"Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyası Şəhriyar kimi idmançılara lazım olan dəstəyi verməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Qol.az saytının Baş redaktoru, Əməkdar jurnalist Aydın Bağırov ikiqat dünya çempionu Şəhriyar Məmmədyarovun Rumıniyada keçirilən beynəlxaq turnirin qalibi olması münasibəti ilə Azərbaycan İdman Nazirliyi və Şahmat Federasiyasından hər hansı rəsmi təbrik ünvanlanmamasına münasibət bildirərkən deyib. Aydın Bağırov Şəhriyar Məmmədyarova qarşı diqqətsizliyin ilk dəfə olmadığını vurğulayıb:
"Əslində Şəhriyarla bağlı məsələ ilk dəfə deyil. Buna qədər də belə hallar olub, narazılığını bir neçə dəfə dilə gətirib. Milli komandanın bir çox üzvləri federasiyanın fəaliyyətindən narazıdırlar. Bəzi hallarda belə istedadlı idmançılar və şahmatçılara diqqətsiz münasibət olub. Hətta belə münasibət rəhmətlik Vüqar Həşimovun da vaxında olub. Şəhriyar Məmmədyarov da bir neçə dəfədir ki, narazılığın dilə gətirirsə, demək məsələ daha ciddi və problem daha dərindir. Şahmat Federasiyası və nazirliyin rəhbərliyi də belə idmançıların narazılığını eşitməlidir, onlara biganə münasibət göstərməməlidir. Hesab edirəm ki, belə laqeyid münasibətə həmin idmançılarımız layiq deyil. Əgər Şəhriyar Məmmədyarov kimi bir idmançı bir neçə dəfə bu məsələyə toxunursa, gündəmə gətirirsə, bundan sonra hansı yeniyetmə şahmata maraq göstərəcək? Belə münasibət birbaşa şahmatçılara psixoloji təsir edir. Belə münasibətin sabah yarışlarda da mənfi nəticəsini göstərə bilər. Ona görə də həm Şahmat Federasiyası, həm də İdman Nazirliyi bu barədə düşünməlidir. Azərbaycanın layiqli idmançılarına lazım olan diqqət və qayğı göstərməlidir”.
"Futbolinfo.az” saytının Baş redaktoru Vüsal Mahmudov Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, bu Şəhriyarın ikinci narazılığıdır və diqqətə alınmalıdır:
"İndi olduğu kimi, birinci etirazında da haqlı idi. Deməli, ona diqqət göstərilməyib və ikinci dəfə narazılıq etməyə gərək duyub. Şəhriyarın çox şey tələb etməyə haqqı var, lakin o, quru təbrik istəyir. Şahmat federasiyasının rəsmilərinin isə başı o qədər "qarışıqdır" ki, hətta buna da ehtiyac duymurlar. Azərbaycanda şahmatın əla ənənələri var, bu gün də istedadlar estafeti davam etdirir. Uğurların sıralanması federasiya rəhbərliyinin işinin nəticəsi deyil, fərdi idman növüdür, istedadlar üzə çıxır, uğur qazanır. Federasiya isə hətta yoğurub-yapmadan tapdığı hazır kökənin də qədrini bilmir. Belə diqqətsizliyin nəticəsidir ki, onlarla istedadımız xaricə üz tutur. Atlet Ramil Quliyev nümunəsi kifayətdir. Öz istedadlarımıza lazımi diqqət göstərmirik, lazımsız əcnəbiləri milliləşdirib, onları yedirdirik. Şəhriyar kimi superistedadı arzu edən yüzlərlə ölkə var, bizimkilər isə istedadları incidib küsdürür. Məmmədyarovun elə status yazması ölkədə idmanın inkişafına cavabdeh olanların hamısı üçün eyibdir, utanmalıdırlar. Futbol yığmamızın üzvləri mənasız yoxlama oyununda təsadüfi qələbəyə görə yarım milyon manat mükafat alır, Şəhriyar isə tarixi uğuruna rəğmən hətta təbrik edilmir. Yəqin, soyadı Kasparov olsaydı, fərqli davranardırlar”.
Bahar Rüstəmli
Şərhlər