"Rusiya separatçılarla birbaşa danışıqlar tələb edir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin yeni Konstitusiyaya görə növbəti illərdə də hakimiyyətdə qalacağı qonşu dövlətlərdə haqlı sual doğurub:
"Kreml sahibi növbəti 16 ildə xarici və təhlükəsizlik siyasətində hansı yeni planlar reallaşdırmağa çalışacaq? Bu sualın aktuallığı ona görə artıb ki, Putin son zamanlar SSRİ-nin başqa formada bərpasından danışır və bu Rusiyaya qonşu olan ölkələrdə ciddi narahatlıq yaradır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident və baş nazir Dmitri Medvedyev son müsahibəsində müxtəlif mövzularla yanaşı Ukraynadan da danışıb. Medvedyevə belə bir sual verilib: "Rusiya son 20 ildə Ukrayna və Gürcüstanla münasibətləri korlayıb, Belarusla münasibətlərdə də gərginlik yaşana bilərmi?”. Medvedyev Gürcüstan və Belarusa toxunmadan Ukrayna haqqında belə deyib: "Ukraynalılar mövcud reallıqları qəbul edərək daxili böhranla və ölkənin şərqindəki durumun həlliylə məşğul olmalıdırlar”. Medveyev "ukraynalılar mövcud reallıqları qəbul etməlidirlər” dedikdə Rusiyanın Ukraynanın bir parçası olan Krımın ilhaqını qəbul etmələrini nəzərdə tutur. "Krımda referendum keçirilib və yarımada Rusiyaya birləşdirilib, bununla da məsələ bitib”, – bu, rusiyalı rəsmilərin ümumi mövqeyidir".
Politoloqun fikrincə, Kremlin Kiyevdən başqa bir tələbi də var:
"Moskva Kiyevin Donetsk və Luqansk separatçılarıyla birbaşa danışıqlar aparmasını istəyir. Rusiyanı Ukrayna ilə danışıqlarda təmsil edən Prezident Administrasiyasının sədr müavini Dmitri Kozak separatçılarla birbaşa danışıqlar aparılmadan münaqişənin həll olunmayacağını iddia edir. Moskva bu məqsədlə üçtərəfli – Rusiya, Ukrayna və separatçıların nümayəndələrindən ibarət komissiyanın yaradılmasına çalışır. Kiyev bu komissiyanın yaradılmasına bir şərtlə razıdır ki, danışıqlarda Donbası separatçılar deyil, həmin bölgədə yaşayan neytral şəxslər təmsil etsinlər. Problem ondadır ki, separatçı bölgədən danışıqlara qatılan istənilən şəxs həmin bölgənin separatçı rəhbərlərinin nəzarəti və təzyiqi altında olacaq. Ona görə də Kiyevdə anladılar ki, separatçı bölgədən "neytral şəxslərlə” aparılan danışıqlar da nəticə verməyəcək. Kiyev bu cür danışıqlara həm də ona görə maraq göstərmir ki, Donbasın işğalının arxasında birbaşa Rusiya dayanır. Moskva Donbas problemini Ukraynanın daxili problemi kimi qələmə verməyə çalışsa da, Kiyev bunu qəbul etmir. Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba son açıqlamasında bir daha vurğulayıb ki, Donbas Ukraynanın daxili problemi deyil, danışıqlar Kiyevlə separatizmə rəvac və dəstək verən Rusiya ilə aparılmalıdır. Həqiqətən Donbas separatçıları Rusiyadan hərbi dəstək almadan Ukrayna torpaqlarını işğal edə bilməzdilər. Digər tərədən Moskva Donbas əhalisinə Rusiya pasportları paylayıb. Yəni bunun özü Donbasın Ukrayna daxilindəki problem olmadığını göstərir".
Elxan Şahinoğlu qeyd edib ki, eyni ilə Dağlıq Qarabağ da Azərbaycanın daxili problemi deyil:
"Bu, qonşu dövlətin işğalı nəticəsində yaranan problemdir. Rusiya kimi Ermənistan da Bakının separatçılarla birbaşa müzakirələrin aparılmasını istəyir. Ancaq necə ki, Rusiya Donbası işğal edib və separatçıların arxasında dayanıb, eləcə də Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğal edib və onların büdcəsinə qədər bütün məsələlərini həll edir. Biz də Ukrayna kimi separatçılarla deyil, onun arxasındakı güclə danışıqlar aparırıq. Moskva bildirir ki, guya Kiyevlə Donbas separatçıları hansı qərara gəlsələr, Kreml həmin qərarla razılaşacaq. Bu başaldatmadır. Məsələn, Donbas separatçıları hipotetik olaraq Kiyevin istəyi ilə müxtariyyətə razılaşsalar, Moskva bu izdivacı qəbul edəcəkmi? Çətin. Rusiya Donbas problemi vasitəsilə Qərbə inteqrasiya olmaq istəyən Ukraynaya hər zaman təzyiq etməyə çalışacaq. Kreml bu aləti əlindən verməz. Eləcə də Dağlıq Qarabağ separatçılarının maliyyə və hərbi xərcləri Ermənistanın boynundadır, Ermənistan ordusu orda yerləşib. Ona görə də biz separatçılarla deyil, onların sahibiylə danışıqları aparırıq. Ancaq bunun da münaqişənin həllini yaxınlaşdırmadığı bəllidir".
Bahar Rüstəmli
Şərhlər