Xəbər lenti

Azərbaycan türkcəsinin zənginləşmə yolları
Ölkə 16:10 27.05.2024

Azərbaycan türkcəsinin zənginləşmə yolları

Azad Qaradərəli

Qədim dostlardan professor Nəsib Nəsibli zəng vurdu ki, bəs Sosial Tədqiqatlar Mərkəzində ana dilimizin taleyi ilə bağlı konfrans olacaq və sənin də oarada müəyyən bir mövzuda çıxış etməyini istəyirik. Təbii, mən yazıçı olduğumdan dilimizin bəzi problemləri, o cümlədən onun zənginləşmə yollarından danışmağı tərcih etdim. Hardasa 10 səhifəlik məruzə hazırlayaraq lazimi ünvana göndərdim. Mərkəzin rəhbəri Zahid Oruc, şair Sabir Rüstəmxanlı, professor Nəsib Nəsiblı və başqaları geniş danışdılar və növbə mənə çatanda məlum oldu ki, uzağı 7 dəqiqə vaxtım var. Daha başqa çarə qalmırdı. Beləcə, aşağısı 30 dəqiqəlik məruzəni 7 dəqiqəyə tezizlər şəklində söylədim. Ona görə də, belə qərara gəldim ki, bəzi hazır məqalələrim əsasında hazırladığım məruzəni oxucularım üçün öz bloqumda yayımlayım...

Budur, haqqında danışdığım o məruzəni oxucularıma təqdim edirəm...
Müəllif

Sayqılı dostlar, əziz soydaşlarım!

Dil canlı orqanizmdir və canlılar daim qidalandığı kimi dil də qidalanmalı, başqa sözlə zənginləşməlidir. Uranı zənginləşdirəndə ən müasir silah olan atom bombası alındığı kimi dil də zənginləşəndə müsirliyini saxlayır, dünya dilləri cərgəsində öz yerini alır... Əks təqdirdə, paslı patron kimi bir şeyə yaramaz, yarasa da ancaq muzey eksponatına çevrilər...

Bəs dili kim, yaxud, kimlər zənginləşdirməlidir?

Başqa sözlə, dilin zənginləşmə yolları hansılardır?

(Bəri başdan deyim ki, mən pedoqoji institutun dil-ədəbiyyat fakültəsini, indiki dillə desək, pedoqoji universitetin filologiya fakültəsini bitirsəm də, dil məsələlərindən bir az başım çıxsa da, özümü peşəkar dilçi saymıram. Mənim fikirlərim, olsa-olsa bir yazıçının, ziyalının ana dili haqqında ağrılı düşüncələridir.)

Obrazlı olsa da, deyim ki, dilin anası xalq, atası isə dövlətdir.

Ona görə də, uzun illər dilimiz analı dil kimi yaşayıb, zira atası olmadığı üçün, böyük dillərin cərgəsinə qoşula bilməyib. Xahiş edirəm, burada pafoslu, yalançı vətənpərvərlik çıxışları, uydurma tarixi-coğrafi fikirlər sərgiləyib, özümüzü anlatmayaq. Bəli, ayrı-ayrı zamanlarda hazırkı Quzey və Güney Azərbaycanın ərazilərində dövlətlər olub. Və o dövlətlərin bəzilərinin şahları bizim türkcədə danışıb, hətta şeir də yazıblar. Lakin o dövlətlərin idari dili, hərbi dili, istehsal dili və ən ümdəsi məktəb dili ərəb-fars dilləri olduğundan bizim dilimiz yalnız ailələrdə, yaxud hərəmxanalarda işlənilib ki, buna görə də mən deyirəm ki, dilimizin atası olmayıb...

Deməli, dilin birinci inkişaf etdirəni, zənginləşdirəni dövlət olmalıdır. Soruşula bilər ki, bəs xalq? Xalq yazıq min illərdir ki, bütün təzyiqlərə sinə gərir, özünü düşmən qılıncının qabağına atır, sinəsini yadelli gülləsinə, topuna-tankına sipər edir və dilimizi bu səviyyədə də olsa, gətirib bizə və dövlətə təhvil verib, daha yazıq xalqdan – anadan bundan artıq nə istəməliyik ki?! Bəxtiyar Vahabzadənin "Feil olmaq istəyirəm” adlı bir şeiri var, məncə bu dedikələrimə ən yaxşı cavabdır o mətn...

Çox sevirəm feilləri,
"Gəldi”, "getdi”,
"Aldı”, "çaldı”,
"Endi”, "ucaldı”,
Feil – hərəkət, feil – sürət.
Canlıdır, diridir,
Feil – insan əməlidir.
Feil həmişə döyüşdə,
Həmişə at belində,
Öz dostu var, düşməni var dilin də!
İsim, sifət döyüşlərdə
çox zaman karıxar…
Fellərsə döyüşlərdən həmişə
qalib çıxar.
Çox sevirəm igid kimi döyüşən
Kəlməni mən,
Sözü mən,
Fel olmaq istəyirəm
Düzü, mən…

Zənnimcə, şeirdən çıxan nəticə aydındır: xalq, dilinin ağır zərbələrə sinə gərəcəyini sövq-təbii başa düşübən feilləri yaratmış ki, dilinə alınma sözlərin axınının qarşısına sipər ola bilsin. Məlumdur ki, dilimizdəki bütün feillər milli sözlərimizdir və tək bir-iki köməkçi feil – məlum oldu, razı saldı, kömək etdi və s. kimi sözlərdə birinci tərəf ərəb-fars sözləridir, ikinci tərəf isə yenə doğma ol, et və s. feillərimizdir.

Ən vacib məsələlərdən biri də, soyad məsələsidir. Zənnimcə, vahid soyad məsələsi kimi –lı,-li,-lu,-lü şəkilçilərindən yararlanmaq olar və bunun əvvəlcə, elmi və elitar çevrədə, sonra isə ümumxalq müstəvisində müzakirəsinə nail olub, qərarla rəsmiləşdirilməlidir. Orası da maraqlıdır ki, 1918-19-cu illərdə soyad məsələsi də öz həllini tapmışdı. O dövrün böyük ədibləri, incəsənət adamları öz soyadlarını məhz dediyimiz kimi istifadə etmişlər: Hacıbəyli, Cabbarlı, Məmmədxanlı, Əlili və sair...

