Adam birmənalı münasibət də bildirə bilmir. Bəli, söhbət qonşu Gürcüstandakı hadisələrdən gedir. Bir görün, Rusiya XİN-nin sözçüsü Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkəsinin 2030-cu ildə Abxaziya və Cənubi Osetiya ilə birlikdə Avropa İttifaqına üzv olacağına nə dedi? Gələcək mövzusunda fantaziya!..
Başqa bir vaxt biz bu sözlərin qəti fərqinə varmazdıq. Amma neçə müddətdir ki, Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı müxalifətlə hakimiyyət arasında qarşıdurma yaşanır, hamı hakim "Gürcü arzusunu” rusiyapərəst qanun qəbul etməkdə, hətta ölkəni yenidən Rusiyanın yedəyinə bağlamaqda ittiham edir.
Amma məsələ bu qədərmi sadədir?
Hadisələrə diqqət edəndə görürsən ki, heç də belə deyil. Gürcü hakimiyyəti ölkənin Avropaya inteqrasiyasının davam edəcəyini deyir, baxmayaraq ki, müxalifətin böyük müqavimətinə, prezidentlə qarşıdurmaya baxmayaraq, o, xarici agentlər haqqındakı qanunu qəbul etdirdi. Baxmayaraq ki, müxalifət müqavimətini hələ də davam etdirir və bütün bu proseslərə oktyabrın 26-da – parlament seçkilərində son qoyulacağını deyir.
Elə M.Zaxarovanın da sözləri göstərir ki, məsələ düşünülən qədər də sadə və primitiv deyil və xarici agentlər haqqında qanuna bir aspektdən yanaşmaq lazımdır: gürcü hakimiyyəti hələ ölkəni Rusiyaya –filana bağlamaq istəmir, hətta onun Avropaya inteqrasiyasını davam etdirmək istəyir (bu günlərdə Avropa İttifaqının daha üç tələbi yerinə yetirildi!), sadəcə, hakim "Gürcü arzusu” daha uzun müddətə hakimiyyətdə qalmağa çalışır – yəni, qoy, Gürcüstan Avropa ölkəsi olsun, amma ona rəhbərliyi "Gürcü arzusu” hakimiyyətə keçirsin!..
Bəli, güman ki, vəziyyət belədir. Həm də ona görə ki, bu müddət ərzində müxalifət məşhur qanunun Rusiya ilə bağlılığını sübut edən bircə ədəd belə olsun, arqument gətirə bilməyibdir. Bəli, deyirlər ki, belə bir qanun Rusiyada var. Amma, bağışlayın, o, ABŞ-da da, hətta Avropada da var!
Odur, bir daha deyirik ki, məsələ düşünüləndən daha mürəkkəbdir. Söz yox ki, qanun qərbpərəst QHT-lərə, ictimai strukturlara bir növ təzyiq olacaqdır. Amma bu təşkilatlar da həmin qanuna münasibətdə ictimai itaətsizliyə çağırır, hətta anti-demokratik qanunun tələblərinə əməl etməyəcəklərini də deyirlər. Bir sözlə, mübarizə davam edir və görək, bütün bunların axırı nə olacaqdır?..
Əlbəttə, Cənubi Qafqazda da Rusiya ilə Qərb arasında böyük çəkişmə gedir. Siyasi müşahidəçilərin böyük əksəriyyətinin fikrincə, biz bunun daha bir təzahürünü Ermənistanda görürük, amma əksər siyasi müşahidəçilərin fikri budur ki, İrəvanda daha bir ssenari alınmadı – bəli, keşiş deyəsən, baş nazir ola bilmədi, "Baqrat ssenarisi” boşa çıxdı. Ötən həftənin sonlarında Baqrat növbəti mitinqlərin Gümrüdə keçiriləcəyini dedi. Bu nə deməkdir? Böyük ehtimalla, Baqrat başa düşdü ki, paytaxt İrəvanda uduzubdur, onun cəhdləri alınmadı. Ona görə də "etirazların” mərkəzini əyalətə keçirmək istəyir.
Amma burada başqa detal da ola bilər. Bəlkə keşiş Baqrat Rusiya hərbi bazasına daha yaxın olmaq istəyir? Bəlkə bununla Baqrat yeni bir ssenari – mərkəzi İrəvan hakimiyyətinin nəzarətindən çıxmış əyalət ocaqları yaratmaq istəyir? Bütün hallarda, qarşıdurmalar hələ qabaqdadır. Birincisi, Bakı ilə sülh müqaviləsi reallığa çevrilir. İkincisi, Ermənistanda siyasi hakimiyyətlə kilsə arasındakı qarşıdurma bir az da gərginləşir – deyəsən, keşişlər də vergi verməli olacaqlar!
Üçüncüsü, qarşıda hələ konstitusiya dəyişiklikləri də var və bu, baş tutarsa, erməni avantürüst millətçiləri özlərinin ən əsas ideoloji dayaqlarından məhrum olacaqlar...
O ki qaldı Gürcüstana, burada da məsələ çox qəlizdir. Ən azı ona görə ki, hamı indiki etirazlara parlament seçkiləri ərəfəsində müxalifətin baş məşqi kimi baxır və müxalifət də bunu inkar etmir. Bəli, onlar deyirlər ki, "Gürcü arzusu” hakimiyyətdə son aylarını keçirir. Düz deyirlərmi?
Bütün hallarda, oktyabra çox qalmayıb və bir neçə aydan sonra biz hər şeyi daha doğru-dürüst biləcəyik...
Hüseynbala Səlimov
Şərhlər