İyunun 2-də Bakıda, Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən Milli Atçılıq Festivalının açılışı olub.
Qaynarinfo xəbər verir ki, açılış mərasimində çıxış edən ARAF-ın vitse-prezidenti, Təşkilat Komitəsinin üzvü Elşad Abbasov Azərbaycanda atçılıq idmanının qədim tarixinin olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dünyada milli at cinsi olan azsaylı ölkələrdən biridir. Bu da ölkəmizin dünya atçılıq mədəniyyətində xüsusi yeri olduğunu göstərir. Azərbaycanda idmanın digər növləri kimi, atçılığa da yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu sahə sürətlə inkişaf edir, çaparlarımız yerli və beynəlxalq turnirlərdə uğurlar qazanırlar.
Diqqətə çatdırılıb ki, ötən ay Böyük Britaniya və Şimali İrlandiya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan "Kral Vindzor At Şousu”nda milli çaparlarımız dünyada məşhur Qarabağ atlarının iştirakı ilə möhtəşəm proqramla çıxış ediblər. Həmin tədbirdə Azərbaycan ARAF-ın 75 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub. Qarabağ atlarının və azərbaycanlı süvarilərin bu mötəbər tədbirdə göstərdiyi məharət tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Elşad Abbasov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 95, Ümummilli Liderin hakimiyyətə qayıdışının 25 və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyləri münasibətilə keçirilən Milli Atçılıq Festivalı iyunun 17-dək davam edəcək. Bu günlər ərzində doqquz yarış günü ərzində idmansevərləri, atçılıq həvəskarlarını çox maraqlı idman mübarizəsi gözləyir. Festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnir təşkil olunacaq. Festivalda atçılığın cıdır, konkur, çövkən və polo növləri üzrə yarışlar keçiriləcək.
Sonra festival açıq elan olunub.
Milli Atçılıq Festivalına Binə Atçılıq Mərkəzində cıdır üzrə "100 İllik Yubiley Kuboku” ilə start verilib. Kubok uğrunda yarışda 24 at və jokey iştirak edir. Cıdır yarışının ümumi mükafat fondu 15 min manatdır.
Qeyd edək ki, festival çərçivəsində iyunun 5-7-də və 9-da çövkən milli atüstü oyunu üzrə "100 İllik Yubiley Kuboku” turniri keçiriləcək. Bu yarışın ümumi mükafat fondu 50 min manat təşkil edir.
İyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil olunacaq. "Elite Horse Polo Club”un yaşıl arenasında keçiriləcək və iki kateqoriyadan ibarət olacaq turnirin ümumi mükafat fondu 34 min manatdır.
İyunun 15-17-də Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq altıncı dəfə ölkəmizdə arena polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. Üç gün davam edəcək turnirdə ümumilikdə altı oyun olacaq. Azərbaycanı bu mötəbər yarışda milli polo komandasının idmançılarından ibarət "Elite Horse Polo Club”u təmsil edəcək.
Şərhlər