Xəbər lenti

Azərbaycanlıların boşalan kəndi:
Foto 19:10 20.04.2019

Azərbaycanlıların boşalan kəndi: "Kənddə yaşayanların çoxu yaşlılardır" (FOTOLAR)

"Ayda 200 lari pensiya alıram. Gündə kabab yeməsək də, orta hesabla normal dolana bilirik. Başqa heç bir yerdən bir qəpik də gəlirimiz olmur", - 85 yaşlı təqaüdçü Qiyas Əliyev kənd həyatından danışır.

O, qızı Ramilə Əliyeva ilə birgə Potsxveriani kəndində yaşayır.

Potsxveriani Gürcüstanın cənub-şərqində yerləşən Bolnisi rayonunda etnik azərbaycanlıların məskunlaşdığı kənddir. Kənd əvvəlki Babakişilər adı ilə daha çox tanınır.


Potsxveriani kəndi

"Biz yalnız un, şəkər tozu, çay, düyünü bazardan alırıq. Qalan bütün məhsullar özümüzündür. Kənddə hər gün işləmək lazımdır, yoxsa başqa cür yaşamaq olmaz.

Burada hər ailənin mal-qarası, toyuğu, əkin sahəsi var", - 51 yaşlı Ramilə Əliyeva deyir ki, kəndlilər yalnız yay aylarında təsərrüfatlarından əldə etdikləri əlavə məhsulları sata bilirlər.

Elə öz darvazalarının önündə satışa çıxardıqları məhsulların alıcıları, adətən, yolüstü bu yerlərdən ötənlər olur.


Təsərrüfat kəndliləri məşğul edən yeganə işdir. Şəkildə Ramilə Əliyeva

Borular çəkilsə də qaz verilmədiyindən sakinlər odun və qaz balonundan istifadə edir.

Kənddə hər ailə ildə 600 larilik odun alır.


Xərcləri çox çıxmasın deyə kəndlilər odunu qənaətlə istifadə edir. Evlərdə hamam da həftədə bir dəfə qızdırılır.

Daimi gəliri olmayan əhali bu və digər yaşayış xərclərini qarşılamaq üçün bəslədikləri inəkləri satırlar.


Xıdırnəbi Hacıyev (sağda) mal-qaranı sudan gətirir.

"Mənim 60 yaşım var. Pensiya hələ ki almıram. Ailəmiz böyükdü, yeddi nəfərik. Bircə böyük oğlum işləyir. Bu ailə iki stəkan su qızdırırsa, biz 6-7 stəkan qızdırmalı oluruq", - digər kənd sakini Xıdırnəbi Hacıyev deyir.

Onun oğlu qazanc üçün Svanetidə (Gürcüstanın şimal-qərbində bölgə) çalışır və ayda bir dəfə kəndə ailəsini görməyə gəlir.


Kənddə hər ailənin azı iki-üç baş mal-qarası var.

Böyük torpaq sahələri, iki mərtəbəli evləri olan məhəllələrin, demək olar ki, yarısı boşdur.

Bunu qaranlıq düşəndən sonra tək-tük evlərin pəncərələrindən gələn işıqlardan aydın görmək olur.


Elektrik dirəklərinin bu günə kimi olmaması kəndin problemlərindən biridir. Qaranlıq küçələrində kəndlilər əl fənəri istifadə etməyə məcburdur.

Kənd sakinlərinin dediyinə görə əhalinin çoxu 90-ci illərdə Azərbaycana köç edib.

Buna səbəb isə Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın vaxtında azərbaycanlılarla gürcülər arasındakı münaqişələr olub.

2002-ci ilin rəsmi statistikasına görə, kənddə əhalinin sayı 724 nəfər idisə, 2014-cü ildə bu göstərici 391-ə enib.

"Elə ailə var, ildə bir dəfə yay tətilində uzağı bir aylıq istirahət üçün kəndə gəlir, sonra yenidən Azərbaycana qayıdır.

Kənddə yaşayanların çoxu yaşlı adamlardır. Gənclər çox azdır", - Ramilə deyir.


Kəndli qadınlar. Potsxveriani

"Bacılarım Bakıda yaşayır. İldə bir dəfə onları görmək üçün Azərbaycana gedirəm", - qonşuluqda yaşayan 49 yaşlı Hürriyyət Fahradova deyir.


Hürriyyət Fahradova öz evində

Hüriyyətin həyat yoldaşı ev ustası kimi çalışır, o da kənddə iş olanda. Oğlu Elyar isə bütün gününü kəndin gəncləri ilə ya "Vaqon"da, ya da futbol oynamaqla keçirir.

"Türkiyəyə getmişdim bir il əvvəl, tekstil fabrikində fəhlə kimi işləyirdim. Amma qazandığım pulun burada dəyəri olmadı. Ona görə də daha getmək haqqında düşünmürəm", - 26 yaşlı Elyar deyir.

O, gürcücə bilmədiyi üçün Gürcüstanda iş tapmağa maraqlı deyil.


Elyar Fahradov (ortada) günün çox hissəsini "Vaqon"da keçirir

Potsxverianidə təkcə dörd illik məktəb fəaliyyət göstərir və burada 3-4 şagird təhsil alır.

Tam orta təhsil almaq üçün uşaqlar bir kilometr aralıdakı Keta (Yuxarı Gülaver) kəndinə məktəb avtobusu ilə gedirlər.


Gənclərin toplaşdığı "Vaqon", arxada kənd mağazası və dördillik məktəb binası

"Bizim kənddən Ketaya 22 şagird oxumağa gedir.

Mən özüm də oradakı məktəbdə ibtidai sinif müəllimi kimi işləyirəm", - 73 yaşlı Göycə müəllim deyir.

O, kənddə həyat yoldaşı ilə yaşayır.

Göyçə Məmmədovun dediyinə görə, müəllimlikdən qazandığı məvacib və aldığı pensiya ailənin yaşayış xərclərini təmin edir.


Göycə Məmmədov dövlətin onlara verdiyi şəraitdən razıdır. Deyir, bircə qaz verilsə kənddə də şəhərdəki şərait olacaq.

"Böyük oğlum Türkiyədə təhsil alandan sonra qayıtmadı. Artıq orada ailə qurub, yaşayır. İki oğlum isə Azərbaycana köçüb.

Yayda hərdən gəlirlər kəndə, bir-birlərini görə bilirlər.

Biz olmadıqdan sonra bir də kim bilir, nə zaman görüşəcəklər", - Göycə Məmmədov gileylənir.


Göycə Məmmədov həyat yoldaşı Şamaxı ilə

Mənbə: BBC

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->