Ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maarifləndirmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi ilə 11 - 15 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Kibertəhlükəsizlik həftəsi” keçirilir.
"Azercell Telekom” MMC-nin də fəal iştirak etdiyi "Kibertəhlükəsizlik Həftəsi” çərçivəsində fərqli qurumların dəstəyilə müxtəlif forum və tədbirlər, müsabiqələr təşkil olunur. Mart ayının 13-ü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə "Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib. Forum region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib. Tədbirdə "Regionun Kibertəhlükəsizlik Məsələləri”, "Kibertəhlükəsizliyin İnnovativ Həlləri”, "Uşaqlar üçün Təhlükəsiz İnternet” kimi mövzularda sessiyalar təşkil olunub. Hökumət, biznes və diplomatik korpusların səlahiyyətli nümayəndələri, elmi dairələrin və vətəndaş cəmiyyətinin, eləcə də internet ictimaiyyətinin mütəxəssislərinin çıxış etdiyi forumda "Azercell Telekom”MMC-nin Korporativ Ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya "Uşaqlar üçün təhlükəsiz internet” mövzusunda şirkətin həyata keçirdiyi layihələr barədə danışıb. Nigar Şıxlinskaya çıxışı zamanı ölkənin lider mobil operatoru olan Azercell şirkətinin kiber-təhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə həm texniki, həm də Korporativ Sosial Məsuliyyət siyasəti baxımından böyük diqqət ayırdığını bildirib.
Məlumat üçün bidilrək ki, "Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azercell tərəfindən uşaqlar, valideynlər və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq mart ayının 4-dən 7-nə kimi Şəmkirdə Azercell-in dəstəyi ilə "Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Daha bir təlim isə martın 11-də Gəncə şəhərində başlayıb. Martın 15-nə qədər davam edəcək təlimdə böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilir. Burada məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanır, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılır. Uşaqlar təhlükəsiz portallarla tanış edilir, onlara təhlükəsiz axtarış saytlarından istifadə qaydaları öyrədilir.
Qeyd edək ki, VI Regional İnternet İdarəçilik Forumunun (RİİF) əsas məqsədi daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internet tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün ideal platformadı.
Şərhlər