XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

El-Nino güclənir: Rekord səviyyəli hadisə ehtimalı 75 faizə çatdı
Dünya14:00 11.09.2026

El-Nino güclənir: Rekord səviyyəli hadisə ehtimalı 75 faizə çatdı

ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tarixi gücə malik El-Ninonun oktyabr-dekabr aylarında baş verməsi ehtimalını 75 faizə yüksəldib.

Qaynarinfo xəbər verir ki, “Watchers”in məlumatına görə, avqust ayında bu ehtimal 69 faiz qiymətləndirilirdi.

Buna səbəb Sakit okeanın tropik hissəsində temperaturun yüksəlməsidir. Avqust ayında ekvatorial Sakit okeanın şərq hissəsində suyun səth temperaturu normadan 3 dərəcədən çox yüksək olub.

Məlumata görə, istiləşmə yalnız okeanın səthində müşahidə olunmur. Dərinliklərdə də suyun temperaturunun normadan 10 dərəcədən çox yüksək olduğu ərazilər var. Atmosfer prosesləri də El-Ninonun inkişafına uyğun gəlir: Sakit okeanın mərkəzi və şərq hissələrində konveksiya və yağıntıların miqdarı artıb, İndoneziya üzərində isə azalıb.

Alimlər El-Ninonun 2026-cı ilin sonunadək daha da güclənəcəyini gözləyirlər. Payız və qış aylarında çox güclü El-Nino hadisəsinin baş verməsi ehtimalı 90 faizdən çox qiymətləndirilir.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, hətta çox güclü El-Nino dünyanın bütün bölgələrində müəyyən hava hadisələrinin avtomatik olaraq şiddətlənəcəyi anlamına gəlmir. Bu hadisə xarakterik iqlim nəticələrinin yaranma ehtimalını artırır, lakin konkret temperatur və yağıntı göstəriciləri regiondan asılıdır.

Beləliklə, qarşıdakı aylar müşahidələr tarixində ən güclü El-Nino hadisələrindən birinin baş verdiyi dövrə çevrilə bilər.

El-Nino təbii iqlim hadisəsidir. Bu zaman ekvatorial Sakit okeanın mərkəzi və şərq hissələrində səth suları qeyri-adi dərəcədə isti olur. Nəticədə hava kütlələrinin hərəkəti və yağıntıların xarakteri regiondan xeyli uzaqda yerləşən ərazilərdə də dəyişir.

El-Nino dünyanın müxtəlif bölgələrində hava şəraitinə təsir göstərə bilər: bəzi ərazilərdə güclü istilər və quraqlıq riski artır, digər yerlərdə isə yağıntıların və daşqınların sayı çoxalır.

Bu hadisə adətən qeyri-müntəzəm şəkildə, təxminən bir neçə ildən bir təkrarlanır və bir neçə ay davam edir.

Aydın