Xəbər lenti

Azərbaycan: Növbədənkənar seçkilər və yeni nəsil siyasətçilər
Ölkə 22:49 05.12.2019

Azərbaycan: Növbədənkənar seçkilər və yeni nəsil siyasətçilər

Azərbaycan Yaşıllar Hərəkatının həmtəsisçisi, 4-cü çağırış Milli Məclisin deputatı, İqtisadiyyat üzrə fəlsəfə doktoru Ceyhun Osmanlının Avropada nüfuzlu media orqanlarından "Euractiv”-də məqaləsi dərc edilib. Euractiv - Avropa Birliyinin 12 ölkəsində 12 fərqli dildə yayınlanan müstəqil media resursdur. Bu media resursa Avropa siyasətçiləri, xüsusilə Avropa Parlamenti deputatları, Avro komissarlar, Avropa Birliyi ekspertləri, müxtəlif Avropa institutları və jurnalistlər abunədirlər.
 
Ceyhun OSMANLI
 
 
Biz Azərbaycanda növbədənkənar seçkilərin yeni demokratik eraya start verəcəyini və seçicilərə islahat proseslərini inkişaf etdirmək üçün şərait yaradacağını gözləyirik.

Azərbaycan Parlamenti tarixində ilk dəfə olaraq dekabrın 2-də buraxılması ilə bağlı Prezidentə müraciət etdi - bu, növbədənkənar seçkilərin keçiriləcəyi demək idi.

Ötən həftə hakim partiya (YAP) parlamentin buraxılması ilə bağlı müraciət etdi. Bu, özü özlüyündə ölkənin idarəetmə orqanlarının modernləşməsi və baş verən iqtisadi islahat proseslərinin tezləşdirilməsi istiqamətində atılmış pozitiv addımdır.

Bir çoxları bu addımı son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan islahatlara parlamentin dəstəyi kimi qiymətləndirir. Çünki, gələcəyə hesablanmış islahatlar kursunda dinamik, modern və savadlı yeni nəsil ekspertlərin rolu danılmazdır.

Mərkəzi Asiya və Qafqazda sosial-iqtisadi dinamizmin yer aldığı yeni erada artıq sovet dövrünün köhnə fikirli bürokratiyasına və kök salmış strukturlarına yer yoxdur.

Neftdən asılılığımızı azaltmaq və iqtisadiyyatımızı əhalinin tələblərinə uyğunlaşdırmaq üçün yeni nəsil təmiz düşüncəli kadrlara ehtiyac var. Bu gün 70 və 80 yaşlı kadrlar estafeti gənc nəslə verməkdədirlər.

2018-ci ildə yenidən Prezident seçildikdən sonra cənab İlham Əliyev islahatların yeni dalğasını gündəmə gətirdi. İdarəçiliyinin ötən dövründə iqtisadi və sosial inkişafa və sabitliyin qorunmasına nail olan cənab Prezident son aylar dövlət strukturlarının modernləşdirilməsinə və yeni islahatlara xüsusi diqqət ayırıb.

Önəmli addımlardan biri də dövlət strukturlarında rəhbər vəzifə tutanların cavanlaşdırılma prosesi idi ki, bunun nəticəsində artıq nazirlik və inzibati orqanların rəhbərliklərinə gənc kadrlar cəlb olunub. Harvard və Sarbonna kimi nüfuzlu universitetlərin məzunları olan və sovet hakimiyyətinə heç bir aidiyyəti olmayan gənc kadrlar dövlət strukturlarında söz sahibi olmağa başladılar.

Bir ay əvvəl Baş Nazir, Baş nazirin 2 müavini və bir sıra başqa yüksək səviyyəli məmurların istefa verməsi ilə yadda qalan genişmiqyaslı struktur dəyişikliyi baş verdi. İqtisadi sahədə təcrübəsi və novatorluğu ilə seçilən Əli Əsədov Baş Nazir təyin edildi.

