Xəbər lenti

İsveçrə sammiti: Sülh olmayacaq, savaş davam edəcək (ŞƏRH)
Dünya 12:16 17.06.2024

İsveçrə sammiti: Sülh olmayacaq, savaş davam edəcək (ŞƏRH)

"İsveçrədə yekunlaşan sammit sülhdən daha çox, Ukraynaya yeni beynəlxalq dəstəyin təmin edilməsi, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə gətirib çıxaracaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev İsveçrədə Ukrayna ilə bağlı keçirilən sülh sammitinin nəticələrini, onun prosesdə oynayacağı rolu şərh edərkən deyib.

Politoloq bildirib ki, hazırda Rusiya ilə Ukrayna real sülh danışıqları aparmaqdan çox uzaqdır:

”Hər iki tərəfin sülh variantı ilə bağlı düşüncələri bir-birinə tamamilə ziddir. Ukrayna ərazi bütövlüyünün bərpasını tələb etdiyi halda, Rusiya hazırkı status kvonun saxlanılması əsasında sülhün əldə edilməsinə çalışır. İsveçrədə keçirilən Ukrayna sülh sammiti əslində sülh zirvə toplantısı deyil. Çünki format sülh sammiti formatı deyil. Qarşı-qarşıya duran tərəflərdən biri həmin sammitə dəvət olunmayıb. Ona görə də bu tədbir sülh sammitindən daha çox Ukraynaya dəstək sammitidir. Sammitin ardınca Kiyevə beynəlxalq dəstəyin gücləndirilməsi istiqamətində yeni qərarların qəbulunun şahidi olacağıq”.

Ekspert hesab edir ki, Ukraynaya maliyyə yardımı, hərbi, humanitar dəstəklə bağlı yeni qərarların alınmasının şahidi olacağıq:

"Həmçinin ola bilsin ki, sammitin nəticəsi olaraq Rusiyaya qarşı yeni sanksiyalar, tələblər də irəli sürülə bilər. Bütün bunlara görə deyə bilərik ki, İsveçrədə başa çatan sammit sülhdən daha çox, Ukraynaya yeni beynəlxalq dəstəyin təmin edilməsi, Rusiyaya qarşı yeni sanksiyaların, tələblərin irəli sürülməsinə gətirib çıxaracaq”. 

Qeyd edək ki, iyunun 15-16-da İsveçrədə Ukrayna sülh sammiti keçirilib. Sammitin işində 91 ölkə və 10-a yaxın beynəlxalq təşkilat iştirak edib. 78 ölkə sülh sammitinin yekun sənədinə imza atıb. Habelə, növbəti sammitin ABŞ-da olacaq Prezident seçkilərinə qədər baş tutacağı bildirilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->