Martın 2-də Ukraynanın paytaxtı Kiyevin İdman Sarayında WWFC 14 versiyası üzrə dünya çempionu müəyyənləşəcək.
Qaynarinfo oxu.az-a istinadən bildirir ki, ən yüngül çəkidə (-57 kq) Kiyevdən olan Teymur Rəhimovla irlandiyalı Bleyn ODriskol üz-üzə gələcək.
Teymur Rəhimov 1988-ci ilin iyunun 7-də Bakıda doğulsa da, dörd yaşında valideynləri ilə birgə Ukraynaya köçüb. Onun karate, kikboksinq, əlbəyaxa döyüş, muay-tay və klassik boksda nəticələri olub.
"Mən MMA-da qalmağa qərar verdim. Çünki bu idman növü bütün dünyada praktiki, mükəmməl və sürətli dərəcədə inkişaf edir", - deyə Rəhimov bildirib.
2016-cı ildə Çində peşəkar MMA karyerasına başlamış Rəhimovun 2018-ci ilin əvvəlinə kimi üç qələbəsi və bir məğlubiyyəti olub. Ötən ilin əvvəlində isə o, sürətlə çempionluq tituluna doğru hərəkət etməyə başlayıb.
Hazırda onun aktivində keçirdiyi səkkiz görüşdə yeddi qələbə (üç dəfə nokaut, iki dəfə təslimetmə, iki dəfə xal hesabına) və bir məğlubiyyət var. Bu qələbələrdən biri azərbaycanlı Səttar Mahmudovla ötən ilin mayın 13-də Ukraynanın Zakarpatye şəhərində keçirilmiş döyüşdə qazanılıb.
Onun rəqibi Bleyn ODriskol isə səkkiz görüşdə altı qələbə (iki dəfə nokaut, iki dəfə təslimetmə, iki dəfə xal hesabına) qazanıb və iki dəfə məğlub olub. 27 yaşlı idmançı 2015-ci ilin oktyabrından UFC döyüşçüsü Konor Makqreqorun "SBG Ireland" komandasının üzvüdür.
O, ötən ilin mayında ingilis Aaron Robinson üzərində qələbədən sonra 57 kq-da döyüşməyin onun üçün parkda gəzinti olduğunu, fikrinin UFC-yə qatılmaq olduğunu bildirib.
Şərhlər