Xəbər lenti

Azərbaycan İnvestisiya Holdinqinin rəhbəri kimdir? (DOSYE)
Ölkə 22:01 05.11.2020

Azərbaycan İnvestisiya Holdinqinin rəhbəri kimdir? (DOSYE)

Xəbər verdiyimiz kimi, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı məlum olub.

Qaynarinfo xəbər verir ki,  siyahı Prezident İlham Əliyevin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə təsdiq edilib.  Fərmanla 21  dövlət şirkəti, müəssisə, habelə dövlət payı olan təsərrüfat cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Balasən oğlu Eynullayevdir.

M. Eynullayev  1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olmuşdur.

1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

"Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.

2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Dövlət qulluğunun kiçik müşaviridir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Bu ilin 19 avqustunda isə Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->