Burada səsləndirdiyim fikirlərin əksəriyyəti neçə vaxtdır üstündə işlədiyim "Baş nazirin frakı” adlı romandanındandır. Orada göstərilir ki, dövlətin dil haqqında silsilə qanunları və o qanunlara nəzarət mexanizmi olmalıdır. Təcili surətdə ölkədə dil islahatı aparılmalı, Atatürkün müasir Türkiyə türkcəsini ayağa qaldırdığı şəkildə reformalara start verilməlidir. Zənnimcə, ilk işi küçədən başlamaq lazımdır. Çünki bu dilin sahibi olan xalq, kütlə kabinetlərdə deyil, küçələrdədir. Bütün reklamlar, idarə və təşkilat adları, adi yazılar belə Azərbaycan türk dilində aparılmalıdır. Buna əməl etməyənlər üçün sərt cəzalar tətbiq olunmalıdır.

Küçədə, məktəbdə, idarədə başqa dildə danışanlar da eyni şəkildə cəzalandırılmalıdır. Təbii, söhbət Azərbaycan vətəndaşlarından gedir.

Məlumdur ki, ölkəmizdə çoxlu sayda rusdilli insanlarımız vardır. Onların ana dillərini öyrənməsi üçün pulsuz kurslar təşkil olunmalıdır. Ölkəmizdə başqa dillərdə kitab satışına qadağa qoyulmalıdır. Televiziya və radiolarımızda başqa dillərdə veriliş və filmlər qadağan olunmalıdır. Yad dildə qəzet çıxartmaq, sayt açmaq da o cümlədən. Təbii, bunu dövlət strukturları həyata keçirdiyi üçün dövlət də nəzarət etməlidir. Xaricdə oxuyan tələbələrin məzun kimi ölkəyə qayıdışları təmin olunmalıdır. Məktəbimiz, maarifimiz, səhiyyəmiz elə inkişaf etdirilməlidir ki, xaricdə kütləvi təhsilə və müalicəyə ehtiyac qalmasın...

Məmurların və xüsusilə nazirlərin ana dilini təmiz bilmələri şərt kimi ortaya qoyulmalıdır. Ölkəyə rəhbərlik edənlər, bütün məmur heyəti, diplomatlar hər yerdə ana dilində danışmalıdırlar. Ölkə başçısının həm ölkədə, həm ölkə dışındakı bütün rəsmi və qeyri-rəsmi görüşləri Azərbaycan türkcəsində aparılmalıdır.

Dilin qorunması və zənginləşdirilməsi üçün qəbul edilmiş dövlət proqramında istehsal sahələrinin yaranması, istehsal edilən məhsullara yerli adların verilməsi, gəmiçilik, təyyarəçilik, avtonəqliyyat, dəmiryol və bu kimi mühüm sahələrdə terminlərin ana dilimizdə yaradılmasına diqqət edilməlidir və sairə və ilaxır...

Ölkəmizdə yaşayan azsaylı xalqların hamısının dilinin qorunması və gəlişməsi üçün tədbir görülməli, ən azı ibtidai təhsili onların ana dillərində Azərbaycan türkcəsi ilə paralel şəkildə aparılmalıdır.

Mən qələm adamı olduğum üçün dilə yazıçının borclu olduğu qənaətindəyəm. Çünki o dilin qısıq imkanları hesabına yazıçı olan, qonarar alan, ölkədə və dünyada tanınan yazıçılar bu borcu ana dilinə qaytamalıdırlar, yoxsa 100 il sonra onların yazdıqları heç kimə lazım olmayacaq.

Bəs yazıçı dilin zənginləşməsi üçün nə edə bilər və nə etməlidir?

İlk növbədə dilin öz bazasından yapışmalıyıq. Gəlin razılaşaq, bircə anlığa pafosdan kənara çıxsaq, görərik ki, dilimizin orfoqrafiya lüğətində 60-70 min söz var. Yəni ingilis, çin, fransız, ərəb, fars, yaxud Türkiyə türkcəsi ilə müqaisədə bu qat-qat azdır. Dedim axı, dilimiz atadan yetim qalıb uzun zaman və cəmi 32 yaşı olan bir atadan çox şey uma bilməsək də, başqa umulası yerimiz də yox axı. Yəni uman yerdən küsərlər deyimi məhz bura üçündür...

Əgər orfoqrafiya lüğətimizdə 60-70 min söz vardırsa, inanıram ki, bundan iki dəfə çox sözümüz də həmin lüğətə düşməmişdir. Sadəcə, dilimizin imkanlarına güvənərək bu sahəni dövlət səviyyəsində inkişaf etdirmək lazımdır.

Hə, ilk mənbə təbii, dilimizin öz bazasıdır. Unudulan sözlərimizə qayıtmağın vaxtıdır. Mənim bu barədə "Heyf olan sözlər” adlı bir essem var ki, saytlarda yayımlanıb.

HEYİF OLAN SÖZLƏR!

1. Dilimizdə bir çox sözlər var ki, izi itmədə. Yalnız qoltuqlara qısılaraq yaşam sürdürürlər. Biri elə ARI sözü. O gözəl həşəratın adı olan bu söz bir zamanlar sifət idi, təmizlik, təravət, gözəllik bildirirdi. Nə yazıq ki, bir-iki söz birləşməsində yaşamaqda: aydan arı, sudan duru; arı-duru... Vəssalam.

