Ekonomiks 12:08 11.12.2019

"Azərbaycan Dəmir Yolları" mikroprosessor idarəetmə sistemi tətbiq edir (MÜSAHİBƏ)

"Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəis müavini, hərəkət xidmətinin rəisi Elçin Məmmədov "Finans.az"a müsahibə verib:

- İnfrastuktur departamentinin işi nədən ibarətdir?
- İnfrastruktur Departamentinin əsas fəaliyyəti dəmir yolunda hərəkətin, işarəvermə və rabitənin, yol təsərrüfatının və elektrik təchizatının dayanıqlığını və fasiləsiz işini təmin etməkdir. Bu da yük və sərnişin qatarlarının təhlükəsizliyini təmin etməklə qatarların mənzil başına vaxtında çatmasına imkan verir.

- Azərbaycan dəmir yollarında elektrik təchizatı, yol təsərrüfatı, işarəvermə və rabitə qurğularının texniki vəziyyəti və elektrikləşdirilmiş dəmir yolu xətləri haqqında məlumat verərdiniz.
- Azərbaycan dəmir yollarında elektrikləşdirilmiş sahələrin istismar uzunluğu 1170 km təşkil edir. Bunlardan 343 km-i biryollu, 827 km-i isə ikiyolludur. Hazırda dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində Bakı-Böyük Kəsik sahəsində 622 km kontakt şəbəkə əsaslı təmir olunub və bu işlər davam etdirilir. Eyni zamanda, sabit dartı cərəyanından dəyişən dartı cərəyanına keçməklə əlaqədar olaraq, sözügedən sahədə yeni 12 ədəd dartı yarımstansiyası tikilərək istismara hazır vəziyyətə gətirilib. Şimal-Cənub dəhlizi layihəsi çərçivəsində aparılacaq əsaslı təmir işlərinin bir hissəsi olan Biləcəri-Yalama və Ələt-Osmanlı sahəsində isə dəyişən dartı cərəyanına keçməklə kontakt şəbəkəsi yenidən qurulacaq. Osmanlı-Astara sahəsində isə yolun elektrikləşdirilmədiyini nəzərə alaraq bu sahədə də yeni dəyişən cərəyanla işləyən kontakt şəbəkəsinin tikintisi layihələndirilir.

Azərbaycan dəmir yolunun açılmış ümumi uzunluğu isə 4281 km-dir. Bundan 2955 km-i baş yollar, 1189 km stansiya və xüsusi yollar, 137 km-i isə dalan yollarıdır. Bu yollardan 849 km yol əsaslı təmir olunub. Əsaslı təmir olunmuş yollardan 556 km yol Bakı-Böyük Kəsik sahəsində, 155 km Bakı-Sumqayıt dairəvi dəmir yolunda, 11 km Astara(Azərbaycan)-Astara(İran sərhəddi) sahəsində və 126 km digər yollardır. Şimal-Cənub dəhlizi layihəsi çərçivəsində aparılacaq əsaslı təmir işlərinin bir hissəsi olan Sumqayıt-Yalama, Ələt-Osmanlı sahəsində də mövcud yolun əsaslı təmiri və Osmanlı-Astara sahəsində yeni ikiyollu xəttin tikintisi layihələndirilir. Azərbaycan dəmir yolunda hazırda bütün stansiyalar elektrik mərkəzləşmə idarəetmə sistemi ilə, mənzillər isə avtobloklama sistemi ilə işləyir. Sözügedən sistem texniki cəhətdən köhnəldiyi üçün bu sistemin yeni mikroprosessor idarəetmə sistemi ilə əvəz olunması zərurəti yaranıb. Bu səbəbdən Bakı-Böyük Kəsik sahəsində 11 stansiya və 10 mənzildə bu sistem quraşdırılaraq iştismara verilib. Yeni mikroprosessor idarəetmə sisteminin qalan stansiyalarda tətbiqi üçün avadanlıqların quraşdırılması işləri aparılır. Şimal-Cənub dəhlizi layihəsi çərçivəsində Biləcəri-Yalama, Ələt-Osmanlı və Osmanlı-Astara sahələrində də mikroprosessor idarəetmə sisteminin tətbiqi ilə əlaqədar layihələndirmə işləri aparılır.



- Qatarların normal və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün hansı işlər görülür?
- İşarəvermə və Rabitə, Yol və Elektrik təchizatı sahələrində mütəmadi olaraq diaqnostika qatarı vasitəsiylə yoxlamalar aparılır, yoxlamalar nəticəsində aşkar edilən nasazlıqlar vaxtında aidiyyəyi sahələr tərəfindən aradan qaldırılır.

- Səhmdar cəmiyyəti əl əməyindən istifadənin azadılması, ağır əmək tələb edən işlərin mexanikləşdirilməsi və maşınlaşdırılması bazasında metod və formalarla təkmilləşdirilməsi istiqamətində hansı işlər görür?
- Dəmir yolunda əl əməyindən istifadənin azadılması, ağır əmək tələb edən işlərin mexanikləşdirilməsi üçün CSM, DÇS, RM, USP, PUMA, UUNİMAT kimi müxtəlif yol maşınları alınır və istismar edilir.



- Siqnalizasiya işlərinin yenilənməsi ilə bağlı hansı işlər görülür və nə zaman başa çatacaq?
- Azərbaycan dəmir yolunda hazırda bütün stansiyalar elektrik mərkəzləşmə idarəetmə sistemi ilə, mənzillər isə avtobloklama sistemi ilə işləyir. Sözügedən sistem texniki cəhətdən köhnəldiyi üçün bu sistemin yeni mikroprosessor idarəetmə sistemi ilə əvəz olunması zərurəti yaranıb. Bu səbəbdən Bakı-Böyük Kəsik sahəsində 13 stansiya və 12 mənzildə bu sistem quraşdırılaraq iştismara verilib. Yeni mikroprosessor idarəetmə sisteminin qalan stansiyalarda tətbiqi üçün avadanlıqların quraşdırılması işləri aparılır. Şimal-Cənub dəhlizi layihəsi çərçivəsində Biləcəri-Yalama, Ələt-Osmanlı və Osmanlı-Astara sahələrində də mikroprosessor idarəetmə sisteminin tətbiqi ilə əlaqədar layihələndirmə işləri aparılır.