“Azercell Telekom” MMC elm və texnologiya sahəsində gənc biznesmenlər üçün yeni imkanlar yaradan proqrama start verir. Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda ideyalarını həyata keçirmək, ABŞ-da sahibkarlıq üzrə təlimlərə qatılmaq və nəhayət öz bizneslərini qurmaq üçün qrant əldə edirlər.
Elm və Texnologiya Sahibkarlığı Proqramı Azercell, Barama İnnovasiya Mərkəzi, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən reallaşdırılır. Ardıcıl olaraq ikinci ildir keçirilən proqramın əsas məqsədi sahibkarlığı təşviq etmək və ölkəmizdə texnologiya sahibkarlığını dəstəkləməkdir.
Layihə bir neçə mərhələdən ibarətdir. İlk olaraq proqrama qatılmaq istəyənlər informasiya texnologiyaları, mobil texnologiya və yaşıl (ekolojı) texnologiyalar sahəsində biznes ideyaların təqdim etməli və daha sonra seçilmiş layihə müəllifləri üçün təlim və seminarlarda iştirak etməlidirlər. Təlimlərdə onlara texnoloji ideyalara maliyyə dəstəyi qazanmağın yolları, biznes strategiyalar barədə biliklər təlqin edilir. Növbəti mərhələdə finala çıxan 6 layihə müəllifi ABŞ-ın Boston, San Fransisko, Los Anceles və Austin şəhərlərində təlimlərə qatılacaqlar. Sonuncu mərhələdə beynəlxalq hakimlərin də daxil olduğu münsiflər heyyəti tərəfindən seçilən 3 qalib komandaya öz biznes ideyasını reallaşdırmaq üçün başlanğıc qrant mükafatı təqdim ediləcəkdir.
Proqram haqqında əlavə məlumatı və müraciət formasını www.barama.az saytından əldə etmək mümkündür. Müraciətlər elektron variantda 7 aprel 2013-cü il tarixinədək qəbul olunur.
Şərhlər