Xəbər lenti

Azərbaycanda toxumluq kartof kəskin bahalaşıb: Səbəb nədir?
Ekonomiks 15:05 18.02.2026

Azərbaycanda toxumluq kartof kəskin bahalaşıb: Səbəb nədir?

Azərbaycanda toxumluq kartof bahalaşıb.

Bu barədə Qaynarinfo-ya fermerlər məlumat verib. Onlar bildirib ki, ölkəmizə Rusiya, Ukrayna və digər ölkələrdən gətirilən sertifikatlı toxumların qiymətində 2 dəfə artım var. 

Ötən il toxumun bir kiloqramın 70 qəpiyə idisə, bu il 1,3-1,4 manat arasında təklif olunur. Fermerlər deyir ki, toxuma tələbatın çox olması qiymət artımına səbəb olan amillərdəndir. 

Fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, ölkədə satılan toxumun 95%-i xaricdən gətirilir:

"Problem nədədir? Biz dollarla aldığımız toxumu yetişdiririk, amma təkrar xaricə ixrac edə bilmirik. İxrac edə bilmiriksə, deməli, verdiyimiz valyuta həmin ölkədə qalır. Biz onu aparıb valyutaya çevirib öz ölkəmizə qaytara bilsək, hər bir əkinçi pul qaza bilər

Toxumluq kartofun qiyməti ildən-ilə artır. Hər gün qiymətlər qalxır. Amma bizim yetişdirdiyimiz məhsulun qiyməti qalxmır. Məhsulu satmaq istədiyimiz anda sata bilmirik. Anbarlar yoxdur. Əgər anbar olsa, məhsulu yığıb saxlamaq olar. Bazarlarda durğunluq yarananda əkinçi məcbur olub məhsulu dəyər-dəyməzinə satır ki, ziyana düşməsin".

Anar Abbasov deyir ki, kartof torpaqdan çıxarıldıqdan 3 ay sonra Azərbaycana xaricdən kartof idxal olunur:

"Niyə xaricdən gətiririk? Anbarlar olsa, zamanında yığdığımız məhsulu 3 aydan sonra çıxardıb satarıq. Onsuz da biz onu dəyər-dəyməzə satırıq".

Bahar Rüstəmli
--> -->