Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının birgə bəyanatı (TAM MƏTN)

Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının birgə bəyanatı (TAM MƏTN)

Fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşündə birgə bəyanat imzalanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, tərəflər iştirakçı dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, ərazi bütövlüyünə qarşılıqlı hörmət və birmənalı dəstəklərini bir daha təsdiqləyirlər.

Bəyanatda qeyd olunub ki, tərəflər əhatəli bir sülh, sabitlik və ortaq firavanlıq məkanının yaradılması ilə bağlı baxışlarını vurğulayıblar. Çoxtərəfli əməkdaşlıq perspektivlərini genişləndirmək üçün Türkmənistan-Türkiyə-Azərbaycan üçtərəfli mexanizmindən istifadə etməyin vacibliyini qəbul ediblər.

Terrorizm, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün formaları və təzahürləri də pislənilib. Transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi, silah və insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kiber cinayətlər və qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Türkmənistanda keçiriləcək dövlət başçılarının üçtərəfli zirvə görüşünün son dərəcə vacib olduğunu vurğulayıbıar.

Üçtərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsinin, həmçinin iştirakçı dövlətləri arasında iqtisadi əməkdaşlıq üçün hüquqi bazanın vacibliyini qeyd ediblər.

Ticarət və iqtisadi əməkdaşlığı gücləndirərək, investisiya və ticarəti stimullaşdırmaq üçün mövcud potensialdan istifadə edərək, habelə gömrük, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, kənd təsərrüfatı elm, təhsil, mədəniyyət, turizm, ətraf mühitin qorunması sahələrində birgə layihələr və proqramlar həyata keçirməklə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verməyə qərar veriblər.

Hər üç ölkənin kiçik və orta müəssisələri arasında mövcud əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Koronavirus pandemiyasına qarşı mübarizədə, o cümlədən imkanları daxilində qarşılıqlı tibbi yardım yolu ilə koronavirus peyvəndi tədarükündə öz həmrəyliklərini davam etdirməyə və gücləndirməyə qərar veriblər.

COVID-19 pandemiyasının xüsusilə beynəlxalq səyahət, ticarət və nəqliyyat sahəsindəki mənfi təsirlərini azaltmaq məqsədilə pandemiyanın qarşısının alınmasında və onun sosial və iqtisadi fəaliyyətlərə təsirinin idarə edilməsində əməkdaşlıq və koordinasiyaya sadiq olduqlarını təsdiqləyiblər,

Nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması ilə bağlı yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

"Şərq-Qərb” Trans-Xəzər nəqliyyat dəhlizi də daxil olmaqla ölkələrin tranzit potensialının gücləndirilməsi üçün görülən əhəmiyyətli səyləri qeyd etdilər və bu baxımdan Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) limanları arasında dəniz nəqliyyatının səmərəli fəaliyyətinin vacibliyini vurğuladılar.

Müasir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars (BTQ) Dəmir Yolu layihəsinin Asiya ilə Avropa arasında rəqabətli nəqliyyatın asanlaşdırılmasında əsas rolunu vurğuladılar və BTQ Dəmir Yolu ilə sərnişin daşınmasına hazırlıqlarını alqışlayıblar.

Ticarət əlaqələrini nəqliyyatın asanlaşdırılması və tranziti yolu ilə inkişaf etdirməyi hədəfləyən və regional əlaqələrin yeni bir ölçüsünü təmsil edən Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişinin (Lapis Lazuli) qüvvəyə minməsini alqışlayıblar.

Mövcud infrastrukturun modernləşdirilməsinin və regional nəqliyyat və ticarətin inkişafı üçün əlverişli şəraitin yaradılmasının vacibliyini ifadə ediblər.

İnfrastruktur layihələrinin Xəzər regionunun çiçəklənməsi və sabitliyinə töhfəsini nəzərə alaraq nəqliyyat və energetika sahələrində regional əlaqəni təmin etmək üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Üç ölkə arasında enerji sahəsində tərəfdaşlığın əhəmiyyətini vurğuladılar və Azərbaycandan təbii qazın artan həcmdə və Türkmənistandan Türkiyəyə və Avropanın qalan hissəsinə enerji mənbələrinin çatdırılmasına yönələn enerji layihələrini dəstəklədiklərini bir daha təsdiqləyiblər.

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində "Dostluq” adı verilən karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Memorandumun imzalanmasını məmnuniyyətlə qarşıladılar. Bu baxımdan, Türkiyənin və Avropanın qalan hissəsinin enerji təhlükəsizliyini artırmaq, həmçinin Azərbaycan və Türkmənistanın iqtisadi inkişafına və çiçəklənməsinə töhfə vermək məqsədilə karbohidrogen ehtiyatlarının inkişafı və tədarükü üçün birgə layihələr hazırlamağa hazır olduqlarını bildiriblər.

Üç ölkənin ortaq irsinə əsaslanan təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə gələcək əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Siyasi dialoq, regional və qlobal məsələlərdə davamlı əməkdaşlıq və koordinasiya məqsədilə müntəzəm olaraq üçtərəfli görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Növbəti görüşün Türkmənistanda keçirilməsinə razılıqlarını bildiriblər. Görüşün tarixi diplomatik kanallarla razılaşdırılacaq.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR