Bu mövzu "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində keçirilən eyni adlı dəyirmi masada müzakirə edilib.
Moderator İlqar Vəlizadə qeyd edib ki, son illərdə Azərbaycanda ailə institutu ilə bağlı ciddi narahatçılıqlar var. Statistika göstərir ki, qurulan ailələrin sayı getdikcə azalır, boşanmaların sayı isə durmadan artır. Eyni zamanda ailələrdə qız uşaqlarının sayının azalması problemi də mövcuddur. Selektiv abortlarla bağlı aparılan izahat işlərindən, maarifləndirici tədbirlərdən və dövlətin müdaxiləsindən sonra problemi qismən aradan qaldırmaq mümkün olsa da, məsələ aktual olaraq qalır. Odur ki, ailələrdəki mövcud durumu və selektiv abortlar fonunda respublikanın sosial-demoqrafik vəziyyəti gündəmə gətirməklə biz cəmiyyətin diqqətini bu problemlərə cəlb etmək istəyirik.
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyin sədri Ülkər Abdullayeva qeyd edib ki, ailələrdə qadınların vacib rolunu diqqətə çatdırmaq, eyni zamanda qızların niyə hələ də bir çox Azərbaycan ailələrində arzuedilməz olmasının səbəblərinə aydınlıq gətirmək istəyirlər. "Nə üçün qız uşaqları Azərbaycan ailələrində o qədər də arzuolunan deyil?”, "Selektiv abortların sayı niyə durmadan artır?” - kimi suallara ictimai müzakirələr sayəsində cavab tapmağa çalışırlar. Cəmiyyətin diqqətini bu kimi problemlərə yönəltməyə çalışan layihə rəhbərliyi problemin əslində təkcə ölkəmizdə deyil, bütün dünyada ciddi olduğunu diqqətə çatdırıb.
Ü. Abdullayeva layihə çərçivəsində Bakı, Gəncə və Mingəçevir şəhərlərində tədbirlərin keçirildiyini qeyd edib. «Əsas məsələ klassik Azərbaycan ailəsi modelinin müsbət cəhətlərini müzakirəyə çıxarmaq, ölkəmizdə nəhayət boşanma mədəniyyətinin bərqərar olmasına çalışmaqdır” – deyən QHT sədri, ailələrimizdə utanc gətirən məsələlərdən birinin qız uşaqlarının arzulanmaması olduğunu bildirib.
"Təcrübələr göstərir ki, Azərbaycanda hələ də qadına qarşı şiddət, zorakılıq davam edir. Bu, təkcə ər tərəfindən həyat yoldaşına qarşı edilən zorakılıq deyil, həm də atanın qızına, qardaşın bacıya qarşı etdiyi zorakılıqdır. Bütün bunlar ona gətirib çıxarır ki, qızlar ailədə arzulanmayan övlada çevrilirlər. Hamiləlik dövründə məlum olanda ki, döl qızdır, ailələr o uşağı abort etdirirlər. Çünki qız uşaqlarını ailəyə yük kimi qəbul edirlər. Bəzən valideynlər bu yükdən azad olmaq üçün qızları erkən yaşda ərə verirlər. Təəccüblüdür ki, ailənin yükünü ən çox qızlar çəkir. Atalar özləri də həmişə etiraf edirlər ki, onların qayğısına daha çox qızları qalır. Bəs onda niyə ailələrdə qız uşaqları arzu edilmir?” – deyən QHT rəhbərinin sözlərinə görə, belə münasibət demoqrafik problemlərə gətirib çıxarır.
Psixoloq Zeynəb Əyyubova Azərbaycan ailələrində "mənim niyə oğlum yoxdur?" sualının populyar olduğunu bildirib. O, sırf oğlu olmadığına görə, psixoloji problemləri yaranan pasientlərinin olduğunu qeyd edib. Ekspertin sözlərinə görə, bəzən Azərbaycan ailələrində oğlu olmayan qadına sonsuz kimi baxır, onu qınaq obyektinə çevirirlər.
Araşdırmaçı-jurnalist Raminə Eyvazqızı qeyd edib ki, ailələrdə qız uşaqlarına münasibəti dəyişmək üçün sosial çarxların, kütləvi tədbirlərin köməyilə ciddi maarifləndirmə işləri aparmaqla ilə yanaşı qaydaları sərtləşdirmək lazımdır.
Sosioloq Əhməd Mansurovun fikrincə, müasir ailələrdə qız uşaqları üçün münasib həyat şəraiti standartları yaratmaq lazımdır. Başlıca problem ailənin qız övladına normal həyat şəraiti yaratmamasındadır. Oğlan uşaqları üçün ev, torpaq payı, miras nəzərdə tutulduğu halda, qız uşaqları mülkiyyət hüquqlarından məhrum olur.
Beynəlxalq Avrasiya Mətbuat Fondu sədrinin köməkçisi, gender problemləri üzrə ekspert Anastasiya Lavrina isə qeyd edib ki, cəmiyyətimizdə qadın və kişi hüquqlarını bərabər olduğu fikrini təlqin etmək lazımdır. Qızların zəif cinsin nümayəndəsi kimi təqdim edilməsi yanlışdır. Bu, əks cinsdə zəifi əzmə instinktini formalaşdırır. Qız uşaqlarının arzu olunmamasının həm də iqtisadi faktorlarla bağlı olduğunu vurğulayan Lavrina, oğlanlara ailələrdə əlavə işçi qüvvə, evə çörəkgətirən kimi yanaşıldığını qeyd edib.
Araşdırmaçı jurnalist Ramella İbrahimxəlilova qadına qarşı diskriminasiyanın, selektiv abortların hüquqi tərəflərinə aydınlıq gətirib.
Tədbirdə politoloqlar İsmayıl Kərimov, Zaur İbrahimli, hüquqşünas-filosof Gülnar Əhməd, iqtisadçı ekspert Qadir İbrahimli, Mətbuat Şurasının üzvü Azər Həsrət, ictimai fəallar Nərmin Şamilova, Nərmin Əzizova, araşdırmaçı jurnalist Təranə Məhərrəmova çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Ülkər Abdullayeva AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını dəstəyi ilə həyata keçirilən bu layihənin sona çatdığını bildirib. O, layihə çərçivəsində Bakı, Gəncə və Mingəçevir şəhərlərində kütləvi tədbirlər, eləcə də fləşmob keçirildiyini, KİV-də yayılan materiallar vasitəsilə geniş maarifləndirmə işlərinin aparıldığını qeyd edib. QHT sədri layihə başa çatsa da, problemin gündəmdə saxlanılacağını və maarifləndirmə işlərinin davam etdiriləcəyini deyib.
Şərhlər