Ölkə 14:14 29.06.2020

Azərbaycanda su qıtlığının səbəbi və ondan çıxış yolu budur... (EKOLOQ)

"Azərbaycanda su qıtlığı ən böyük problemlərdən biridir".

Bunu Qaynarinfo-ya açıqlamasında Ekoloji İnformasiya İçtimai Birliyinin sədr müavini Xosrov Musayev Neftçala rayonunda Kür çayında suyun səviyyəsinin aşağı düşməsindən danışarkən deyib. O bildirib ki, yaxın gələcəkdə Azərbaycanda su qıtlığının olacağına dair dəfələrlə proqnoz verib:

"Bildirmişəm ki, yaxın gələcəkdə Azərbaycanda 25-20% su azala bilər. Bunun səbəbi nədir? Dünyada gedən qlobal iqlim dəyişikliyi nəticəsində tempratur 1 dərəcə qalxıb. Bu, bəlkə də kimlərəsə kiçik rəqəm görünər. Amma bu, dünya üçün böyük bir rəqəmdir. O cümlədən Azərbaycanda da təqdiqatlar aparılır ki, son 20 ildə tempratur niyə 1 dərəcə qalxıb. Bu, dünyada iqlimə təsir edir. Ən narahatedici məqamlardan biri odur ki, yağıntının miqdarı azalıb. Meşələrin qırılması və yay aylarında xüsusi olaraq buxarlanmanın yağıntıdan 2-7 dəfə çox olması su qıtlığı yaradıb. Su qıtlığı yarananda nəticədə zərbə Kür çayınına dəyir. Təəssüfedici məqamlardan biri odur ki, Azərbaycanda su ehtiyatının 72 faizi kənar ölkələrdə formalaşıb, yəni tranzit çaylarıdır".
 
Xosrov Musayevin fikrincə, Xəzər dənizində olan duzlu suyun şirin suya qarışmasına da toxunub: 

"Kəndlər, qəsəbələr müxtəlif tənzimləyici qurğular vasitəsi ilə həmin sudan istifadə edir. Nəticədə isə şirin su problemi yaranıb. Dünyada su ehtiyyatının 98 faizi duzlu sulardır, yerdə qalanları isə şirin. İndi biz də sudan əziyyət çəkən ölkəyik. Amma bu, Azərbaycan üçün çox böyük qlobal problemdir".

Sədr müavini hesab edir ki, Azərbaycanda suyun idarə olunmasında problem var: 

"Bizim su ehtiyyatımız təxminən 32 milyarddır. Bunu normal idarə eləsək, bizdə problem yaranmaz. Məsələn, qışda yığılan su ehtiyyatlarını toplasaq problem bu miqyasda olmaz. Sovet dönəmində hər bir rayonda su anbarları vardı. Qışda qar, yağış həmin anbarlara yığılardı. Yayda su qıtlığı olanda həmin anbarlardan istifadə edirdilər. İndi o anbarların çoxu ləğv olunub, çoxunda balıq saxlayırlar və bir çoxu da başqa məqsədlər üçün istifadə edilir. Meşə zolaqları vardı, onlar da qırılıb. Müəyyən mənada onlar da bu problemin həllinə kömək edirdi. Meşəsizlik olan yerdə külək çox olur. Külək çox olan yerdə quraqlıq artır. Görün nə qədər problem var. Təbiətdə hər şey bir-birinə bağlıdır, burada bir tarazlıq pozulan kimi o birinə də təsir edir. Meşələrin qırılması suya, nəmişliyə təsir edir. Başqa bir məsələ də var - Kür çayının səviyyəsi aşağı düşəndə dəniz tərəfdən küləyin əsməsi duzlu suyun Kür suyuna qarışmasına səbəb olur. Bu, kompleks problemdir".

Xosrov Musayev içməli su probleminin həlli yolunu da göstərib: 

"Deyək ki, içməli suyu maşınlarla daşınacaq, müvəqqəti də olsa, problem aradan qalaxacaq. Amma bu, gələcəkdə Azərbaycana böyük problem gətirəcək. Onun üçün də böyük bir layihə həyata keçirilməlidir. O layihə çərçivəsində alimlər, ekoloqlar, hidroloqlar, torpaqşünaslar yığışıb müzakirə aparmalıdır. İndi yeraltı sulardan istifadə edirik. Onlar da qutarmaq üzrədir. Bu da yağıntı ilə əlaqədardır. O qədər artezianlar vurulub ki, bunun da təsiri olub. Elə yerlər var, məsələn, Qəbələdə artezian vurulub, Bakıya su çəkiblər. Artıq orada quraqlıq yaranıb. Hər il təbiət öz-özünü tarazlayır. Biz onun işinə müdaxilə edəndə onun tarazlığını pozuruq. Çıxış yolu çox nəhəng layihədən keçir: meşə salınmalı, su ehtiyyatının idarə olunması tənzimlənməlidir".

Bahar Rüstəmli