Ölkə 18:49 03.08.2021

Azad edilmiş ərazilərimizdə başqa bölgələrdə olmayan hansı yeniliklər olacaq?

"İşğaldan azad edilmiş ərazilərimizdə digər bölgələrdə bir çox hallarda özünü göstərməyən səliqəli, sahmanlı, planlı tikinti işlərinin aparılması və infrastrukturun yaradılmasını istərdim”.

Bunu Qaynarinfo-ya açıqlamasında deputat Razi Nurullayev azad edilmiş Qarabağ regionunda Azərbaycanın digər bölgələrində özünü göstərən hansısa neqativ halların təkrarlanmaması və hansı yeniliklərin olmasını arzuladığını söyləyərkən deyib. Onun fikrincə, ərazidə ilk növbədə insanların rahatlığı təmin edilməlidir: 

"Burada insanların rahatlığını təmin edəcək işlərin görülməsi arzusundayam. İnsanları bura cəlb etmək üçün mütləq şəkildə iş yerləri yaradılmalıdır. Bu olarsa, insanlarımız həmin yerlərə gedib orada da qalacaqlar. Ancaq hər şeyin olmasına rəğmən, əraziyə qayıdan insanın işi olmayacaqsa, tezliklə oranı tərk etmək barədə düşünəcək. Onun üçün də birinci növbədə səliqə-sahman, planlı tikinti fonunda həm də kifayət qədər istehsal müəssisələri yaradılmalıdır. Hər bir kənddə, tikiləcək qəsəbə və şəhərdə güclü turizm infrastrukturu da yaradılmalıdır”. 
 


Deputat həmçinin, ölkənin digər bölgələrində özünü göstərən idarəçilik sahəsindəki neqativ halların Qarabağda da təkrarlanmamasını arzulayır:

"Azad edilmiş rayonlarda düzgün idarəçiliyin olmasını arzulayıram. İdarəçilik, natəmizlik, əliəyriliklə bağlı Azərbaycanın digər bölgələrində xeyli sayda problemlər var. Bu kimi neqativ halların Qarabağda başlanılan quruculuq işləri və ondan sonrakı mərhələdə orada da təkrarlanmasını görmək istəməzdim. İstərdim, ilk andan elə şərait yaradılsın ki, qayıdan əhali idarəçilikdən narazı qalmasın. Yəni burada digər bölgələrdə təkrarlanan neqativ halları təkrarlamamalıyıq. Ümid edirəm ki, Qarabağ bölgəmiz müsbət məqamları ilə digər bölgələrimizə də nümunə olacaq. Bunun üçün ortada siyasi iradə də var”.

Rüfət Sultan