ÜZÜK kəlməsi də o yolun yolçusu. Bir zamanlar üzülmüş sözünün mənasına yaxın məna ifadə edən bu kəlmə indi yalnız əzik sifətinin qoltuğuna qısılaraq son günlərini yaşamaqda: əzik-üzük. Vəssalam. Daha başqa yerdə yox. Amma gör harda var?! Vaqif şeirində! Molla Pənahın misralarını bəzəmiş bir zamanlar:

Nə müddətdir ona güvənən bizik,
Həsrətin çəkməkdən canımız üzük.
Hər əlinə alıb bir dənə üzük,
Üzüyü dəstinə alan oynasın.

Son qəmin olsun, Vətən. Sözlərini itirə-itirə gedirik. Əvəzində yad sözləri doldururlar dilimizə: siti, palase... və daha nə zir-zibil...

2. İllər əvvəl bir status yazmışdım və bu günlərdə, yayın ortasında – quyruq doğan gündən iki gün sonra həmin statusu facebook təkrar mənə xatırlatdı: ""Yazı"ya yenə ən çox gənclər yazı göndərib. Bu yaxşıdır. Amma yaxşı olmayan cəhət odur ki, gözə, qulağa xoş gələn alınma sözü tezcənək  yazılarına salırlar. Mən, adətən, onların yazılarına toxunmuram. Amma bunları yazmasam olmur...

Məsələn, ƏLBİSƏ sözü. Bu ərəb kəlməsinin əvəzinə, dilimizdə çoxlu türk sözlərimiz var. GEYİM, GEYƏCƏK, GEYİŞ (heyf ki, sonuncu məhdud işlənir, "filankəs yeyişilə-geyişini bilsəydi..." tipli cümlələr şəklində) kimi yerli və PALTAR kimi artıq dilimizdə oturuşmuş alınma söz olduğu halda, ƏLBİSƏnin yeri yox, məncə. Dilimizə söz gətirək, ancaq ehtiyac duyulan söz!”

Nə idi bu statusda diqqətimi çəkən?

Burada iki arxaik sözün birləşməsindən yaranan və dilimizdə bölgələrdə daha fəal olan, mənim mətnlərimdə sevə-sevə işlətdiyim YEYİŞ-GEYİŞ söz birləşməsindən bəhs etmək istərdim. Dediyim kimi, hər iki söz artıq dilimizdə ayrılıqda işlənmir. Nə yaxşı ki, heç olmasa, ikisi birləşəndə dildə qısıq şəkildə olsa da, işləklik qazanıb. Həm də hikmət dolu kəlmə. Məsələn; "Yeyişyin-geyişin bilməyəndən uzaq olun”, yaxud bir başqası: "Yeyişin-geyişin bilməyənin axırı oradı – uzaqdan həbsxananın tikanlı məftillərlə əhatə olunmuş binasını göztərdi.”

Nəzərə alsaq ki, bu sözlərdən birinin - geyişin əvəzinə Azərbaycan türk dilində geyim sözü ilə yanaşı alınma paltar sözü, Türkiyə türkcəsində isə yenə alınma əlbisə sözü geninə-boyuna işlənməkdədir... adamın əti çimçəşir...

Bu fikirdəyəm ki, fabrikantlar, yeyinti sənayesi işçiləri YEYİŞ və GEYİŞ sözlərini istehsal etdikləri məhsulun üzərinə yazmaqla bu boşluğu doldura bilərlər. Nəzərə alsaq ki, YEYİNTİ sözü Sovet vaxtı və indiki insafsızlar cəmiyyətində mənfi çalar qazanıb, niyə YEYİNTİ SƏNAYESİ ƏVƏZİNƏ elə bu cür yazmayaq: YEYİŞ SƏNAYESİ! Yaxud belə cümlə işlədə bilərik:”İSTEHSAL EDİLMİŞ YENİ GEYİŞLƏR yaz kolleksiyasının bəzəyidir.”

Öz sözlərimizi burunlamayın...

Zənnimcə, ARI sözünü də dilimizə qaytarmağın vaxtıdır. Məsələn, kənd təsərrüfatında, fabrikantların praktikasında bu sözdən yararlanmaq olar. GMO məhsulların antonimi kimi ARI MƏHSULLAR (yəni təmiz məhsullar) ifadəsini işlətmək olar. Yaxud mebel sənayesində ARI MEBEL çeşidləri (saf, həqiqi mebel çeşidləri əvəzinə) işlədə bilərik.

Dilimizdən çıxmış ÜZÜK sözünü alqı-satqı (biznes sözünün qarşılığında  ALQI-SATQI sözü yararlı ola bilər) sözü ilə əvəz edə bilərik. Məsələn belə: ÜZÜK MƏHSULLARIMIZ alıcılarını gözləyir. (Məlumdur ki, ucuz sözü igrah doğurur, onun əvəzində ÜZÜK işlətsək, pis olmaz.)

Dilin zənginləşmə bazalarından biri və ən mühümü, heç şübhəsiz dialekt və şivələrimizdir. Yazıçının borcu dialekt və şivələrimizdə aktiv olan, ədəbi dilimizdə yeri görünən sözləri aşkar edib əsərlərində işlətməklə onlara yeni həyat qazandırmaqdır. Bu barədə də ayrıca bir yazım var ki, onu da dinləyicilərə çatdırmaq istərdim.

BİZİM SÖZLƏR

1. QAYSAR

Quru şaxtalı havaya anam QAYSAR deyərdi."Ədə,qapını ört, qaysar olduq."

Yaxud belə:"Qaysardı,a bala,əyninizi qalın eləyin."

Mətnlərimdə görsə bilərsiniz bunu da.

2. ƏMƏZƏK

Nənəm yarıtmaz, əmək itirən, bəzi hallarda isə yediyini sir-sifətində, ağırlığında göstərməyənlərə (sonuncu bir az əzizləmə mənasında olardı - axı, adətən övladlarına aid edərdi) ƏMƏZƏK deyərdi. "Əməzək köpəy oğlu, yediyin burnunnan gəlsin!" Yaxud bir az yumuşaq: "Əməzəkdi dayna, bizlərə heç çəkmiyib." Ya da lap yumşaldar, bir az oxşaya-oxşaya deyərdi: "Əməzəkdi, elə bil günlərdi çörək yemiyib."

