Ölkə 16:48 24.06.2019

Azay Quliyev: "Elektron vətəndaş proqramının nəticələri sevindiricidir"

"İlk dəfə idi ki, layihələrin qiymətləndirilməsi prosesinə vətəndaşları da dəvət etmişdik".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının tətbiqinə dair brifinqdə deyib. O bildirib ki, elektron vətəndaş proqramının nəticələri sevindiricidir:

"Bizim məqsədimiz fəaliyyətimizin makisumum dərəcədə əlçatanlığını və dövlət vəsaitinin xərclənməsi prosesində vətəndaşların iştirakını təmin etməkdir.
Burada ictimai nəzarət elementi var.

Layihələrin sayı 265 idi, onların 11-i texniki səbəblərdən qiymətləndirmə prosesinə buraxılmadı. Lakin 254 layihə ekspertlərin və vətəndaşların qiymətləndirilməsi üçün onların ixtiyarına verilmişdi. 10 min 930 vətəndaş bu prosesdə iştirak edib.

Biz vətəndaşların məlumatlanması üçüm həm universitetlərdə, həm də bölgələrimizdə proqramın təqdimatını keçirdik. Təxminən 73 rayon şəhər və rayonu əhatə edən prosesdə 12 min 491 rəy daxil olub. Bu rəylərdən 11 min 271-i qeydiyyata alınıb. Vətəndaş istədiyi qədər layihəni qiymətləndirə bilərdi. Qiymətləndirmə prosesində 3 səs bir bal hesablanırdı. Hər bir səsin arxasında vətəndaşın rəyi olmalı idi. Bəzi vətəndaşlar saxta yolla səs verir, və yaxud verdikləri səsi əsaslandırmaq istəmirdilər. Buna görə də, 1220 səs silindi. Səslərin silinmə səbəbləri qeydiyyatdan keçmək üçün lazım olan məlumatların düzgün qeyd olunmaması, əsaslandırılmayan rəylərin olduğuna görə, eyni rəylərin müxtəlif vətəndaşlar tərəfindən təqdim olunduğuna görədir. Bundan başqa QHT sədri özünün təqdim etdiyi layihəyə rəy verdiyi üçün, rəylərdə gizli olmasına baxmayaraq, QHT-nin adı qeyd olunduğuna görə, rəylərin verilən səsə adekvat olmadığına görə, layihələrin bəndlərinin köçürülərək, rəy kimi təqdim olunduğuna görə və rəylərin məzmuna uyğun olmadığına görə bəzi səslər silinib. Deputatın adından istifadə edib rəy verənlər də oldu. Təbii ki, onlar da nəzərə alınmadı". 

Azay Quliyev keçid balı toplayan layihələrin sayı barədə də məlumat verib:

"Ekspertlərdən yekun keçid balı (60 və daha çox) toplamış layihələrin sayı 101, vətəndaşlardan keçid bal (20 və daha çox) toplayanların sayı 101, həm ekspertlərdən, həm də vətəndaşlardan keçid balı toplayan 30, vətəndaş rəyləri 0 olan layihələrin sayı isə 59-dur. 1- 20 bal arası toplayan layihələrin sayı isə 94-dür. Biz burda maksimum çalışdıq ki, həm ekspertlər, həm də vətəndaşlardan bal toplamış layihələr arasında balanslaşdırmanı təmin edək". 

Sədr maliyyələşən layihələrdə vətəndaş rəyinin nəzərə alınma faizinə toxunaraq söyləyib ki, vətəndaşların qiymətləndirmə balı nəzərə alınaraq maliyyələşdirilən layihələrin sayı 67 ədəd, ekspertlərin balı nəzərə alınaraq maliyyələşdirilən layihələrin sayı 45 ədəd təşkil edib: 

"Layihələr Şuranın" Qrant müsabiqəsinin keçirilməsi Qaydaları"nın 7 saylı əlavəsinə layihələrin maliyyələşməsi üçün müəyyən tələb olunan meyarlara cavab vermədikdə, vətəndaş qiymətləndirilməsi prosesində səsvermə qaydalarının pozulması halı aşkar edildikdə, layihənin mövzusu müsabiqə istiqamətinə uyğun olmadıqda, layihəni təqdim edən QHT-nin qanunvericiliyə riayət etməməsi və ya həmin QHT-nin Şura qarşısında götürdüyü müqavilə öhdəliyini yerinə yetirilməməsi haqqında katibliyin arayışı olduqda onlar maliyyələşdirilməyib". 

A.Quliyev artıq bu gündən Appelyasiya Komissiyasının fəaliyyətə başladığını da vurğulayıb: "QHT-lər 5 iş günü ərzində appelyasiya şikayəti verə bilərlər. Bizim Appelyasiya Komissiyamız bu şikayətlərə baxış keçirərək yenidən qiymətləndirilmə aparılmasını təmin edəcəklər".

Azay Quliyevin sözlərinə görə, bəzi qeyri-hökumət təşkilatları şər, böhtan, hədə-qorxu yolu ilə bizdən layihə almağa çalışır. O bildirib ki, həmin şəxslər şər-böhtan atmaq əvəzinə layihə yazmağı öyrənsinlər:

"Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz. Bizi şantaj etmək əvəzinə, bizim haqqımızda yalan, böhtan xarakterli yazılar yazdırmaq əvəzinə, getsinlər layihə yazmağı öyrənsinlər. Bunu üçün layihə yazmaq lazımdır, şantaj etmək yox. Layihə yaza bilmirlərsə, gəlsinlər onlara layihənin necə hazırlanması ilə bağlı təlimlər keçək”.

A. Quliyev qeyd edib ki, şura ölkədə aparılan şəffaflığa, elektron hökumət quruculuğuna öz töhfəsini verməyə borcludur və bu istiqamətdə iş aparır.

Röya Kərimli