Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva "Bu qədər” proqramının qonağı olub.
Qaynarinfo ARB-yə istinadən xəbər verir ki, həyat yoldaşını, oğlunu və azyaşlı qız nəvəsini itirən aktrisa efirdə başına gələnlərdən danışıb:
"Hər ana güc istəyir ki, bunun arxasında dursun. Övladlarımla həmişə fəxr etmişəm. Həyat elə gətirdi ki, övladımı boya-başa çatdırdım. Biri gənc olarkən rəhmətə getdi, birini də Allah qorusun. Pərvin çox ağıllı, savadlı, qayğıkeş övlad idi. Mən xəstələnəndə mənə çox yaxşı baxırdı. Tarixi çox sevirdi, hətta proqnozlar verirdi. Elə şeylər var ki, o dediyi proqnozlar indi də olur”.
M. Babayeva deyib ki, şizofreniya diaqnozu qoyulan oğlunun sonu faciə ilə bitib: "Həmişə onu qoruyurdum, amma saxlaya bilmədim. Kaş ki, mən onu tək qoymazdım, kaş inanmazdım ki, işə gedir. Həmişə deyirdi ki, 25 yaşımda öləcəm. Elə 25 yaşında da belə bir hadisə baş verdi”.
Aktrisa daha sonra öz ölümünü çəkən qız nəvəsindən danışıb: "Vərəqə şəkil çəkirdi. Dedi ki, nənə, ana və mən yolu keçirik, bizi maşın vurur. Vərəqi əlindən aldım. Yuxuda da gördüm ki, başqasını maşın vurur. Qəzada dedim ki, ailəm tamam dağıldı. Qızımla birlikdə nəvəmi maşın vurdu. Qəzadan sonra nəvəm 1 həftə qala bildi, qızım çox şükür ki, ayağa qalxdı. Oğlum həmişə deyirdi ki, mən rəhmətə getsəm, qız da rəhmətə gedəcək”.
Şərhlər