Söz o qədər qədimdir, o qədər daşlaşıb ki, kök-şəkilçiyə də ayırmaq olmur. Çox güman ki, ƏMZİK sözü ilə qohumdur.

Türkcəmizin özü qədər qədim sözlər...

Mətnlərimdə görə bilərsiniz...

3. UMSUQ

Ana dilimizin imkanları barədə düşünəndə onun alt qatında yatan, işlənməyən, yaxud az işlənən o qədər sözlərin olduğunu görürsən ki!..

Biri elə dilimizin şəhd-şəkərində çimib ballanan UMSUQ sözü. Bu sözün yaşı Həsənoğlu sözünün yaşından qədim, boy boylayan, soy soylayan ata-analarımızın boyu-soyu qədər qayım-qədimdi.

Nə yazıq ki, bu sözə dayaq olan UM feli dilimizdə işləklikdən qalıb. Yalnız bir neçə sözdə məhdud şəkildə gizlənə bilib: umsuq, ummaq, umacaqlı... Fikrimcə, UMAC ismi də bu kökdən törəyib. (Burda yanıla da bilərəm; yaxşısın dilçi alimlərimiz bilər.)

Qayıdaq yazımızın qəhrəmanı UMSUQ sözünə.

Nə yazıq ki, UMSUQ az, dar mənada işlənsə də, onun tam tərsi olan UMACAQLI sözü az qala ölkəni ağzına alan bir çox adamın epitetidir. Umsuq isə tamarzı, arzusuna çatmayan, dünya tamına həsrət (yadıma "renessans həsrəti” düşdü) olanların emblemidir. Nə yazıq ki, ölkə boyu milyonlara yarlıq ola biləcək deyimdir bu... Amma.. və lakin... Umsuq olduğunu kim boynuna alır ki?! (Ac ol, kişi ol!..)

Allah heç kimi umsuq eləməsin...
Umacaqlı heç eləməsin...
Nəyiniz də olmasa, qazanınızda umacınız olsun...
Amin...                                                                                                         

4. TARÇIQ

TARÇIQ ən qədim sözlərimizdəndir. Nə yazıq ki, ədəbi dildə işlənməkdən qalıb. Yalnız bəzi bədii mətnlərdə işlənir. Dialektlərdə, məsələn cənub-qərb dialektimizdə (Zəngəzur-Zəngilan) fəaldır. Mən də yazılarımda sevə-sevə işlədirəm, bəzən "mənası anlaşılmır” kimi fikirlər eşitsəm də. (Deyim ki, bu tip sözləri yazıçı elə işlətməlidir ki, mənası öz-özünə anlaşılsın.  Aşağıda bu tip nümunələr gətirəcəyəm.)

Güman ki, türk dillərinin hələ bir-bikir vaxtlarında yaranmış qədim sözcükdür ki, etimologiyasına varmaq belə olmur. Lakin sözün məna çalarına vaqif olandan sonra elə bilirəm ki, etimologiyası haqqında da fikir yürüdə bilərik.

Bəs TARÇIQ nə anlama gəlir?

Qışdan çıxan heyvanlar, xüsusən yük götürən at-ulaqları yaz ağzı yükləməz, özünə gəlsin deyə bir müddət səllimi buraxarlar. Bu vaxt ağsaqqallar bərk-bərk tapşırarlar:

-Ədə, a bala, atı apar göylükdə çidarla, qoy tarçıxlansın...

Yaxud belə:

-Ay uşaq, ulağı apar örən zəmi yerindəki yaşıllxda örüylə, tarçıx vaxtıdı...

Beləsi də olur:

-A gədə, o ikiz doğan qoyunun quzuların qoyma çox əmə, qoyunun nəfəsin kəsər, bir az əmən kimi quzuları aparın göylükdə otarın, tarçıxlansınnar...

Elə qız-gəlin də bu vədə bıçaq götürüb, önnükdən, döşlükdən bağlayar, düşərlər kövşənin canına, gün günorta yerinə gələnəcən torpağın bağrını yarıb çıxan unnuca, quşəppəyi, quzuqulağı, istiotca, gəlinbarmağı, gicitkən, cincilimdən... nə bilim axı, yüz cür yabanı pencərdən yığar-yığışdırar, yuyub-təmizləyər, doğrayıb qoyar yaymanın arasına, salar altı alovlanan sacın üstünə...

Bəh-bəh! İsti qutabın (bizlərdə buna xitəb, bəzi bölgələrdə kətə deyərlər) ki arasın açıb, kərə yağı saldın, ləzzətlə yedin ha, bax, bu olar bir ayrı ağız dadı!

Əlini əlinə vuran nənə də gülüb deyər:

-Yeyin, a bala, tarçıx vaxtıdır...

S.A.(Söz Ardı)

Hə, elə bilirəm ki, bu cür izahdan sonra TARÇIQ sözünün etimologiyasına vara bilərik. Zənnimcə, sözün kökündəki TAR kəlməsi fonetik dəyişikliklə bu günkü TƏR, yaxud TƏRƏ sözü ilə bir anlamdadır. TƏR, TƏRƏ sözləri dilimizdə təzə çıxan göy ot, yaxud yeyilən pencərə deyilir. (Doşabla unun və yağın qarışığından teztav bişirilən TƏRƏK sözünün də buradan alındığını zənn edirəm.) Güman ki, TARÇIQ, əslində TƏRCİK deməkdir. Yəni tər otdan, yaxud pencərdən doyunca yemək, yazağzının tər otunun, yaxud pencərinin dadını çıxartmaq. 

Bədahətən TƏRƏK sözünü də yada saldım. Elə bilirəm ki, bunu da yazıçılarımız dilimizə qaytarmalıdır.

