2017-ci ilin 9 ayı ərzində pul bazasının mənbələri aidiyyatı dövlət qurumları ilə koordinasiya şəraitində idarə olunub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.
İcmalda deyilir ki, məzənnə rejimindəki dəyişikliklərlə əlaqədar gözləntiləri nəzərə alaraq ilin əvvəlində pul bazasının artımı məhdudlaşdırılıb, məzənnənin sabitləşməsindən sonra pul kütləsinin dinamikasında da sabitləşmə müşahidə edilib. 2017-ci ilin 9 ayının sonuna manatla pul bazası ilin əvvəlindən 10,3% artıb və dövrün sonuna 8 mlrd. 671,2 mln. manat təşkil edib. 9 ayda manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 11,2% artıb. Digər tərəfdən zəif kredit aktivliyi şəraitində pul bazasının artımı dövr ərzində bank sistemində izafi likvidliyin artması ilə müşayiət olunub. İlin əvvəlindən manatla olan müxbir hesabların qalığı 5,5% artıb. İlin əvvəlində manatla geniş pul kütləsi (M2) 11 mlrd. 546,3 mln. olub və dövrün sonuna 11 mlrd. 464,5 mln. manat təşkil edib. Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdiriblər. Belə ki, dövr ərzində nağd pul kütləsi 11,2%, fiziki şəxslərin manat əmanətləri 30,6% artıb, hüquqi şəxslərin manat depozitləri isə 22% azalıb.
Manatla müddətli əmanət və depozitlər dövr ərzində 35,7% azalıb, tələb olunanadək depozitlər isə 4,8% artıb. Fiziki şəxslərin manatla olan müddətli əmanətləri isə ilin əvvəlinə nəzərən 21% artıb. Hesabat dövrü ərzində geniş pul kütləsi (M3) 1,2% artıb və dövrün sonuna 21 mlrd. 134 mln. manat təşkil edib.
Hesabat dövründə bank depozitlərinin dollarlaşma səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib. Belə ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 44,7%, 9 ayın sonuna isə 45,8% təşkil edib.
Dövr ərzində fiziki şəxslərin manatla əmanətləri 30,6% artıb, xarici valyutada əmanətləri 15% azalıb. Nəticədə fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 79,6%-dən dövrün sonunda 71,8%-ə enib. (APA)
Qaynarinfo.Az
Şərhlər