"Hətta danışıqlarda nəticə əldə olunsa da, İran Venesueladan fərqli olaraq, özünün neft və qaz satışına nəzarəti ABŞ-a həvalə etməz".
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban aparılan danışıqların gedişində İranın özünün neft və qaz satışına nəzarəti ABŞ-a verəcəyilə bağlı məlumatı şərh edərkən deyib.
Bu səbəbdən ekspert bildirir ki, sözügedən məlumat həqiqəti əks etdirmir:
"İranla ABŞ arasında danışıqlarda nüvə proqramı, daha doğrusu uranın zənginləşdirilməsindən imtina məsələsi müzakirə olunur. Tehran bildirir ki, bu addımın atılması 1979-cu ildən bəri qoyulan və 2012-ci ildən sərtləşdirilən sanksiyaların tamamilə aradan götürülməsi fonunda mümkündür. Yəni Tehran deyir ki, nəyisə verməyin müqabilində özü də nəsə əldə etməlidir. Nəticədə iqtisadiyyatını inkişaf etdirə bilməlidir. ABŞ-ın Venesuela neftinə tətbiq etdiyi satış sxeminin İrana tətbiqi isə mümkün görünmür. Venesuela dünya bazarında ciddi əhəmiyyət daşıyan ölkə deyil. İran isə istər OPEC çərçivəsində, istərsə də dünya miqyasında gündəlik 3,3-3,4 milyon barrel neft hasil edən bir ölkədir. Ona qarşı sanksiyalararadan qaldırılsa, İran bu həcmi daha da artıra bilər. Bu mənada, Tehranın satış həcmini götürsək, gündəlik 2 milyon barrel satışı belə başqa bir dövlətə həvalə etməz. Ona görə də İranın özünün neft və qazına nəzarəti ABŞ-a verəcəyini zənn etmirəm. Bu inandırıcı deyil".
Həqiqəti əks etdirməyən belə bir informasiyanın hansı məqsədlə ortaya atıldığına gəlincə, həmsöhbətimiz bunu məlumatı yayan CNN-lə ABŞ prezidenti Donald Tramp arasında yaşanan problemlərlə əlaqələndirib:
"Nəzərə alaq ki, CNN hazırda Tramp adminstrasiyasına müxalifətdə olan, onunla problem yaşayan informasiya resursudur. Ona görə də onlardan hər hansı bir həqiqəti əks etdirməyən məlumatı da eşitmək olar".
Qeyd edək ki, CNN kanalı Tehranın öz neft və qazına nəzarəti ABŞ-a verə biləcəyi iddiası ilə çıxış edib. Kanalın iddiasına görə, Cenevrədə keçiriləcək danışıqlarda Tehran və Vaşinqton potensial razılaşmanın bir hissəsi olaraq, Amerika hücumunun qarşısını almaq üçün iqtisadi stimul olaraq ABŞ-ın İranın təbii sərvətlərinə çıxışının təmin edilməsi imkanını müzakirə edə bilərlər.
Kanal qeyd edir ki, İran hökuməti iqtisadi təşviqlərin köməyi ilə ABŞ-ın hücumunun qarşısını almağa çalışa bilər.
Rüfət Sultan
Şərhlər