Xəbər lenti

Dubayda qızıl niyə ucuzlaşıb? - Ekspert səbəbləri açıqladı
Ekonomiks 14:59 07.03.2026

Dubayda qızıl niyə ucuzlaşıb? - Ekspert səbəbləri açıqladı

"Dubaya təyyarələrin enib-qalxa bilməməsi səbəbindən qızılın qiymətinin kəskin düşəcəyi ilə bağlı fikirlər ağlabatan ssenari deyil. Bu, qısamüddətli məsələdir. Əksinə, gərginlik davam edərsə, qızılın qiymətinin daha da artması ehtimalı var”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Dubayda qızılın endirimli qiymətlərlə təklif olunması məsələsinə münasibət bildirərkən deyib. 

İqtisadçı hesab edir ki, baş verən hadisələr qızılın gündəlik qiymət dəyişikliklərinə təsir edə bilər: 
 


"Əgər qeyri-müəyyənlik davam etsə və müharibənin coğrafiyası genişlənsə, qızılın qiymətinin artması ehtimalı daha yüksəkdir. 30 dollarlıq gündəlik dəyişiklik qızılın bir unsiyasının qiymətində təxminən 0,6 faiz civarındadır. Qızılın qiyməti ümumiyyətlə volatildir və müxtəlif geosiyasi hadisələrə həssas reaksiya verir”. 

Dubayda qızılın qiymətinin enməsinin Azərbaycana mümkün təsirinə gəlincə, Xalid Kərimli bildirib ki, Dövlət Neft Fondu ehtiyatlarının mühüm hissəsi qızılda saxlanılır:
 
"Qızılın qiyməti artdıqda Neft Fondunun aktivlərinin dəyəri də yüksəlir. Qiymət aşağı düşəndə isə ehtiyatların dəyəri azalır. Hökumət qiymət dalğalanmalarını nəzərə alaraq uzunmüddətli strategiya çərçivəsində qızıl alır”. 

Qeyd edək ki, "Bloomberg"in məlumatına görə, İran ətrafında artan gərginlik səbəbindən aviareyslərin tez-tez ləğv olunması qızılın daşınmasını çətinləşdirib. Bu səbəbdən Yaxın Şərqdə, xüsusilə Dubay şəhərində qızıl endirimlə satılmağa başlayıb. Nəticədə treyderlər qızılı bir unsiya üçün təxminən 30 dollar endirimlə təklif edirlər. 

Bahar Rüstəmli
--> -->