Foto 10:40 19.09.2020

Azərbaycanlı milyonçunun qızı 176 yəhudini Hitlerin əlindən belə xilas edib (FOTO)

Dostlar, mən düşündükcə ki II Dünya Müharibəsinə aid son tapıntıdan sonra başqa nəsə tapmaq mümkün olmayacaq, amma hər dəfə yanılıram. Bu gün isə elə bir şey öyrəndim ki, mat qaldım. Sözün əsl mənasında dilim damağım qurudu. İndi hər şeyi sizə tam izahlı şəkildə bir başa danışacağam.

Qaynarinfo xəbər verir ki, bu sözləri Fransada yaşayan azərbaycanlı yazıçı-publisist Nicat Kazımov əldə etdiyi çox maraqlı tarixi faktı paylaşaraq yazıb. Fransada nəşriyyat işində çalışan kazımov bir əsərin redaktəsi ilə bağlı Şirin xanım Məlikoff adlı soydaşımızla görüşüb, söz-sözü çəkib və 1942-ci ildə baş vermiş bir qəhrəmanlıq faktı üzə çıxıb. Nicat bəy daha sonra yazır:

"Bugün Şirin xanım Məlikoff ilə görüşmüşdüm. O, hazırda bir əsərin bədii redaktorluğunu edir. Görüşümüzün ümumi səbəbi bu idi. Şirin xanım Fransanın tanınan nəşriyyatları ilə daima əməkdaşlıq edib. O, ilk dəfə "Leyli və Məcnun” əsərini fransız dilinə tərcümə etmişdi. Daha sonra araşdırmalarım ilə bağlı söhbətləşdik. O mənə hər cürə dəstək göstərəcəyini dedi, çünki bu mövzu onun üçün də əzizmiş - 1942-ci ildə ailəsi böyük tarixi qəhrəmanlıq edib.
O, danşımağa başladı. Mənsə onun danışdıqlarını təsvir edirdim. Elə bil bir filmə baxırdım. Onun danışdıqlarını sizinlə paylaşıram.

Şirin xanım Azərbaycan milyonçusu İsgəndər Məlikovun nəvəsidir.

Anası İren Məlikov (1917-2009) yəni İsgəndər Məlikovun qızı Strasburq universitetinin tanınmış professoru, Fransanın nüfuzlu "Legion d’Honneur” mükafatını almış şərqşünas olub.

Atası Faruk Sayar (1917-1997) Türkiyədə hüquqşünas və iqtisadçı olub.

Namık Kemal Yolqa – Türkiyənin Fransadakı səfirliyinin diplomatı, konsulun müavini.

Bu adlara diqqətlə baxın. Hadisələr bu insanların ətrafında cərəyan edəcək.

İren Məlikoff hələ 25 yaşı olanda həyat yoldaşı Faruk Sayar ilə bərabər Parisdə idi. Müharibənin ən səs-küylü və faşizmin Avropanı cənginə aldığı 1942-ci ilin oktyabr ayı. Türk diplomat və dostu Faruk Sayar artıq uzun müddətdir Fransada gizlənən 176 nəfər yəhudi gəncin yerlərini bilirdilər. Həmin illərdə artıq yəhudilər kamplara göndərilir və kütləvi şəkildə soyqırıma məruz qalırdılar. Amma azərbaycanlı İren Məlikov, yoldaşı Faruk Sayar və diplomat Namık Kemal buna göz yuma bilmir. Onlar öz həyatlarını təhlükəyə atmaq naminə 176 yəhudini Avropadan çıxarmağı düşünürlər. Bunu hətta o dönəmki türk hökümətindən gizli etməli olurlar. Çünki müharibəyə qoşulmayan Türkiyə höküməti yəhudilərin gizli şəkildə Avropadan çıxarılmasına çətin ki, razı olardı. Həmin vaxtda iqtisadi böhran yaşayan Türkiyə heç vaxt işğalçı nasistlərlə toqquşmaq istəməzdi.

Amma içlərində öz soydaşımız da olan üç qəhrəman - İren, Faruk və Namık bu riski gözə alır. Onlar gecə ilə saxta Türkiyə pasportları hazırlayır, 176 pasportun hamısına Türk adı yazıb həmin yəhudilərə verirlər. Özləri də keçə bilib-bilməyəcəklərini dəqiq bəlimədən. Çünki nasistlər elə bir kontrol sistemi qurmuşdular ki, onu aşmaq heç də asan deyildi.

Berlindən keçməli olan qatar Parisin Gare de l’Est-dən (Şərq vağzalı) Türkiyəyə doğru yola düşür. İçində də bütün Avropa boyu axtarılan - Türk pasportu daşıyan yəhudilər. Qatar Berlinə çatdanda nasist əsgərlər kabinlərə doluşmağa başlayır. Əsgər qatardakı qələbəliyi görür və çaşır, almanca danışa bilən olub olmadığını soruşur. İren xanım heç kimin ağzını açmasına imkan vermədən əlini qaldırır və qələbəliyin önünə keçib səlist almancası ilə ‘’Mən bilirəm!’’ deyir. Alman əsgər qarşısındakı gənc qıza baxır və soruşur: ‘’Bu qədər insan hara gedirsiniz?‘’. İren xanım soyuqqanlı və özünü itirmədən deyir:
‘’Biz türkiyəli tələbələrik. Müharibə səbəbindən Türkiyəyə geri dönməyə qərar verdik’’.

Əsgərlər bir-bir hər kəsin pasportuna baxır. Hamısının üzərində ‘’Türkiyə Cümhuriyyəti’’ yazılıb.

Almanlar qatarı Berlindən buraxırlar. Bir neçə gün sonra qatar artıq Türkiyəyə çatmışdı.

Və 176 yəhudinin həyatı beləcə xilas edilir.

Öz həyatları bahasına yəhudiləri xilas edən azərbaycanlımız İren Məlikoff, onun həyat yoldaşı türk hüquqşünas Faruk Sayar və diplomat Namık Kemal Yolga… Onlar əsl qəhrəman idilər. Fəxr edirəm ki, İren xanım kimi soydaşımız olub.

Hamısının ruhları şad olsun…

P.S. Şirin xanımın dediyinə görə bu barədə Ayşe Kulin kitab yazıb, kitab əsasında isə film çəkilib. Lakin film tam reallığı əks etdirmir”.