Ölkəmiz “Miss Exclusive of the World 2015” beynəlxalq model müsabiqəsində də təmsil olunacaq. Anspress-in məlumatına görə, iyul ayının 25-də Türkiyənin İzmir şəhərində dünya finalına start verilməsi planlaşdırılan müsabiqədə Azərbaycanı gənc model Günel Şirəliyeva təmsil edəcək.
Bu barədə tanınmış təşkilatçı Aqil Məmiyev xəbər verib: "Təmsilçimiz Günel Şirəliyeva ilə birlikdə hazırda yarışma ilə bağlı hazırlıqlara başlamışıq. Fotosessiyalar, ölkəmizi tərənnüm edən video tizirlar, TV və media müsahibələrə başlayırıq. Günelin üzərində hazırda xüsusi stilistlər, tanınmış stilist Pərvanə Məmmədova və stilist Sabir işləyir. Hazırlıqlar "Eurovision" müsabiqəsi formasında aparılır".
A.Məmiyev onu da qeyd edib ki, müsabiqənin prezdenti Çağrı Tortopla sonuncu görüşdə qərar verilib ki, gələn il bu müsabiqə ölkəmizdə keçirilsin. Bu, ölkəmiz üçün turizm baxımından və tanıtım baxımından çox gözəl addım olardı. Təmsilçilərimiz 25 iyuldan kampda iştirak üçün İzmirə yola düşəcəklər.
Münsiflər heyətində Türkan Şoray, Uğurkan Erez, Serdar Ortaç, Çağla Şikel kimi məşhurların yer alacağı müsabiqənin final mərhələsi isə avqust ayının 15-də İzmirdə keçiriləcək.
Qeyd edək ki, “Miss Exclusive of the World 2015” müsabiqəsində dünyanın 50 ölkəsindən qızlar iştirak edəcək. Ötən il bu müsabiqədə ölkəmizi tanınmış aktrisa və model Tamilla Həmidova təmsil etmişdi.
Qaynar.info
Şərhlər