Mənaları fərqli olsa da ayaqqabının içinə qoyulan əşyaya verilən TƏRLİK, atın yəhərinin altından qoyulan əşyaya verilən ad – TƏRCİK də unudulan sözlərdəndir ki, bu gün TƏRCİYİ maşın sənayemizdə işlətmək olar – sürücünün maşındakı oturacağına qoyulan döşəkçənin altına yerləşdirilən nazik əşyaya TƏRCİK demək pis olmazdı.

5. GUPPUN ən qədim sözlərimizdəndir. Təqlidi (yamsılama yolu ilə yaradılan) sözdür, elmi dilçilikdə buna vokativ sözlər deyirlər. Vaxtilə müstəqil feil kimi işlənmiş, lakin sonrakı mərhələlərdə nidaya çevrilmiş GUP (gup!gup!) sözündən törəmişdir. Orfoqrafiya lüğətində gup, gupamaq,  gup-gup, guppultu, guphagup və s. sözlər olsa, da guppun ismi verilməmişdir. Az qala bütün əhalinin rusca kuvald dediyi bu əşyaya biz tərəflərdə GUPPUN, yaxud GUPPU deyilir. Düzdür, dilimizdə bu sözün qarşlığı kimi gürz, yaxud əmud sözləri işlənir, lakin əvvala, bu sözlər daha çox hərbi termin kimi işlədilmiş tarixizmlərdir, ikincisi isə alınma kəlmələrdir. Halbuki öz ana dilimizin sözü şivədə də olsa günümüzəcən yaşamaqdadır. Mən mətnlərimdə bu sözü sevə-sevə işlədirəm. Məsələn, yazmaqda olduğum "Xeyrat” romanımda bu sözdən yararlanmışam: "... başın guppuldayar: gup, gup, gup... (küt alətlə, bizdə çəkiclərin ən böyüyünə elə guppun deyərlər, bax, elə bil onunla  vururlarmış kimi) başağrı dərmanı da kar eləməz...”

6. PIÇILQAN
və başqaları

Dilimizin lüğət tərkibini qismən əhatə edən orfoqrafiya lüğətində olsa da, ədəbiyyatda və danışıq dilində az istifadə olunan, az qala unudulan sözlərdən biri də PIÇIQAN sözüdür.  (Orfoqrafiya lüğətində söz pıçılğan şəklində yazılıb ki, zənnimcə, bu sözün deyiliş formasıdır, yazılışda pıçılqan olmalıdır.) İnsanın barmaqlarının arasında sürtünmə nəticəsində yaranan xəstəliyin, yaxud yaranın adı pıçılqan adlanır. (Cütdırnaqlı heyvanlarda da təsadüf olunur.)  İnsanda ən çox kişilərdə rast gəlinir. Ayağa uzunboğaz çəkmə geyinməsi zamanı barmaqlar sürtünür, havalanma olmur və barmaqlar arasında, xüsusən də çeçelə barmaqda pıçılqan əmələ gəlir. Evinizdə APTEKÇƏniz varsa, Teymurov mazı götürüb, oraya sürtməklə sağalda bilərsiniz. (APTEKÇƏ isə rusca işlətdiyimiz APTEÇKAnın dilimizdəki variantını əvəz edə bilər.)

Dilimizdə yeni sözlərin yaradılması, yaxud dialektlərdən gətirilməsi ən vacib işlərimizdən olmalıdır. Mən mətnlərimdə bu tip sözləri, onsuz da işlədirəm, zira bura yazıram ki, kimlərinsə gərəyi ola bilər. Dilimiz bayrağımız qədər vacib atributdur, ona QAHMAR çıxmaq, qorumaq və zənginləşdirmək övlad dünyaya gətirməkdən də ötədir. Qahmar sözünü də elə-belə işlətmədim...

Dilimizin söz qatına baş vurduqca yeni-yeni imkanların üzə çıxdığını görmüş oluruq. Gəlin bu mövzuda daha bir çalışmamıza nəzər salaq.

DİLİMİZİN SÖZ QATINDAN

-1-

Bir dost mənim xahişimlə külliyyatımın bir neçə cildi ilə eyni vaxtda buraxılması nəzərdə tutulan haqqımda yazılanlar bircildliyinə iri həcmli bir məqalə yazmışdı. (Başqalarının belə şeyləri gizlətməsi, yaxud xahiş etdiyi dosta bərk-bərk tapşırması ki, "bunu sənə dediyimi ayrı adam bilməsin”-filan kimi şeylər mənə yaddır. Mən həyatımda nə varsa, onu indiyəcən olduğu kimi yazmışam. Yazmadıqlarımı da "Məndən sonra” memuarımda yazmaqdayam. Hətta "Yazı” dərgisini buraxanda dostlarla bu kimi yazılara  görə mübahisəmiz, pozuluşmamız da olub.) Yazı o qədər əhatəli və bütöv idi ki, az vaxtda onun bunu necə bacardığına heyrət etdim. Sadəcə ad bir qədər başqa cür idi. Hansısa kitabında gedəcəkdi və ora uyğun başlıqla vermişdi. Və dedi ki, "...NİN SÖZ DÜNYASI” kimi vermək olar. Mən isə bədahətən belə dedim:”Bilirsən, "dünyası” kəlməsini çox sürüblər, bəlkə "... NİN SÖZ ALƏMİ” verək?

Dost bir söz demədi və heç o "sürüblər” deyiminə də ilişmədi ki, yəni bu nə deyən sözdür? Bəlkə telefonla danışdığımızdandır ki, sözün deyilişini yaxşı tuta bilməmişdi?..............................................

 Mən özüm isə uzun müddət bu cümlənin təsirində qaldım...

"...Bilirsən, "dünyası” kəlməsini çox SÜRÜBLƏR...”

Və...   

Aşağıda oxuyacağınız mətn belə yarandı...

 

"SÜR” FELİNİN ENERGETİKASI

 

Dilimiz söz sarıdan o qədər zəngin ki!

