Bakıda evdə dini yığıncaqlar təşkil edən şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1980-ci ildə Qəbələ rayonunun Tüntül kəndində doğulmuş B.G. barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin, eləcə də keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsi protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Protokol Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi tərəfindən tərtib edilib.
Məlum olub ki, B.G. aylıq 500 manat əməkhaqqı müqabilində 1988-ci ildə Xaçmaz rayonunun Aşağı Zeyid kəndində doğulmuş R.V. adlı şəxsi evinə nəzarətçi götürüb. O, evə giriş-çıxışa nəzarət edirmiş.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi onun barəsində də eyni protokol tərtib edib.
Evə baxış zamanı yaşayış yerində 280 ədəd dini ədəbiyyat aşkar edilib, həmin ədəbiyyatların bir qismi açıq vəziyyətdə istifadə olunub, toplantıda iştirak edən şəxslər isə dini məzmunlu dərs prosesinə qatılıblar. İştirakçıların sayının 10 nəfər olması, dərslərin davamlı keçirilməsi və çoxsaylı dini ədəbiyyatın istifadəsi bu toplantının adi ailəvi və ya fərdi dini öyrənmə xarakteri daşımadığını göstərir. Tələbələrə əsasən Qurani-Kərimdən dərslər tədris elib.
Məhkəmədə bu, ictimai xarakterli, təşkil olunmuş dini yığıncaq və tədris prosesi kimi dəyərləndirilib.
Məhkəmənin hökmü ilə B.G. və R.V. İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə ayrı-ayrılıqda 1500 manat cərimə edilib.
Qeyd edək ki, tədbir iştirakçıları arasında Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 105,61 ünvanında qeydiyyatda olan Türk Respublikası vətəndaşı Talha Camurcan da olub.
Aydın
Şərhlər