Meksika və Azərbaycan təhsil sahəsində əməkdaşlığı, eləcə də şəhər inkişafı sahəsində qarşılıqlı əlaqələri genişləndirirlər.
Qaynarinfo xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu ilin əvvəlində Meksika və Azərbaycan universitetləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
"Biz həmçinin qarşılıqlı əməkdaşlığa hazır olan qurumları müəyyən etmişik və yaxın vaxtlarda birgə layihələr üzrə işləri yekunlaşdıracağımıza ümid edirik", - diplomat bildirib.
Səfir həmçinin bu ilin may ayında Azərbaycanda BMT Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsini yüksək qiymətləndirərək, Meksikanın tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunduğunu qeyd edib.
"Estafeti Bakıdan təhvil almaq və 2028-ci ildə Mexikoda növbəti forumun təşkilinə başlamaq bizim üçün böyük şərəf oldu", - Romero Kabalyero əlavə edib.
Şərhlər