Sadəcə, qatlara enmək, onun çalarlarını aramaq, tapmaq gərək. (Bəri başdan deyim ki, dilimizin söz sarıdan kasad olduğundan şikayətlənən gənc yazarları başa düşür və onların dildən gileyli olduqlarını bölüşürəm. Başbilən babalarımız torpaqlarımızı pay-püş etdiyi kimi sözlərimizi də bir yerə yığıban bir toplu halına salmaq əvəzinə - M.Kaşğarlıya min rəhmət - çoxlu arvad alıb, o arvadlardan çoxlu uşaqlar törədib, çöllü biyabana buraxıblar və onların əzablarını biz çəkməkdəyik.)

Yazının əvvəlində SÜRÜBLƏR feilindən bəhs etmişdim. Sözügedən cümlədəki SÜRÜBLƏR feilini hər iki mənada işlətmək caizdir: həqiqi mənada "SÖZÜ ÇOX MİNİBLƏR” anlamına nisbətən yaxındır. Təbii, tam o deyil. Bunun tam mənasını bir azdan açacağam.

Məcazi mənada isə "SÖZÜ ÇOX İŞLƏDİBLƏR” anlamına gəlir.

"SÜR” felindən çoxlu yeni sözlər törəyib, zira onlardan ən önəmlilərinin üstündə dayanacağam.

Sür

Sürmək

Sürgəl

Sürgü

Sürgün

Sürt

Sürtkü

Sürü

Sürüş

Sürül

Sürülmək

Və sair.........

SÜRGƏL – bu gözəlim söz yalnız ovçuların dilində qalıb.  Ova gedənlər iki hissəyə bölünür: bərədə duran ovçular və ovu qovub ovçuların üstünə gətirən SÜRGƏLçilər.

SÜRGÜ sözü sürgəlin sinonimi kimi işlənsə də, onun arealı daha genişdir. SÜRGÜ sözü ev heyvanlarını sürgü edib otlağa aprmağa, sürgün zamanı insanları yük vaqonlarına doldurub Sibirə sürgü etmə zamanı da işlənmiş tarixizmdir.

SÜRGÜN haqqında geniş danışmayacağam. Bu sözün böyük ictimai yükü var.

SÜRTKÜ sözü də "sür” feilindən törəmişdir. İndi maşın texnologiyalarında termin kimi müxtəlif çalarlarda işlənə bilir: SÜRTKÜ YAĞI... Bu sözlə onlarla termin işlənir maşınqayırma sistemində....

SÜRÜ sözü də sür feilindən törəyib, dilimizdə çoxqatlı isimdir. Qoyun sürüsü, keçi sürüsü, mal sürüsü (bunun, əslində konkret adı var: mal naxırı, amma sürü də işlənir),  at sürüsü (bunun da öz adı var: at ilxısı, amma bəzi hallarda sürü kimi də ifadə oluna bilir),  ilan sürüsü və s. Bəzi hallarda ironiya ilə insana da aid edilə bilir: "Bir sürü adamsınız, amma bir iş bacarmırsınız.”

SÜRÜŞ  (qoyun) sürüsünün  sürülməsi anlamında, bəzən isə maşın sürməyə təzə başlayanların "sürüşə getməsi” mənasında işlənə bilir. Təbii, vurğu dəyişəndə söz də mənasını tamam dəyişir, yeni çalar qazanır: "Dur burdan sürüş!” Və sürüşmək, sürüşkən (yer), ayağısürüşkən  (qadın) çalarları da var...

Və yazının başında işlətdiyimiz, əslində, bu yazının yazılmasına səbəb olan SÜRÜL, yaxud SÜRÜLMƏK feili barədə...

Yazının giriş hissəsində bu kəlmənin çalarlarından kifayət qədər danışdım. Lakin ədəb naminə dərinə gedə bilmədim. İndi başqa versiya üzərindən açmağa çalışacağam.

Biz tərəflərdə keçinin, yaxud çəpişin dişisi ilə çox yaxınlıq edən təkələrə, adətən belə deyərlər: "O çox SÜRÜB, əti yeyiləsi deyil.” (Belə heyvanlardan qoxu gələr və əti də tamsız və iyili olar, yeyilməz hala gələr.) Bunun ironiya qatıyla dişi keçi üçün deyilən tərzi də var ki, başlıqda "Bilirsən, "dünyası” kəlməsini çox sürüblər...” cümləsi o mənanı ifadə edir. (Adətən ayağısürüşkən, şortu qadınlarçün də işlənə bilir.)

Belə...

Elə bilirəm ki, bu yazını daha dərinlərə doğru davam etdirib, SÜR feilinin yeni çalarlarını tapmaq olardı, zira buna ehtiyac görmədim.

S.A. (Söz Ardı)

Dilimizdə elektrotexnika, maşınqayırma, gəmiqayırma və bu kimi sahələrnin söz və terminlərinə ciddi ehtiyac var. Zira bunların yaradılması bir başqa yazımızda deyildiyi kimi, dövləti məsələdir və yaradılması vacib olan Dil qurumunun öhdəsinə buraxılmalıdır. Mənim kimi qələm adamlarının çırpıntıları da öz bəhrəsini verməmiş olmaz, zənnimcə...

Sonda: sür feilindən törəyən SÜRTKÜ sözünün və SÜRTKÜ YAĞLARI termininin özü deyir ki, dilimizin qatlarına enibən maşın texnologiyalarına aid qıt söz və terminləri yaratmaq olar və zəruridir. Adını unutduğum bir filosofun bu fikrini lap sonda yazır və yazını bitirirəm: "Cümlə qurmaq dövlət qurmaqdan çətindir.”

-2-

Dilimiz o qədər çoxqatlıdır ki, adam onun qatlarına enəndə qorxur. Labrint kimi çəkir səni və azacağından üşürgələnirsən.

Bu qatlara hərdən özüm girirəm yazı əsnasında, çəkib aparır məni. Hərdən də təhrik edirlər, səni ora girməyə məcbur edirlər...

Bu yaxınlarda Naxçıvandakı kitab sərgisi ilə bağlı birinin yazısında "aşırı yağmur yağırdı” cümləsi işlənmişdi. Bir xanım guya çoxbilmişlik edərək o saat reaksiya verdi ki, aşırı nədir, dilimizdə belə söz yoxdur, fasiləsiz yazın və sair...

