Sağlamlıq 14:39 01.04.2020

Azərbaycanda koronavirusa yoluxanların ümumi STATİSTİKASI

Son 24 saatda Azərbaycanda daha 61 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, bununla da ölkədə virusa yoluxmuş şəxslərin ümumi sayı 359 nəfərə çatıb.

Virus aşkarlanan vətəndaşlardan 26 nəfər sağalaraq xəstəxanalardan buraxılıb, 5 nəfər dünyasını dəyişib. 328 nəfər müalicəsini davam etdirir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 

Ötən müddət ərzində Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, indiyədək dünyada 872 min 893 nəfər virusa yoluxub. Bunlardan 43 min 271 nəfər ölüb, 184 min 588 nəfər sağalıb. 645 min 34 nəfər müalicə olunur ki, bunun da 33 min 444 nəfərinin vəziyyəti kritikdir.