Prezident Administrasiyasının 81 yaşlı rəhbəri Ramiz Mehdiyev ABŞ-ın Duke Universiteti məzunu, 44 yaşlı Samir Nuriyevlə əvəz olundu.

Mətbuat və vətəndaş cəmiyyəti təmsilçilərinin bu sahələrdə islahatlara çağırışları fonunda Prezident Administrasiyasının ictimai və siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir neçə gün öncə vəzifəsindən azad edildi.

Bu faktdır ki, siyasətçilərin bir-birini şərləməsi və gözdən salmaq cəhdləri islahatları kölgədə qoyur, oliqarxların və inhisarçıların müdaxiləsi isə xarici investisiyaların qarşısını alırdı.

Təbii olaraq bir çoxları inanır ki, biznesin inkişaf etməsi üçün korrupsiya metodları ilə daimi gəlir əldə edən və qeyri-sağlam rəqabətə səbəb olan oliqarxik münasibətlərdən uzaq olmaq lazımdır.

Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyində korrupsiyanı aradan qaldırmaq üçün aparılan islahatlar bu istiqamətdə atılan addımlara nümunədir. Nəticə olaraq bu qurumlarda olan bir sıra qanunauyğunsuzluqlar aşkarlanmış və buna səbəb olan məmurlar işdən kənarlaşdırılmışdır.

Ardıcıl islahatlardan və yeniləşmədən danışarkən 2017-ci ildən etibarən Azərbaycanın Birinci Vitse-Prezidenti olan Mehriban xanım Əliyevanın rolu xüsusi vurğulanmalıdır.

Bu islahatların nəticəsi olaraq gömrük və vergilər sahələrində şəffaflıq təmin edilir, inhisarçılıq aradan qaldırılır, idxal və ixracda şəffaflıq, bizneslərin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə olunmaqda davam edilir.

Gömrük sisteminin tamamilə elektronlaşdırılması yolu ilə gömrük daxilolmaları zamanı vasitəçilərin fəaliyyətinin aradan qaldırılmasına, gömrük prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması və şəffaflaşdırılmasına mühüm töhfələr verilir.

Vergilər sahəsində isə qaydalar yenilənmiş, uğurlu vergi islahatları aparılmış, vergi qanunvericiliyinə əlavələr edilmiş, vergi şəffaflığının beynəlxalq standartlara cavab verməsi təmin edilmişdir. MakCorc hüquq məktəbinin məzunu Vergilər Naziri Mikayıl Cabbarov İqtisadiyyat Naziri vəzifəsinə yüksəldilmiş, vergilər və dövlət əmlakının özəlləşdirilməsi İqtisadiyyat nazirliyinə birləşdirilmişdir. Bu, qarşıdakı dövrdə ölkəyə xarici sərmayədarların cəlb edilməsi üçün şərait yaradacaq.

Eyni zamanda, xarici sərmayədarlara 7 il vergisiz işləməyə şərait yaradan sənaye parkları, beynəlxalq qanunvericiliyin işləyəcəyi və ərazisindəki bizneslərin vergilərdən azad olduğu Azad İqtisadi Zona, o cümlədən Bakı Ələt Limanı kimi imkanlar artıq bu günün reallığına çevrilib.

Bu pozitiv addımlar Dünya Bankının "Doing Business” indeksində Azərbaycanın 2018-2019-cu illər ərzində 57-ci sıradan 25-ci sıraya yüksəlməsi ilə öz əksini tapıb.

Bundan əlavə, Prezident İlham Əliyev məhkəmə orqanlarının təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə 2019-cu ilin aprel ayında məhkəmə islahatları barədə müvafiq sənəd imzalamışdır.

Bütün bu dəyişikliklər Azərbaycanda yeni demokratik eranın başlanğıcı olacaq və seçicilərə islahat prosesində əlavə iştirak haqqı qazandıracaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->