Siyasət 18:16 11.06.2013

Azərbaycan Fələstinə 5 milyon dollar ayırdı

Fələstinin xarici işlər naziri: “Azərbaycanla münasibətlərimiz dost ölkələr arasında münasibətlərin necə inkişaf etməli olduğuna bir nümunədir”

Azərbaycan Qüdsün inkişafına dair layihələrin reallaşmasına 5 milyon dollar ayıracaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib.

 Onun sözlərinə görə, bu gün Bakıda keçirilən konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Azərbaycanın digər ölkələri ruhlandırmaq üçün 5 milyon dollar ayırdığını” bəyan edib: “Təəssüf ki, bu gözlənilən effekt vermədi. Ola bilər ki, bugünkü iştirakçılar qərar qəbul etmək hüququna malik deyillər. Yəqin ki, İƏT Katibliyi hər bir ölkə ilə bu barədə təmaslara başlayacaq”. 

 Nazir konfransın işindən razı qaldığını deyib və uğur əldə olunmasına töhfə verən Azərbaycana və bütün şəxslərə minnətdarlıq edib: “Azərbaycanın bu işə verdiyi töhfəni yüksək dəyərləndirirəm”. 

 Azərbaycan-Fələstin münasibətlərini şərh edən nazir bu münasibətlərin ümidverici perspektivə malik olduğunu deyib: “Azərbaycanla münasibətlərimiz dost ölkələr arasında münasibətlərin necə inkişaf etməli olduğuna bir nümunədir”.

 Xatırladaq ki, bu gün Bakıda Fələstinə yardım üzrə donor konfransı keçirilib. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Qüdsün inkişafının strateji planını müzakirə ediblər. Bu məqsədlə 500 milyon dollarlıq büdcə formalaşdırılması nəzərdə tutulur.