Aşağıdan şərh bölümündə yazdım ki, xanım AŞIRI bizim də işlətdiyimiz sözdür. Və başladım aşırı sözünün qohum-əvladını da yanında sadalamağa:

AŞIR
AŞIRI
AŞIRIM
AŞIRMA (şalvar)
AŞIRMA (vurğu öndə, inkar)
AŞIRMALI,
AŞIRMASIZ...

Sonra da hirsli-hirsli yazdım ki, axı biz də türkük!..

İndi gələk bizə bu yazını yazdıram AŞIRI kəlməsinə.

Bu sözün kökü AŞ feilidir ki, insanı durğunluqdan çıxmağa, qarşındakı səddi aşmağa səsləyər. Uşaq olanda o qədər dağın bu üzündən o üzünə boylanmışıq ki! Sanki kimsə arxamızdan qışqırırdı: -Qorxma, o dağı AŞ!

AŞIR aşdan da güclüdür. Qarşındakı rəqib güclüdürsə, qorxma, aşır deyər. Şükür ki, bu dədə sözünə axır ki, 44 günlük savaşda əməl etdik.

AŞIRIM AŞ feilindən törəmiş isimdir. Ruhu şad olsun Fərman Kərimzadənin, "Axırıncı aşırım”ı yazdığı yerdə...

AŞIRMA, yaxud AŞIRMALI əlamət bildirən sözlərsə dilimizə rəng qatan kəlmələrdir. AŞIRMA fəndi, yaxud AŞIRMA (şalvar), AŞIRMALI (kofta) dilimizin az işlənən deyimləri olsa da, gözəllik qatarlar danışığımıza.

AŞIRMA (vurğu öndə, inkar) sözünün də öz məziyyəti var. Bunu daha çox dədələr nəvələrinə öyüd verəndə işlədərlər.

AŞIRMALI, AŞIRMASIZ da bir ayrı rəngdir Səməd Mənsur demişkən.

AŞIRI sözünü qəsdən axıra saxlamışam.

Bütün bu sözlərin ən gözəli elə AŞIRIDIR!

Dədə-nənələrimiz bu sözlə gül vurmuşlar aşırı dərəcədə!

Bütün aşırımları aşırma fəndlə aşmışlar, dağlardan aşırma kimi sallanan buludları aşırıb aşırımları keçmişlər, aşırmalı, aşırmasız adamların yol üstündə durması belə onlara aşırı təsir etməmiş!

Səni AŞIRI sevirəm, ana dilim, Azərbaycan türk dili!

Çox yaşa, aşırı yaşa!

Qarşındakı sədləri aş!

S.A.(Söz Ardı).

AŞIRMA sözü adi danışıq dilindən çıxaraq idman termininə çevrilib. Güləş yarışlarında belə cümlələri tez-tez eşidirik: filankəs AŞIRMA fəndlə rəqibini məğlub etdi. Deməli, bu qəbildən olan bir söz artıq ümumişlək söz anlayışını yararaq terminə - idman termininə çevrilməkdədir.

Yaxud başqa məqam. AŞIRMA sözü paltar, geyim texnologiyasına yansıyan söz kimi də işlədilməkdədir: filankəs AŞIRMA şalvar geyinməyi xoşlayır. Demək, bu söz həm də geyim, dəb texnologiyası termininə çevrilməkdədir.

Yaxşı olar ki, bu sahələrin adamları yad sözləri basmaqəlib kimi işlətmək əvəzinə, dilimizin imkanlarından aşırı dərəcədə istifadə etsinlər.

(Özaramızdır, BASMAQƏLİB də aşırı dərəcədə fısqırıq sözlərimizdəndir ha!)

Dilimizi zənginləşdirməyin bir yolu da yeni söz yaratmaqdır. Elə bilirəm ki, bu sahədə də yazıçıların üzərinə çox iş düşür. Axı yazıçı yaradıcı insandır, Allahdan aşağı adam yaradır o da. Adam yaradırsa, sözünü də yarada bilər. Mən belə yeni sözlər yaratmağa cəhd etmişəm. Məsələn, sürücülərin tez-tez işlətdiyi bir söz var: kapot. Məsələn belə:”Qoy maşının kapotunu qaldırım, qızdırır deyəsən.”

Mən bu sözü elə alınma sözə yaxın öz türkcəmizdəki bir sözlə əvəz edərək mətnlərimdə işlətmişəm: QAPAT. Məsələn belə:”Sürücü qapatı qaldırıb, maşının qızdırıb qızdırmadığını yoxladı.”

Yaxud başqa bir söz: darvaza əvəzinə, dialektdə fəal olan  QAPALAQ, yaxud YOLAĞA sözlərini işlədirəm. Soruşa bilərsiniz ki, niyə QAPI yox, QAPALAQ, yaxud YOLAĞA?

Qapı evin qapısına, QAPALAQ, yaxud YOLAĞA isə ümumi giriş qapısın, yaxud həyət qapısına verilən addır.

 YANAV sözü. Bu söz qapının yarıaçıq vəziyyətinə verilən addır ki, qarşılığı dilimizdə yoxdur. CAD sözü qarğıdalı çörəyinə verilən addır ki, onun da qarşılığı olmadığından mətnlərimdə, daha dəqiqi "Kuma-Manıç çökəkliyi” romabımda işlətmişəm. ADDAMAC sözü də bu qəbildəndir ki, kiçik çaylarda, yaxud çayların yayda quruyan vaxtlarında iri daşlardan aralı-aralı qoyulan və birindən digərinə tullanaraq keçmək üçün istifadə olunan körpüyəbənzər keçiddir.

