Kommunal Xidmətlərin Strateji Yol Xəritəsinə uyun olaraq gələn ildən Azərbaycanda istilik sistemlərinə də sayğac qoyulacaq.
"Qaynarinfo" xəbər verir ki, bu barədə Lent.az-a "Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev məlumat verib
Onun sözlərinə görə, sayğacların alınması ilə bağlı hökumətə təkliflər verilib: "Bununla əlaqədar şirkətlərlə danışıqlar aparmışıq, müvafiq təkliflər paketi hazırlayıb hökumətə təhvil vermişik. Sayğaclar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin reyestrinə salınmalıdır. Eyni zamanda həmin sayğacların sertifikatlaşdırılması üçün komitədə akkreditasiya olunmuş laboratoriya quraşdırılmalıdır. Maliyyə təminatı olandan sonra növbəti illərdə bu məsələlər öz həllini tapacaq. Maliyyə təminatı olandan sonra sayğacların quraşdırılması uzun vaxt çəkməyəcək".
"Azəristiliktəchizat" ASC-nin rəsmisi bildirib ki, ilkin mərhələdə istilik sayğaclarının büdcə təşkilatlarına quraşdırılması nəzərdə tutulub: "Büdcə təşkilatlarında – Səhiyyə Nazirliyinin müəssisələrində bir binanın girişində sayğacın quraşdırılması mümkündür. Eyni zamanda, "Azəristiliktəchizat" tərəfindən isti su ilə təmin olunan yaşayış sahələri və sosial obyektlərdə də sayğacları quraşdırmaq olar. Texniki cəhətdən problem istilik sayğaclarının çoxmənzilli yaşayış binalarında quraşdırılması ilə bağlıdır. SSRİ-nin vaxtında tikilən çoxmənzilli yaşayış binalarında mənzillərdən keçən istilik xətləri bir mərtəbədən digərinə keçir. Bu vəziyyətdə də istilik sayğaclarının qoyulması mümkün deyil. Adətən istilik sayğacları binaların girişində, yaxud blokda paylanmalı olduğu halda mənzillərin girişində qoşula bilər".
R. Əliyev isti su sayğaclarının quraşdırılmasının doğru hesablama aparılmasını təmin edəcəyini də qeyd edib: "İstilik sayğacları quraşdırılandan sonra verilən istilik enerjisinin dəqiq qeydiyyatı aparılacaq. Hazırda istilik tarifləri yaşayış sahəsinə görə hesablanır. Sayğac yoxdursa, 1 kvadrat metrin qızdırılmasında sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur. Havaların isti və soyuq olması ilə əlaqədar binalara müxtəlif dərəcə istilik verilir, müxtəlif miqdarda istilik enerjisi sərf olunur. Amma kvadrat metrə tarif tətbiq olunanda bizim verdiyimiz temperaturdan asılı olmayaraq eyni tarif tətbiq olunur. İstilik sayğacları isə konkret verilən istilik enerjisinin miqdarını ölçəcək və hesablaşmalar da bunun əsasında aparılacaq. Bu halda da daha doğru hesablama təmin olunacaq".
Qaynarinfo.Az
Şərhlər