Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Dnata" və "Silk Way Group" şirkətləri arasında yaradılan müştərək müəssisə yeni Ələt Beynəlxalq Hava Limanında yük və yerüstü xidmətlər göstərmək məqsədi daşıyır və ilkin mərhələdə illik planlaşdırılan tutum 800 min tondan artıqdır.
"Report" xəbər verir ki, bunu "Silk Way West Airlines" şirkətinin MDB, Türkiyə və İsrail üzrə vitse-prezidenti Vüqar Məmmədov Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən Ələt Logistika Mərkəzində birbaşa dəmir yolu əlaqəsinin, regional yük daşımaları və paylanmasının təmini, anbar infrastrukturunun yaradılmasl planlaşdırır: "Yeni Ələt Beynəlxalq Hava Limanı isə bu ekosistemə aviasiya komponentini əlavə edir. "Dnata" ilə tərəfdaşlığımız bu inkişafın digər mühüm hissəsidir. "Dnata" və "Silk Way Group" arasında müştərək müəssisə yeni Ələt Beynəlxalq Hava Limanında yük və yerüstü xidmətlər göstərmək məqsədi daşıyır ki, ilkin mərhələdə illik planlaşdırılan tutum 800 min tondan artıqdır".
V.Məmmədov qeyd edib ki, lakin potensial özlüyündə məqsəd deyil: "Məqsəd bu potensialla nə edə biləcəyimizdir. Əgər biz Mərkəzi Asiya və Çindən gələn dəmir yolunu səmərəli gömrük prosedurları, anbar, yük daşımaları və beynəlxalq hava yük şəbəkəsi ilə birləşdirə bilsək, bu zaman Azərbaycan sadəcə tranzit ölkədən daha mühüm əhəmiyyət kəsb edəcək. O, yüklərin birləşdirilə, köçürülə, emal oluna və yenidən paylana biləcəyi məkana çevrilir. Bu, bizim məqsədimizdir. Nəticədə iqtisadiyyat və müştərilərimiz üçün daha çox dəyər yaradılacaq".
Şərhlər