***
Sonda dilimizin adı barədə.

Məlumdur ki, Azərbaycan Demokratik Cümhuriyyəti qurulanda dilimiz türk dili, milliyyətimiz türk yazılmışdı. Lakin rus faşist-kommunist diktaturası ölkəmizi işğal edib cümhuriyyətimizi süquta uğratdıqdan sonra uzun illər bu ifadələrə toxunmağa cürət etmədilər. Gəncə üsyanı, Şəki üsyanı və başqa yerlərdə başlayan xalq etirazları işğalçının gözünü qorxutmuşdu. Ta ki, 30-cu illərin sonuna – Stalin diktaturasının möhkəmləndiyi, Cavid, Cavad, Müşfiq, Simurq, Sanılı, Çobanzadə və bu kimi başqa sənətkarların, alimlərin qətliamı və sürgünə göndərildiyi zamanda yadelli düşmənin əl-qolu açıldı. Həm əlifbamızı dəfələrlə dəyişərək bizi öz keçmişimizdən ayırdı, ən dəhşətlisi isə dilimizin adını dəyişərək halalca türk dili yerinə saxta, qondarma Azərbaycan dili ifadəsini bizə "ərmağan” etdi. Konstutisiyamızda isə dövlət dilimiz rus dili yazıldı!..

Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra bu dediklərim qismən düzəldi. Dövlət dilimiz ana dilimiz kimi konstutisiyamızda təsbit olundu. Lakin dilimizin adı hələ də Azərbaycan dili olaraq qalmaqdadır. Zənnimcə, 44 günlük müharibədə böyük qəhrəmanlıq göstərən Azərbaycan oğulları və Azərbaycan rəhbərliyi Şuşada Türkiyə ilə cahanşümul  müqavilə imzaladığı kimi, türk respublikaraı ilə dostluq, qardaşlıq bağını möhkəmlənditdiyi kimi bir qələmlə bizi öz türk keçmişimizə qaytara bilər və Azərbaycan dili yerinə dilimizin ana adını özünə qaytarmalıdır və bunu edəcəklərinə inanıram.

Bəs dilimizin əsl adı necə olmalıdır?

Təbii, TÜRK dili adını işlədə bilmərik, çünki bunu artıq Türkiyə türkləri götürmüşlər. Zənnimcə, dilimizin adı AZTÜRK dili olmalıdır. Bu qulağa yad gələ bilər, zira bu addakı iki kəlmənin ikisi də öz qədim kökümüzə məxsusdur. Məlumdur ki, qədim türkcədə AZ – mən deməkdir. AZTÜRK – MƏNTÜRK anlamına gəlir. Üstəlik, bu adda ölkəmizin adının bir hissəsi də ehtiva olunur – AZTÜRK, yəni AZƏRBAYCAN TÜRKÜ!

Əlbəttə, mənim dediklərim ehkam deyil. Daha uğurlu variantı olan olsa və buna məni inandıra bilsə, həmin variantı müdafiə etməyə hazıram.

Bütün tədbir iştirakçılarına uğur diləyir, ana dilimizə və onu sevənlərə başarılar arzulayıram.

S.A. (Söz Ardı)

Lap sonda ortaq türkcə barədə.

(Mötərizə arasında olsa da, qeyd edim ki, mən dilimizi zibilləmiş bir çox alınma söz və ifadələrin qarşılığının tapılıb işlənilməsinin tərəfdarıyam. Təbii, beynəlxalq sözlərin deyil... Məsələn, burada işlətdiyim S.A (Söz Ardı) ifadəsi dilimizə paz kimi girmiş P.S ifadəsinin qarşılığı kimi tərəfimdən yaradılmış və uzun illərdir ki, işlədirəm.)

Babam deyərdi:”Əzəl Rum, axır Rum.”

Bu nə deməkdir? Romanlarımda tez-tez işlətdiyim bu ifadədəki Rum – Türkiyənin yerləşdiyi coğrafi ərazinin adlarından biridir. Yəni əvvəlimiz də Türkiyəylə olub, sonumuz da. Nuru paşanın Azərbaycanı xila etməsi, 44 günlük müharibədə Türkiyənin yanımızda ürəklə dayanması, Rəcəb Tayib Ərdoğanla İlham Əliyevin dostluğu, qardaşlığı bu deyimin necə gerçək olduğunu bir daha göstərdi.

Əzizlərim! Qardaşa ən doğma yenə qardaşdır! Türkün türkdən başqa dostu yoxdur” deyimi çox doğrudur. Bizim kökümüz dünya türkləri ilə, aşırı cəhətdən isə Türkiyə türkləri ilə birdir. Ortaq türkçəmiz də bu iki ölkənin dilindən rişə alıb yaranacaq. Anadolu türkcəsi dünya səviyyəli dil kimi bizə gərəkdirsə, Azərbaycan türkcəsi daha kökə bağlı dil kimi lazımdır və bu ikisinin bir-birinə alıb-verəcəyindən yaranan dil ORTAQ TÜRKCƏ olacaq. Bunu zaman özü yoluna qoyacaq. Nazim Hikmətin ölən yeri Bakı idi, bizim də ölən yerimiz Türkiyədir. Türkə və Türk dilinə salam olsun!

Və... Və... Və...

Ən sonda...

Bir məsələni unutmayın: yüz mamaça olsa da, güc doğana düşər. Qan qardaşımız da, digər qardaşlarımız olan türk respublikaları da,bizi istəyən qonşularımız da var olsunlar. Amma biz ilk növbədə Azərbaycan xalqımızı, türklüyümüzü, aztürk dilimizi, kimliyimizi, mənliyimizi qorumalıyıq. Eqoizmə yuvarlanmadan özümüzü sevməliyik. O taylı, Bu taylı dünyaya səpələnmiş 50 milyonluq aztürklərin nümayəndəsi olmağımızla fəxr etməliyik! Unutmayın: şərqdə ilk respublikanı biz qurduq, ilk qəzeti, ilk teatrı, ilk operanı biz yaratdıq. Və bunu heç unutnayın: dünya üzrə ilk türkoloji qurultayı biz qurduq!   

Səni sevirik, "ey qəhrəman övladı şanlı Vətənin”!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->