China CAMC Engineering Co Ltd və Baku Steel Company şirkətləri arasında metallurgiya zavodları kompleksinin tikintisi haqqında əsas podrat müqaviləsi imzalanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə virtualaz.org-a Baku Steel Company şirkətinin mətbuat xidmətindən məlumat veriblər.
İnformasiyaya əsasən, 1,17 milyard dollar dəyərində razılaşmanı China CAMC Engineering və Baku Steel Company şirkətlərinin vitse-prezidentləri Vanq Yuhanq və Mərdan Əliyev imzalayıblar. İmzalanma mərasimində Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı da iştirak edib.
CAMCE-nin Bakı ofisinin başçısı Kənan Quluzadə layihədən danışaraq qeyd edib ki, kompleks Gəncədə 93 hektar ərazidə inşa olunacaq. Azerbaijan Intergrated Steel Mill Complex – Azərbaycanın qeyri-neft sferasında ən böyük layihədir.
Tikinti işlərinə, hansı ki, 42 ay davam edəcək, 10 min insan cəlb ediləcək. Kompleksdə əsasən italyan şirkəti Danilei-nin avadanlığı quraşdırılacaq. Orada təxminən 5 min insan işlə təmin olunacaq.
Gəncədəki kompleks həmçinin Çinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində reallaşdırılan ən böyük layihədir.
Qeyd edək ki, metallurgiya zavodları kompleksinin tikintisi haqqında razılıq Baku Steel Company şirkətinin sahibi Rasim Məmmədovun China CAMC Engineering Co Ltd nümayəndələri ilə Bakıda apardığı danışıqlarda əldə olunmuşdu.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər